Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2505/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-01418/23 saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X4 tərəfindən **********5637 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində X3 Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə milli valyutaya nisbətdə 2020,60 (iki min iyirmi manat altmış qəpik) manat təşkil edən, 1188,59 (bir min yüz səksən səkkiz dollar əlli doqquz sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyutaya nisbətdə 2020,60 (iki min iyirmi manat altmış qəpik) manat təşkil edən, 1188,59 (bir min yüz səksən səkkiz dollar əlli doqquz sent) ABŞ dollarının 45 faizi məbləğində, yəni 909, 27 (doqquz yüz doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə edilmişdir. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. İş üzrə materiallardan göründüyü kimi X4 tərəfindən **********5637 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “1 ədəd velosiped yarışları üçün pnevmatik başlanğıc qapısı” yükü xx.xx.2020-ci il tarixində konsiqnasiya yolu ilə ixrac edilmişdir. Odur ki, inzibati xəta hadisəsi malların konsiqnasiya yolu ilə ixrac edildiyi gündən 180 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə törədilmişdir. Beləliklə, hüquqpozmanın baş verdiyi tarix xx.xx.2021ci il tarixdir. Tarixdən də bəlli olduğu kimi hadisənin üzərindən 1 ildən artıq müddət keçmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunaraq Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan görünür ki, 01 iyun 2023-cü il tarixdə Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavini, gömrük xidmət mayoru X6 tərəfindən vəzifəli şəxs X4 barəsində toplanılmış material üzrə inzibati xəta tərkibinin mövcudluğunu göstərən kifayət qədər məlumatlar mövcud olduğundan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00100-01418/23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. 07 iyun 2023-cü il tarixdə vəzifəli şəxs X4 barəsində inzibati araşdırma başa çatdığından Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, vəzifəli şəxs X4 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyutaya nisbətdə 2020,60 (iki min iyirmi manat altmış qəpik) manat təşkil edən, 1188,59 (bir min yüz səksən səkkiz dollar əlli doqquz sent) ABŞ dollarının 45 faizi həddində, yəni 909, 27 (doqquz yüz doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şikayət verən şəxsin izahatını, o cümlədən iş materiallarında olan sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə vəzifəli şəxs X2 fəaliyyəti ilə əlaqədar Özbəkistan Respublikası Cizak şəhərində fəaliyyət göstərən “JİZZAX VELO PARK” şirkəti ilə bağlanmış müqavilə əsasında 1 ədəd “maşınlar və mexaniki qurğular” yükü malın dəyəri sonradan ödənilmək şərti ilə 1188.59 ABŞ dolları qiymətinə sataraq xx.xx.2020-ci il tarixli Bakı Baş Gömrük İdarəsində **********5637 sorğu №-li gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə, gömrük bəyannaməsinin 37-ci qrafasında malların “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Özbəkistan Respublikası Cizak şəhərində fəaliyyət göstərən “JİZZAX VELO PARK” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 №-li fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********5637 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 2020.60 manat təşkil edən 1188.59 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Həmçinin, o da müəyyən edilir ki, inzibati xəta hadisəsi faktı gömrük əməliyyatları şöbəsinin 34/012/012640 №-li raportu əsasında 06 may 2023-cü il tarixdə aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarına əsasən, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli Qərarına əsasən, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Yuxarıda sadalananlardan göründüyü kimi, X3 inzibati xətanın törədilməsində təqsiri müəyyən edilmişdir. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə hissəsində isə məhkəmə onu da xüsusilə qeyd edir ki, hazırkı iş üzrə inzibati xəta (İXM 483) gömrük qaydaları əleyhinə inzibati xəta olmaqla yanaşı, uzanan xətadır. İnzibati xətanın başa çatma anı isə X4 (subyektin özü) tərəfindən dayandırılmamış, yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması xx.xx.2023-cü il tarixədək təmin edilməmiş, yalnız kənardan müdaxilə nəticəsində, yəni gömrük əməliyyatları şöbəsinin 34/012/012640 №-li raportu əsasında 06 may 2023-cü il tarixdə aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01364 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2505/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2505/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver