Məhkəmə qərarları › İş №3(011)-2517/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2517/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2517/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 22607157 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 22607157 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 3(011)- 6490/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş şikayət qismən təmin edilmiş, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 26 iyul 2024-cü il tarixli EQ 22607157 saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 27 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Lakin DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli elektron qərarı ilə EQ 22607157 saylı protokol yenidən qüvvəyə minmişdir. Hesab edir ki, protokol qanunsuz və əsassızdır, heç bir araşdırılma aparılmadan yenidən inzibati xəta haqqında protokol qüvvəyə minmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə istifadəsində olan “VAZ 21214” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Xudu Məmmədov küçəsindən Gəncə prospektinə daxil olduqda ictimai nəqliyyat vasitəsi üçün ayrılmış zolağa daxil olma qadağandır yol hərəkəti nişanını görüb oranı tərk etmək istərkən qanunun tələbini pozmamaq üçün irəliləyib qarşıda qırıq xətti görüb zolağı tərk etmişdir. Ona görə də şikayətin tam təmin edilməsini, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bildirmiş, bu səbəbdən də həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 26 iyul 2024-cü il tarixli, EQ 22607157 protokol əsasında qəbul edilmiş 27 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli 3(011)-5490/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Daha sonra DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 22607157 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayətçi tərəfindən həmin yolun videogörüntüsünü əks etdirən disk məhkəməyə təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şikayətçinin şikayəti əsasında protokol yenidən araşdırılması üçün göndərildikdə eyni məzmunlu qərar qəbul edilmişdir. Məhkəmədə işə baxılan zaman şikayətçi tərəfindən inzibati xətanın baş verdiyi yolun videogörüntüsü məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilmişdir. Videogörüntüdən müəyyən edilir ki, avtomobil yolu döndükdən sonra birbaşa ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmuşdur. Bu zolaqdan çıxış dərhal döngədən sonra olan qırıq-qırıq xətti keçdikdən sonra mümkündür. Lakin həmin yolda belə bir manevr edilərsə hərəkət vəziyyətində olan nəqliyyat vasitələrinə münasibətdə qəzalı şərait yarana bilər. Odur ki, məhkəmə hesab edir ki, istinad edilən yolda işarələnmə düzgün aparılmamışdır və hazırkı iş üzrə şikayətçi yolda təhlükəli vəziyyət yaratmamaq üçün bir müddət qadağan olunmuş zolaqla hərəkət etdikdən sonra növbəti qırıq-qırıq xətt aşkar etdikdən sonra həmin yolu tərt etməkdə haqlı olmuşdur. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, qərarın daha öncə ləğv edilib yenidən araşdırılması üçün göndərilməsi fərqli nəticə vermədiyindən, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 22607157 inzibati xəta haqqında elektron qərardan X3 verdiyi şikayəti təmin edilməli, barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 22607157 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 22607157 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar