Məhkəmə qərarları › İş №3(011)-2473/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2473/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2473/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai Rayon İcra Şöbəsindən onun mobil telefonuna bildiriş gəlmişdir. xx.xx.2022ci il tarixdə həmin İcra Şöbəsinin icra məmuru Tural Rəhimova müraciət etmişdir. İcra məmuru ona AQTA tərəfindən inzibati qaydada cərimə olunduğunu bildirmişdir. Qərarın surətini rəsmi qaydada əldə etdikdən sonra ona məlum olmuşdur ki, o, AQTA tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № 11265035 saylı inzibati tənbeh vermə qərarına əsasən, qanunvericiliyə uyğun olaraq məcburi sertifkatlaşdırılmalı olan "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına idxal edilmiş ümumi çəkisi 66900 kiloqram olan kartof məhsulunu sertifkatlaşdırmadan satmışdır. Daha sonra isə AQTA tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № 11265035 saylı inzibati tənbeh vermə qərarından Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayətlə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə şikayət qismən təmin edilərək AQTA tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № 11265035 saylı inzibati tənbeh vermə qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün AQTA-ya göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-53/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından AQTA tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra AQTA yenidən işin baxılmasını təmin etmiş, lakin məhkəmə qərarlarında göstərilən xüsusatları nəzərə almadan, o cümlədən inzibati xətalar qanunverciliyinin tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai Rayon İcra Şöbəsindən onun mobil telefonuna bildiriş gəlmişdir. xx.xx.2022-ci il tarixdə həmin İcra Şöbəsinin icra məmuru Tural Rəhimova müraciət etmişdir. İcra məmuru ona AQTA tərəfindən inzibati qaydada cərimə olunduğunu bildirmişdir. Qərarın surətini rəsmi qaydada əldə etdikdən sonra ona məlum olmuşdur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 133-İX-22 №-li, xx.xx.2022-ci il tarixli qərarına əsasən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və materiallar aidiyyəti üzrə baxılması üçün AQTA-ya göndərilmişdir. O, AQTA tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № 11265035 saylı inzibati tənbeh vermə qərarına əsasən, qanunvericiliyə uyğun olaraq məcburi sertifkatlaşdırılmalı olan "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına idxal edilmiş ümumi çəkisi 66900 kiloqram olan kartof məhsulunu sertifkatlaşdırmadan satmışdır. Həmin inzibati tənbeh vermə qərarına əsasən X4 Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin, sözügedən inzibati tənbeh vermə qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün AQTA-ya göndərilməsi qərara alınmışdır. Məhkəmə AQTA-nın inzibati tənbeh vermə qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün göndərilməsini onunla əsaslandırmışdır ki, X3 "xxxx" MMC-də vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamış və onun qərar tərtib olunarkən vəzifəli şəxs olması, hansı vəzifəni icra etməsinin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan reyestrdən çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X2r. Beləliklə məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirinin olub-olmamasına dair məhkəmə qərarlarına əsasən belə qənaətə gəlinir ki, Elçin Rzayevin barəsində tərtib edilmiş inzibati tənbeh vermə qərarının ləğv edilərək işə yenidən baxılmasının qərara alınmasının səbəbi onun qərar tərtib olunarkən vəzifəli şəxs olması, hansı vəzifəni icra etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, Elçin Rzayevin "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olması, onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olması və onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olması, o cümlədən sadalanan vəzifəli şəxs tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində "xxxx" MMC-nin işçisi olması müəyyən edilməmişdir. Odur ki, məhkəmə qərarlarında qeyd olunanlar pozuntular aradan qaldırmadan, yuxarıda sadalanan məsələlər aydınlaşdırılmadan, yəni Elçin Rzayev və "xxxx" MMC arasında olan hüquqi münasibət (AR İXM-nin 18.2-ci maddəsinin təsir dairəsinə düşüb-düşməməsi) araşdırılmadan yenidən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 18.2-ci maddəsinə əsasən: Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Bundan əlavə iş materiallarından o da müəyyən edilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 133-İX-22 №-li, xx.xx.2022-ci il tarixli qərarına əsasən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və materiallar aidiyyəti üzrə baxılması üçün AQTA-ya göndərilmişdir. Odur ki, dövlət orqanı tərəfindən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hal aşkar edilmiş, inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması qənaətinə gəlinərək, inzibati xəta haqqında icraat başlanmışdır. Belə olan halda isə birmənalı və mübahisəsiz şəkildə müəyyən edilir ki, dövlət orqanı tərəfindən Elçin Rzayevin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini hesab etdiyi gün (tarix) xx.xx.2022-ci il tarixli qərarın qəbul edildiyi tarixdən gec ola bilməz. Lakin, buna baxmayaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikasının İXM-nin 38.1 və 53.1.6-cı maddələrinin tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 134 və 135 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar