Məhkəmə qərarları › İş №3(011)-2519/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2519/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2519/2025 07.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1964-cü ildə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qazax rayonu, Yuxarı Salahlı Ərazi Dairəsi, Yuxarı Salahlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 05 aprel 2025-ci il tarixli, MN seriyalı ******* protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:06 radələrində Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən “Neptun” marketdən 41 manat dəyərində “Bulbash” markalı araq oğurlamışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 16:00 radələrində Xətai rayonu, Nəcəfqulu Rəfiyev 20 ünvanında “Neptun supermarket”də maddi vəziyyəti pis olduğu üçün bir şüşə “Bulbash” markalı arağı götürmüşdür. Lakin bu hal aşkar olunduqda dərhal arağı qaytarmışdır. Beləliklə o, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Elnur Abdullayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə işinin başlanılması rədd olunmuş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təqdim edilməsi qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 05 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:06 radələrində Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən “Neptun” marketdən 41 manat dəyərində “Bulbash” markalı arağı oğurladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, “Neptun” marketdə baş vermiş oğurluq faktı üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır; 05 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1520/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-870/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini və ağırlaşdıran hal kimi il ərzində təkrar inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «05» aprel 2024-cü il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «05» aprel 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar