Məhkəmə qərarları › İş №3(011)-2492/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2492/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2492/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Şəxs MMC-nin etibarnamə üzrə səaliyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən daxil olmuş 05 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq Şəxs MMC tərəfindən daxili nəzarət sistemi tətbiq edilməmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin səaliyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəxs MMC tərəfindən mühasibat uçotu və vergilər üzrə məsləhətlərin verilməsi fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Müştəri hüquqi şəxs olduqda müştəri ilə müqavilə bağlanmamışdan öncə müştərilərə təqdim edilmiş anket formasında qeyd edilmiş (müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə dair Qaydaların 2-ci maddəsinin 2.1.4-cü bəndinə əsasən hazırlanmış) suallara müştəri tərəfindən verilmiş cavablar təhlil edilməklə müştərilərin eyniləşdirilməsi aparılır. Fiziki şəxslərə xidmət göstərmirlər, müştəriləri sıralarından heç bir fiziki şəxs yoxdur. Müştərinin VÖEN-ə əsasən Dövlət Vergi Xidmətinin elektron portalı vasitəsilə riskli vergi ödəyicisi olub-olmadığı müəyyən edilir, anket məlumatlarına və onların hüquqi qeydiyyat sənədlərinə əsasən verifikasiya tədbirləri həyata keçirilir. Eyni zamanda müəssisə rəhbərinin məhkumluq haqqında arayışı da tələb olunur. Müştərilərin eyniləşdirilməsi ilə bağlı sənədlər ən azı 5 il müddətinə saxlanılır. Müştərilərin pul vəsaitləri və digər əmlakları ilə bağlı heç bir əməliyyat aparılmadığına görə sənədlər mövcud deyil. Hazırkı tarixədək maliyyə monitorinqi orqanı tərəfindən hər-hansı yazılı göstəriş və ya müraciət daxil olmamışdır. Filial və törəmə hüquqi şəxs mövcud deyil. Müştərinin qiymətləndirilməsi anketinə əsasən yeni müştərilər cəlb olunur və yalnız müştəri identifikasiyasından sonra müştərilərlə müqavilə imzalanır və xidmət göstərilməsinə başlanılır. Həmçinin daxili nəzarət proqramı çərçivəsində məsul şəxs təyin edilmişdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması ilə əlaqədar şirkətdaxili prosedur vardır. Müştərilərin eyniləşdirilməsi ilə əlaqədar şirkət daxilində mərkəzləşdirilmiş arxiv qovluğu mövcuddur. Hər bir müştəri üzrə ayrıca məlumat qovluqları təşkil olunmuşdur. Hər bir müştərinin məlumatlarının və qovluqlarının məxfiliyini qoruyur. Şirkət olaraq hər bir müştəriyə xidmət göstərilməyə başlamadan əvvəl müvafiq olaraq məxfilik müqavilələri bağlanılır. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə maarifləndirmə təlimləri keçirilmişdir. Şirkət tərəfindən daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısına dair əməliyyatlar aparılmamış və bu cür əməliyyatların aparılmasında iştirak etməmişdir. Qanunla tələb edilən qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq edilməlisinin səmərəliyini yoxlayan daxili audit mexanizmi yaradılmışdır.Şirkətə işə qəbul zamanı namizədlərdən məhkumluq haqqında arayış tələb olunur, habelə iş qəbul proseduruna əsasən namizədlər müxtəlif yoxlama mərhələlərində keçirilir. Odur ki, inzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan 05 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq Şəxs MMC tərəfindən daxili nəzarət sistemi tətbiq edilməmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən (yoxlayıcı orqan) Şəxs MMC-nin (yoxlanılan subyekt) vergi qanunvericiliyinin tələblərinə əməl etməsi xx.xx.2023-xx.xx.2023-cü il tarixlər intervalında yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********171273 №-li, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədilə iyun xx.xx.2020-xx.xx.2023-cü il dövrü üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında **********223200 №-li, xx.xx.2023-cü il tarixli tələbnamədən və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********950000 №-li, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1-“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti, 2-müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, 3-müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, 4-nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, 5-habelə notarial qaydada təsdiq edilmiş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri, 6-məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, 7-pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və.s), 8cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 11.2 və 11.3-cü maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri, 9-həmin Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət proqramı çərçivəsinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və.s) müvafiq qaydada təsdiq edilmiş surətləri, 10-nəzarət orqanı tərəfindən öhdəlik daşıyan şəxsə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətlərinin götürülməsi qərara alınmış və Şəxs MMC-dən tələb edilmişdir. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********971100 №-li, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 1- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun icrası ilə bağlı DVX tərəfindən təqdim edilmiş suallar üzrə müəssisə rəhbəri və məsul şəxsin izahat, habelə onların şəxsiyyət vəsiqələrinin surətləri, 2-müştərlərin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (nizamnamə, çıxarış, VÖEN şəhadətnaməsi, qanuni təmsilçinin və təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlər, müştərilərlə imzalanmış xidmət müqavilələri), 3-məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, 4-pul vəsaitləri və digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar, 5-cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 11.2 və 11.3-cü maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri, 6-həmin Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət proqramı çərçivəsinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və.s) müvafiq qaydada təsdiq edilmiş surətləri, 7-nəzarət orqanı tərəfindən öhdəlik daşıyan şəxsə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri və öhdəlik daşıyan şəxs tərəfindən həmin Qanunun tətbiqi ilə bağlı əlavə məlumatlar və sənədlər Şəxs MMC tərəfindən DVX-yə təhvil verilmişdir. İş materiallarında olan nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair **********989600 №-li, xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Şəxs MMC yoxlama ilə əhatə olunan dövrdə mühasibat uçotu və vergilər üzrə məsləhət verilməsi ilə fəaliyyət növü (FNK: 69201) ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş araryışa əsasən yoxlama ilə əhatə olunan dövrdə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərini pozaraq məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 12.1.8-ci maddəsinə əsasən monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsini nəzərdə tutmuşdur. Həmin Qanununun 5.4-cü maddəsinə görə monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. İXM-nin 598.1.3-cü maddəsinə əsasən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsi, yaxud tam tətbiq edilməməsi inzibati məsuliyyətə səbəb olur. Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2010-cu il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair” Tələblərin 6-cı bəndinə əsasən məsul şəxsin peşə ixtisasına və təcrübəsinə dair müəyyən edilmiş tələblər gözlənilməlidir. Tələblərin 9-cu bəndinə görə monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və.s) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməlidir. Lakin, nəzarət olunan subyekt qanunun tələblərini pozaraq məsul şəxs təyin edilməsi barədə qərarın bir surətini Maliyyə Monitorinqi Xidmətinə təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Cəmiyyətin müşavir vəzifəsində işləyən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət proqramı çərçivəsində məsul şəxs - X4 təyin edilmişdir. Məsul şəxs olmadıqda onu əvəz edən şəxs kimi X2 müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq yoxlama ilə əhatə olunan dövrdə Maliyyə Monitorinqi Xidmətinə heç bir sənəd göndərilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsinin izahatı, iş materiallarında olan sübutlar tam, hərtərəfli və obyektiv araşdırılaraq, o cümlədən məcmu halında qiymətləndirilərək müəyyən edilmişdir:

1. İlk öncə qeyd edilməli xüsusat ondan ibarətdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən daxil olmuş 05 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarında olan digər sənədlərə əsasən, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozularaq Şəxs MMC tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsi göstərilmişdir. Belə ki, sözügedən inzibati xəta (daxili nəzərət proqramanın tətbiq edilməməsi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində təsbit edilmişdir. Lakin, inzibati xəta haqqında protokolda hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə istinad edilmişdir. Digər xüsusat isə ondan ibarətdir ki, işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs MMC “qeyri-maliyyə institutları və peşə sahiblərinin” dairəsinə düşür. Lakin, sadalanan inzibati xətaların tərkib elementlərindən olan subyekt qismində isə maliyyə institutları çıxış edir.

2. Səyyar vergi yoxlanılması aparlarkən və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs MMC-nin öhdəlik daşıyan şəxs kimi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutu və ya qeyri-maliyyə institutu və peşə sahibi olması müəyyən edilməmişdir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.9-cü maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri mənasını ifadə edir. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən, bu Qanunun tələbləri mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslərə münasibətdə daşınmaz əmlakın alqı-satqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısına dair əməliyyatlar apardıqda və bu cür əməliyyatların aparılmasında iştirak etdikdə tətbiq olunur.

3. İş materiallarında olan sənədlərdən görünür ki, hazırkı iş üzrə inzibati xətanın əlamətləri səyyar vergi yoxlaması zamanı aşkar edilmişdir. İş materiallarında olan yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında **********223200 №-li, xx.xx.2023-cü il tarixli tələbnamədə və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********950000 №-li, xx.xx.2023cü il tarixli qərarda tələb olunan sənədlərin siyahısında hüquqi şəxsin maliyyə institutuna və ya qeyri-maliyyə institutuna aid edilməsini müəyyən etmək məqsədilə müvafiq sənədlər tələb edilməmiş, habelə daşınmaz əmlakın alqısatqısı, müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması, müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması, hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısına dair əməliyyatlar aparması və bu cür əməliyyatların aparılmasında iştirak etməsi ilə bağlı sənədlər tələb edilməmişdir. Müvafiq sənədlər sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********971100 №-li, xx.xx.2023-cü il tarixli protokola əsasən müəyyən edilir ki, Şəxs MMC tərəfindən vergi orqanına təhvil verilmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, vergi orqanın öz mülahizəsi əsasında Şəxs MMC-ni maliyyə institutu kimi müəyyən etmişdir.

4. Məhkəmə iclasında nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair **********989600 №-li, xx.xx.2023-cü il tarixli Akt tədqiq edilərkən müəyyən edilmişdir ki, vergi orqanı qüvvəsini itirmiş qanunvericilik aktlarının (10 fevral 2009-cu il tarixli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2010-cu il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair” Tələbləri) müvafiq maddə və normalarına istinad edərək əsaslanma aparmışdır. Lakin, bundan asılı olmayaraq hazır iş üzrə inzibati xəta tərkibinin olması və ya inzibati xəta haqqında icraatı rədd edən halın mövcudluğu məsələsini həll edərkən məhkəmə tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Belə ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 598-ci maddəsi yeni redaksiyada verilmişdir. Qüvvəsini itirmiş, əvvəlki redaksiyada olan 598.1.3-cü maddə isə daxili nəzarət sisteminin tətbiq edilməməsi ilə inzibati xəta tərkibi nəzərdə tutulmuşdur. Bu səbəbdən vergi orqanı inzibati xəta haqqında protokolu, o cümlədən hazırkı aktı tərtib edərkən kobud pozuntu edərək yanlışlıqlara yol vermişdir. Hazırda qüvvədə olan Məcəllənin 598-ci maddəsinin digər bəndində daxili nəzarət proqramının (tam) tətbiq edilməməsi nəzərdə tutulsa da, vergi orqanı inzibati xəta haqqında protokolu tərtib edərkən əvvəlki redaksiyada olan normanı rəhbər tutmuş və sübutları da həmin xətanın əlamətlərinə uyğun toplamışdır. Bundan əlavə, vergi orqanının istina etdiyi Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin xx.xx.2010-cu il tarixli 002 nömrəli Qərarı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 277 nömrəli qərarı ilə ləğv edilmişdir. Məsul şəxsin təyin edilməsi barədə əmrin maliyyə monitorinqi orqanına təqdim edilməsi, ümumilikdə isə daxili nəzərat proqramının tətbiq edilməsi ilə əlaqədar məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanının 3.1.10-cu bəndinə əsasən öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-6/2023 №-li, xx.xx.2023-cü il tarixli öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblərinin 3.2.1-ci bəndinə əsasən, öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Aktda Şəxs MMC-nin məsul şəxs təyin edilməsi barədə əmrin MMX-yə göndərilməməsi göstərilsə də, vergi orqanı bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, daxili nəzarət proqramının tətbiq ediməməsi və ya tam tətbiq edilməməsi ilə əlaqədar vergi orqanı tərəfindən daxili qayda və prosedurların, nəzarət mexanizmləri və onların inkişaf planlarına dair tələblərin, komplayens sistemi və məsul şəxsə dair tələblərin, işəgötürmə prosesi və işçilərə təlimlərin keçirilməsinə dair tələblərin və müstəqil audit mexanizminə dair tələblərin pozulması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, bununla yanaşı həmin tələblərin pozulması da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 598.1.2-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 598.1.3-cü maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 783- VİQD №-li, 30 dekabr 2022-ci il tarixli Qanunun 01 fevral 2023-cü il tarixdə qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin qüvvədə olan redaksiyasına əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Normada nəzərdə tutulan 767-İİİQ saylı, 10 fevral 2009-cu il tarixli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu 781-VİQ №-li, 30 dekabr 2022-ci il tarixli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunu ilə ləğv edilmişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib etmiş vergi orqanı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 783-VİQD №-li, 30 dekabr 2022-ci il tarixli Qanunun 01 fevral 2023-cü il tarixdə qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin qüvvədə olan redaksiyasında müəyyən edilmiş inzibati xətanın törədilməsini rəhbər tutaraq inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 783- VİQD №-li, 30 dekabr 2022-ci il tarixli Qanunun 01 fevral 2023-cü il tarixdə qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin qüvvədə olan redaksiyasında müəyyən edilmiş inzibati xətanın törədilməsini rəhbər tutularaq baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadiəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 53, 105, 76, 114 və 115 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 783-VİQD №-li, 30 dekabr 2022-ci il tarixli Qanunun 01 fevral 2023-cü il tarixdə qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsinin qüvvədə olan redaksiyasında müəyyən edilmiş inzibati xətanın törədilməsi rəhbər tutularaq baxılması üçün məhkəməyə göndərilmiş Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar