Məhkəmə qərarları › İş №3(011)-252/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-252/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-252/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X1 vəkili X2 iştirakı ilə, «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X5 tərəfindən Bakı İnzibati Məhkəməsinin MXMT(112)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə "xxxx" MMC-yə məxsus istixananın qazla təmin edilməsi həyata keçirilməmişdir. Bununlada, «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X1 vəkili X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsassız və qanunsuz olaraq tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(102)-16/22 saylı qərarına əsasən ərizə mümkün sayılmamaqla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, MXMT(103)-91/2021 saylı qərarı ləğv edilmişdir. Odur ki, o, hal-hazırda sözügedən icra sənədinin ləğv olunmasını əsas gətirərək hüquqlarını müdafiə etdiyi «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin və tələbkar hüquqi şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin və tələbkar hüquqi şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X5 tərəfindən Bakı İnzibati Məhkəməsinin MXMT(112)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə "xxxx" MMC-yə məxsus istixananın qazla təmin edilməsi həyata keçirilməmişdir; Bakı İnzibati Məhkəməsinin MXMT(112)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" MMC-yə məxsus Bakı şəhəri, X4 sovxozunun ərazisində yerləşən, ümumi ərazisi 3,7231 ha olan obyektdə kənd təsərrüfatı məhsullarının istixanasının qazla təmin olunması vəzifəsi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərinə qoyulmuşdur; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu «Azəriqaz» İstehsalat Birliyinə göndərilmişdir; xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu «Azəriqaz» İstehsalat Birliyi Bakı İnzibati Məhkəməsinin MXMT(112)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü olaraq icra etmədiyi təqdirdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-252/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, MXMT(103)-91/2021 saylı qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin MXMT(112)- 311/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(102)-16/22 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ərizə mümkün sayılmamaqla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, MXMT(103)- 91/2021 saylı qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X5 tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin icra edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımi zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin MXMT(112)- 311/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək "xxxx" MMC-yə məxsus Bakı şəhəri, X4 sovxozunun ərazisində yerləşən, ümumi ərazisi 3,7231 ha olan obyektdə kənd təsərrüfatı məhsullarının istixanasının qazla təmin olunması vəzifəsi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin üzərinə qoyulmuşdur. Lakin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(102)-16/22 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ərizə mümkün sayılmamaqla Bakı İnzibati Məhkəməsinin MXMT(112)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını dəyişdirilmədən qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, MXMT(103)-91/2021 saylı qərarı ləğv edilmişdir. Bununla da, “Azəriqaz” İstehsalat Birliyinin üzərinə qoyulmuş "xxxx" MMC-yə məxsus Bakı şəhəri, X4 sovxozunun ərazisində yerləşən, ümumi ərazisi 3,7231 ha olan obyektdə kənd təsərrüfatı məhsullarının istixanasının qazla təmin olunması vəzifəsinin icra edilməsi zərurəti aradan qalxmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədi ləğv olunduğundan borclu «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X5 tərəfindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs «Azəriqaz» İstehsalat Birliyinin sədr müavini X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan vəzifəli şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar