Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-250/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edəərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən barəsindədə tərtib edilmiş xx.xx.2022-ci il tarixdə inzibati araşdırmanın nəticəsi kimi MN ******* saylı protokol asasında xx.xx.2022-ci il MN ******* nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 233.1-ci maddəsinə əsasən inzibati qaydada cərimə edilərək 2500 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin 1500 manat dəbbə hesablanmışdır. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz olduğundan ləğv edilməlidir. İlk öncə qeyd etmək istəyir ki, protokol tərtib olunarkən onun iştirakı təmin olumamış, hüquq və vəzifələri ona izah olunmamışdır. Lakin protokolda qeyd edilmişdir ki, güya o həmin protokolu imzalamaqdan imtina etmişdir. Həmçinin qeyd edilmişdir ki, güya ətraf mühitə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olmasının müəyyən edilməsi üçün ölçmə işləri aparılarkən iştirak etsə də imza etməkdən va protokolun surətini almaqdan imtina etmişdir. Lakin qeyd etdiyi kimi o ümumiyyətlə bu protokoldan va qərardan məlumatsız olmuş və onların tərtibatı zamanı iştirak etməmişdir. Bundan başqa həmin faktı təsdiq edən fakt kimi xx.xx.2022-ci il tarixli monitorinq aktına istinad edilmişdir. Necə olur ki, monitorinq xx.xx.2022-ci il tarixdə aparılır, akt tərtib olunur, lakin 05 iyul 2022ci il tarixli protokolda o ətraf mühitə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olmasının müəyyən edilməsi üçün ölçmə işləri aparılarkən iştirak etsə də imza etməkdən və protokolun surətini almaqdan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun iştirakı olmadan qanunsuz yoxlama aparılmış, ona məlumat verilməmiş, barəsində tərtib edilmiş protokol və qərar ona göndərilməmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, qəbul edilmiş protokol qanunverciliyin əsaslarına uyğun olmayaraq tərtib edilmişdir. Belə ki, monitorinq aktında qazın miqdarının normadan artıq olması xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilməsi bildirilsə də, lakin protokolda və qərarda bu müddəlar əks olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şikayət ərizəsində qərarın nömrəsi yalnışlıqla MN0482221 olaraq qeyd edilmişdir. Həmin qərarın nömrəsinin MN1288162 olaraq qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 bildirmişdir ki, X5 barəsində tərtib edilmiş qərar qanuni hesab olunmalıdır. Belə ki, xüsusi texniki vasitə hesab olunan ANKAT 7664 mikro cihazının sertifikasiyasını təqdim edərək, cihazın müəyyən etdiyi göstəricinin doğru olmasını bildirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 iyul 2022-ci il tarixli, MN1288162 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokola baxaraq “Çıraq Palas” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin artıq olması nəticəsində X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətmişdir. 20 iyun 2022-ci il tarixli, 0270 nömrəli Monitorinq aktından görünür ki, “Çıraq Palas” şadlıq sarayının ətraf ərazilərə zərərli qaz miqdarı ANKAT 7664 mikro cihazı vasitəsilə yoxlama aparılmış və CO-5.3 mq/m3 müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, OMS K 01949 nömrəli sertifikatdan görünür ki, növbəti kalibrləmə tarixi xx.xx.2022-ci il tarixədəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. 76-ci maddəsinin tələblərinə görə inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 81-ci maddəsinin tələblərinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100-cü maddəsinin tələblərinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 10.8-ci maddəsinə əsasən lçmə vasitələrinin dövlət reyestrinə daxil edilməmiş ölçmə vasitələrinin istismarı qadağandır. Beləliklə, məhkəmə araşdırması zamanı X6 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 198 №-li qərarında qeyd edilir: Müəyyən edilsin ki, atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri üçün texniki normativlər qüvvədə olan standartlar və təlimatlar ilə, atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativləri isə Azərbaycan Respublikasının üzv olduğu MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası tərəfindən təsdiq olunmuş standartlarla tənzimlənir, müvafiq standartlar olmadıqda isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi texniki normativlərdən istifadə edilir. Yuxarıda adı çəkilən sənədlərdən göründüyü kimi, Təbii Sərvətlər Nazirliyi X9 Departamenti tədqiqat apararkən yol verilən qatılıq həddi keçmiş SSSR-nin Hidrometeorologiya üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “РД 52.04.186-89 Руководство по контролю загрязнения атмосферы” adlı sənəddən götürülmüşdür. Belə ki, yoxlayıcı orqan tərəfindən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunduğu halda onun göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar nə inzibati xəta haqqında protokolda nədə ki, yoxlama zamanı tərtib edilmiş digər hər hansı bir sənəddə qanunvericiliyin tələblərinə uyğun tam şəkildə göstərilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün mütləq şəkildə ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması halı sübut ediməlidir. Həmçinin nəzərə alınmalıdır ki, həmin inzibati xətanın baş verməsini təsdiq edən, sübut edən bu mühüm halı yalnız xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilə biləlr. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin xüsusi texniki vasitənin göstəriciləri sübut kimi qəbul edilə və onun əsasında inzibati tənbeh tətbiq edilə bilməz. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, X4 məxsus sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410- İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir, həmin qanunun tətbiqi 2023-ci ilin yanvar ayının 1-dək dayandırılmasına baxmayarq bir sıra yoxlayıcı funksiyası olan orqanlara bu şamil edilmir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada qeyd edilməmişdir. Belə olan halda hazırkı iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci il tarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektndə yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yoxlayıcı orqan tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməklə aparıldığından bu cür yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Belə ki, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş 19 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində qəbul edilmiş 19 iyul 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-250/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-250/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver