Məhkəmə qərarları › İş №3(011)-255/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-255/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-255/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, hüquqi” şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş İnzibati xəta haqqında 23 dekabr 2022-ci il tarixli, MN1494739nömrəli protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala əsasən, xx.xx.2022-ci il tarixdə “Xətai Park” yaşayış kompleksində 14 ədəd kök üstə tam quru şam ağacı ETSN X4 Agentliyinin müvafiq rəyi olmadan kəsilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat bildirməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, "X6" MMC Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 41 ünvanında "Xətai Park" Yaşayış Kompleksinin ərazisində əhaliyə məişət xidmətləri göstərir. Əhalinin rifahı və sağlamlığı naminə Kompleksin ərazisinin təmiz saxlanması, işıqlandırılması, lift şaxtalarının işlək vəziyyətdə saxlanması, yaşayış kompleksinin bütün ərazisinin mühafizəsi və təhlükəsizliyi kimi sakinlərə yüksək keyfiyyətli xidmətlər göstərilir. Sakinlər tərəfindən ərazidə olan köhna şam ağaclarının öz-özünə aşdığı (müşahidə kamerası görüntüsü) və sakinlərə potensial təhlükə yarandığı üçün onlar tərəfindən Cəmiyyətə coxsaylı müraciətlər daxil oldu ki, təmizlik işləri aparılsın və aşmayan qurumuş ağaclar da potensial təhlükə yaratdığı üçün ərazidən götürülsünlər. Cəmiyyat olaraq, tabii ki, biz öz məsuliyyətimizi bilirik və yıxılmış ağacların götürülməsi və ümumiyyətlə digər təhlükəli qurumuş ağacların da götürülməsi ilə təhlükənin qarşısının alınması məqsədilə ilk növbədə Xətai rayon İcra Hakimiyyətinə müraciət etdik. Həmin müraciət əsasında İcra Hakimiyyətindən bildirildi ki, Ekologiya İdarələrinə müraciət ünvanlayıblar. Xətai rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli, 1144 saylı məktub ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinə müvafiq rəy üçün müraciət edilmişdir. Müvafiq qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyi yaşıllıqla bağlı müraciət üzrə müvafiq sənədlər tələb olunmuşdur. Həmin sənədlər də vaxtında "X6" MMC tərəfindən Xətai İcra Hakimiyyəti vasitəsilə təqdim edilmişdir. Bu sənədlər arasında "Xətai Park" yaşayış kompleksinin yerləşdiyi ərazi A.R.Prezidentinin İşlər İdarəsinin istifadəsində olması təsbit edilir, yəni Cəmiyyətə məxsus olmayan ərazidir, "X6" MMC orada sadəcə xidmət göstərir. Ayrıca olaraq, 11 saylı RETS İdarəsi "xxxx" MMC-ya müraciət etmişdir və onların bu müraciətinə rəy verilmişdir ki, Analizlər xx.xx.2022-ci il tarixində başlanıb, xx.xx.2022-ci il tarixində nəticələr əldə edilmişdir ki, ağaclara kənar müdaxilə və köklərində heç bir kimyəvi məhlul izi müşahidə edilməmişdir. Sulfat və nitrat ionlarının torpağın tərkibində bir qadar çox olması Abşeron yarımadası torpaqlarına xarakterikdir və ərazinin landşaftından qaynaqlanır. Ağacların quruma səbəbinin təbii amillərdən və susuzluqdan baş verdiyi ehtimal olunur. Ağaclar ərazidən sadəcə gözlənilmədən Bakı şəhər İcra Hakimiyyətinin bir neçə yük maşınları və işçi heyəti gəlməklə, təmizlənib, götürülmüşdür. Son bu təmizləmə işlərində "X6"MMC Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamıyıb, sadəcə yazışmaların nəticəsi kimi Camiyyat tərəfindən sadəcə bu proseslər müşahidə edilmişdir. Bütün bunlara baxmayaraq, 11 saylı RETS İdarəsi öz vəzifə salhiyyətlərindən və protokol tərtib etmə güclərindən istifadə etməklə, xx.xx.2022-ci il tarixdə 76707 saylı asassız akt tortib edilmişdir. Aktın özündə də etiraf olunur ki. 14 adod ağaclar qurumuşdur, yəni artıq yaşıllıq deyil, quru vəziyyətdə olan ağaclardır. Daha sonra yanlış 1 ǝdod. qurumuş ağacın aşması qeyd olunur, halbuki bir neçə ağac aşmışdır. Daha bir həqiqəti əks etdirməyən fakt odur ki, 1 ədəd qurumuş şam ağacının qeyd edilməsi yanlış olması kimi yerdə qalan 14 ağacın da "X6" MMC-nin rəhbəliyi tərəfindən göstəriş verməsi də yanlışdır. Yəni "X6" MMC deyil, İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatının cox sayda işçiləri tərəfindən ərazidən qurumuş ağaclar təmizlənmişdir. Bunu ərazidə həmin vaxt quraşdırılmış Kran və Meriyaya aid yük maşınları və işçilərinin fotoşəkil görüntüləri və video görüntüləri ilə təsdiq edirlir. Yük maşını ərazidə 2 gün çalışmış, təbii ki, İ qurumuş ağacı deyil 14 qurumuş ağacı ərazidən 1 günə deyil, 2 günə daşınması məntiqəuyğundur. Bu əsaslarda xx.xx.2022-ci il tarixdə, tərtib edilmiş 76707 saylı AKT həqiqətləri əks etdirmədiyi üçün əsassızdır, təbii ki, bu akt əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı Protokol da əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir kiŞəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 dekabr 2022-ci il tarixli, MN1494739 saylı protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə “Xətai Park” yaşayış kompleksində 14 ədəd kök üstə tam quru şam ağacı ETSN X4 Agentliyinin müvafiq rəyi olmadan kəsilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 23 dekabr 2022-ci il tarixli, №76707 saylı aktdan görünür ki, ünvan 3 ünvanda yerləşən “Xətai Park” yaşayış kompleksinin həyətində olan çox illik şam ağaclarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, kök üstə qurumuş 14 ədəd şam ağacı kök boğazından kəsilmişdir. ETSN-nin müvafiq qurumları tərəfindən araşdırma aparılmış və laborator analizlərin nəticələrinə uyğun olaraq həmin ağacların kənar müdaxilə olmadan, təbii şəraitdə quruması müəyyən olunmuşdur. Həmin ağaclar “Xətai Park” yaşayış kompleksi tərəfindən X3 müvafiq rəyi olmadan kəsilərək ərazidən götürülmüşdür. Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 321 saylı qərarının tələbini pozaraq inzibati xəta törətmişdir. Ətraf mühit üzrə monitorinq mərkəzinin arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən “Xətai Park” yaşayış komplesinin ətraf ərazilərində monitorinq keçirilmiş, 4ədəd quru ağacın dib hissəsindən 4 ədəd torpaq nümunəsi götürülmüş və üzərində "xxxx" MMC tərəfindən müvafiq kimyəvi analizlər aparılmış, ağacların kənar müdaxilə və köklərində heç bir kimyəvi məhlul izi müşahidə edilməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra hakimiyyətinin Başçısının Aparatının 07 oktyabr 2022ci il tarixli, 1144 saylı məktubundan görünür ki, Gəncə prospektində yerləşən "Xətai Park" yaşayış kompleksinin həyətyanı sahəsində bəzi qurumuş ağacların təhlükəli vəziyyətdə olduğunu bildirərək, həmin ağacların yenisi ilə əvəz edilməsi üçün köməklik göstərilməsini xahiş edirsiniz. Bununla əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyinə xx.xx.2022-ci il tarixli, 1144 saylı məktub göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyi tərəfindən rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 22/2137 saylı məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydasının 2.2-ci bəndində yaşıllıqların götürülməsi üçün əsas hesab edilən hallar göstərilmiş və bu qaydanın 2.5-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair müraciətə qeyd edilən sənədlər (ərizəçinin fiziki və yaxud hüquqi şəxs olması barədə, götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənədin surəti, yaşıllığın götürülməsinin əsaslandırılması) əlavə edilməlidir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları barədə çıxarışdan görünür ki, Şəxs MMC(VÖEN **********: Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 6, mənzil 589) qanuni təmsilçi X1r. 1008904 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə 5.0381 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xeyrinə daimi istifadə üçün yüklü edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən yaşayış kompleksinin tikintisi üçün ayrılmışdır. Fotoşəkillərdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Xətai Park" yaşayış kompleksinin həyətyanı sahəsində olan qurumuş və kəsilmiş şam ağacları Bakı Şəhər İcra Hakimiyyətinin kamazları tərəfindən daşınır. Məhkəmə iclasında diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qurumuş şam ağacı heç bir təsir olmadan yerə aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 38.1-ci maddəsinin İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2 cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 253-1.1. Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1-ci bəndində əsasən yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədənisağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş, “Yaşıllıqların götürülməsi Qaydasının” 2.2.4-ci bəndinə əsasən ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda yaşıllıqların aradan götürülməsinə yol verilir; İş materillarından və sadalanan qanunlarının normalarından müəyyən olunur ki, Şəxs MMC barəsində tərtib edilmiş protokolda inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1-ci maddəsində yaşıllıqların götürülməsi qeyd olunmuşdur. “Yaşıllıqların mühafizəsi haqqında” qanunun 1.1.1-ci bəndində yaşıllıqların anlayışı göstərilmiş, yaşıllıqlarla bağlı məkan, landşaft ekoloji baxımdan əhəmiyyət daşıması göstərilmişdir. Lakin, diskə baxış keçirilərkən də müəyyən olunmuşdur ki, qurumuş şam ağacı təsirə məruz qalmadan yerə aşır. Məhkəmə hesab edir ki, qurumuş şam ağacları “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1-ci bəndində verilmiş yaşıllıq anlayışında sadalanan xüsusiyyətlərə uyğun gəlmir. Həmçinin, qurumuş şam ağacları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş, “Yaşıllıqların götürülməsi Qaydasının” 2.2.4-ci bəndində göstərilən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkiləri anlayışını özündə ehtiva edir. Bundan əlavə videogörüntüdən də müəyyən olunur ki, həmin ağac özbaşına yerə aşır və bu da ətafdakılar, yəni yaşayış kompleksində yaşayan müxtəlif yaşdan olan insanlar üçün təhlükə mənbəyi hesab edilir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs MMC Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin müraciət əsasında Xətai Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 müraciət ünvanlamışdır. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Xətai Park" yaşayış kompleksinin həyətyanı sahəsində olan qurumuş və kəsilmiş şam ağacları Bakı Şəhər İcra Hakimiyyətinin kamazları tərəfindən daşınır və Şəxs MMC tərəfindən yaşıllıqların kəsilib aparılması iş materillarına və təqdim edilmiş sənədlərə əsasən öz təsdiqini tapmamışdır. Bundan əlavə 23 dekabr 2022-ci il tarixli, MN1494739 saylı protokolda Şəxs MMCnin nümayəndəsi Tamerlan adlı şəxsin izahat verməkdən imtina edilməsi qeyd olunsa da, lakin həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilməmiş, həqiqətəndə barəsində protokol tərtib edilmiş hüquqi şəxsi təmsil etmək səlahiyyətinin olub-olmaması dəqiqləşdirilməmişdir. Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan barəsində protokol tərtib edilmiş hüquqi şəxsin törətdiyi xətanın mahiyyəti və bu xətaya dair təqsirliliyinin mövcudluğu aşkar edilmədən, onun iş üzrə icraatın aparılmasında iştirakının təmin olunmasına imkan yaratmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nın barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs MMC-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar