Məhkəmə qərarları › İş №3(011)-248/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-248/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-248/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqından materialdan görünür ki, Şəxs 26.01.2022-ci il tarixdə 08:20 radələrində Xətai rayonu, Y.Səfərov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində xidməti vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi Rasib Əliyev tərəfindən 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 26.01.2022-ci il tarixdə 08:20 radələrində Xətai rayonu, Y.Səfərov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində idarə etdiyi nəqliyyat vasitəsini polis əməkşadının göstərişinə əsasən saxlamışdır. Polis əməkdaşı X1 göstərişinə əsasən digər polis əməkdaşı X2 tərəfindən barəsində protokol tərtib edilmişdir. Daha sonra sadəcə “adamda vicdan olar” ifadəsi işlətdiyi üçün polis əməkdaşları onları təhqir etdiyini irəli sürərək hərəkətinə icazə verməmişlər. Övladını məktəbə aparmağı bildirməsinə baxmayaraq onu orada 30 dəqiqə gözlətmişlər, bundan sonra polis əməkdaşı X2 onun maşınına əyləşdikdən sonra övadını 08:50-də məktəbə aparmağa icazə verilmişdir. Polis əməkdaşlarını təhqir etmədiyini, İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü taqım komandiri X3 ifadəsində göstərmişdir ki, 26.01.2022-ci il tarixdə 08:20 radələrində Xətai rayonu, Y.Səfərov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində xidmətdə olarkən “Mercedes Benz” markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil 3.1 yol nişanının tələbini pozaraq hərəkətin əksinə hərəkət etmiş, əvvəlcə patrul maşınında onu bir neçə dəfə qanunu pozmamağa çağırmışlar. Qarşıda həmin nəqliyyat vasitəsini saxlayaraq inspektor X2 həmin sürücüyə yaxınlaşmışdır. İnspektora göstəriş vermişdir ki, qanuni tədbir görsün. Bu zaman sürücü əsəbiləşib ucadan danışaraq ictimai qaydanı pozmuşdur. O, dəfələrlə sürücünü qanuna hörmətlə yanaşmağa, ictimai qaydaya əməl etməyə çağırsa da, sürücü öz əməllərini davam etdirmişdir. Onu polis bölməsinə dəvət etdikdə yenidən polisin qanuni tələblərinə əməl etməyərək bölməyə getməkdən imtina etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü inspektor X2 digər şahid X1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş, Şəxs xidməti vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə əməl etməməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını, şahidlərin ifadəsini, videogörüntünü və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə inzibati xəta törədən Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb məhkəmə hesab edir ki, Şəxs cərimə tədbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar