Məhkəmə qərarları › İş №3(011)-2526/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2526/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2526/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş EQ/20707220 saylı qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində idarə etdiyi **-SU-*** dövlət nişanlı “Kia” markalı avtomobili Ziya Bündayov prospektində vergilər idarəsi qarşısında avtomobil xarab olduğuna görə park etmişdir. Avtomobili işə salmaq üçün müəyyən tədbirlər görmək üçün avtomobildən uzaqlaşmalı olmuş və bu vaxt ərzində İXM-nin 346.1-ci maddəsi ilə cərimələnmə barəsində xəbər almışdır. Protokol araşdırılmadan tərtib olunmuşdur və ləğv olunmalıdır. Məhkəməyə müraciət edərək işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qərarı ləğv edərək işi qaytarmış DYP idarəsinə, lakin növbəti dəfə DYP idarəsində sübutları ilə razılaşmadan yeni qərar qəbul olunmuşdur. Məhkəmə iclasında X2 bildirmişdir ki, həmin tarixdə onun idarə etdiyi nəqliyyat vasitəsində olan texniki nasazlıqlara görə məcbur qalıb avtomobili dayandırmışdır. Belə ki, səhər saatlarında avtomobilin mühərriki işə düşmədiyindən o, nəqliyyat vasitəsini dayandırmış və bir neçə saat avtomobilin təmiri ilə məşğul olmuşdur. O, nəqliyyat vasitəsini həmin ərazidən çəkmək üçün telefon vasitəsilə kömək istəmiş və həmin danışıqların olduğu səs yazısı da mövcuddur. Lakin nəqliyyat vasitəsinin ondan asılı olmayan səbəblərdən dayandırılması nəzərə alınmadan barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki o, göstərilənlərə əsasən şikayət ərizəsinin təmin olunmasını, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 xx.xx.2024cü il tarixdə, saat 14:04-də “Kia Picanto minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 (iyirmi) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli 3(011)-1558/2024 saylı qərarından görünür ki, X7 tərəfindən verilmiş şikayət təmin edilmiş, EQ 20707220 saylı 22 aprel 2024-cü il tarixli qərar ləğv edilmişdir. X4 məhkəməyə təqdim etdiyi səs yazısına baxış keçirdikdə müəyyən olmuşdur ki, şikayətçi nəqliyyat vasitəsinin xarab olması və həmin ərazidən çəkilməsi barədə telefon vasitəsilə digər şəxsə məlumat verir. X4 məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, ona məxsus avtomobil xarab olmuşdur və o akkumulyatorun dəyişdirilməsi yönündə müəyyən hərəkətlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 nəqliyyat vasitəsilə dayanma və ya durma qaydalarını pozması göstərilmiş və o, Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovniki X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən X4 xx.xx.2024-cü il tarixdə, saat 14:04-də “Kia Picanto minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X7 izahat verərək bildirmişdir ki, həmin tarixdə onun idarə etdiyi nəqliyyat vasitəsində olan texniki nasazlıqlara görə məcbur qalıb avtomobili dayandırmışdır. Belə ki, səhər saatlarında avtomobilin mühərriki işə düşmədiyindən o, nəqliyyat vasitəsini dayandırmış və bir neçə saat avtomobilin təmiri ilə məşğul olmuşdur. O, nəqliyyat vasitəsini həmin ərazidən çəkmək üçün telefon vasitəsilə kömək istəmiş və həmin danışıqların olduğu səs yazısı da mövcuddur. Lakin nəqliyyat vasitəsinin ondan asılı olmayan səbəblərdən dayandırılması nəzərə alınmadan barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 30-cu bəndinə əsasən məcburi dayanma — texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır Həmin Qanunun 52-ci maddəsinin Vİİ hissəsinə əsasən dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. Məhkəməyə təqdim olunmuş fotoşəkildən və “CD-R” formatlı diskdə olan məlumatlardan görünür ki, X7 nəqliyyat vasitəsində olan nasazlığa görə məcburi qaydada avtomobilini dayandırmış və nəqliyyat vasitəsinin həmin yerdən aparılması üçün mümkün olan müvafiq tədbirləri görmüşdür, lakin qeyd olunan hal nəzərə alınmadan onun barəsində əsassız və qanunsuz olaraq xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti əsaslı olduğundan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar