Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2550/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Bakı Metropolitenində Polis İdarəsinin İTB-nin rəisi Amil Səmədov tərəfindən 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasında 3 nəfər vətəndaş əl çantalarını XRAY aparatına təqdim etməkdən imtina edərək polis əməkdaşları ilə mübahisə etməyə başlamış, daha sonra Şəxs gələrək polis əməkdaşlarını təhqir edərək söymüş, polis əməkdaşları onu nizamintizama dəvət etsələr də, öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasında 3 nəfər vətəndaşın əl çantasını XRAY aparatına təqdim etməkdən imtina etdiyinə görə polis əməkdaşları ilə arasında mübahisə yarandığını görmüş, daha sonra gələrək polis əməkdaşlarını təhqir edərək söymüş, onların qanuni tələblərinə tabe olmamışdır. Tabesizlik etməyinin səbəbi əsəbi olmağı ilə əlaqədar olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Metropolitenində Polis Şöbəsinin Nizami hissəsinin 2-ci bölüyü polis nəfəri X1 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasında 3 nəfər vətəndaş əl çantalarını XRAY aparatına təqdim etməkdən imtina edərək polis əməkdaşları ilə mübahisə etməyə başlamış, daha sonra həmin vətəndaşlardan birinin qardaşı X2 və Şəxs gələrək onları təhqir edərək söymüş, onları nizam-intizama dəvət etsələr də, öz hərəkətlərini davam etdirmiş, qanuni tələblərinə qəsdən tabe olmamışdırlar. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan videogörüntüdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Əhmədli metrostansiyasında polis əməkdaşları ilə mübahisə etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onları itələyərək öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs polisin qanuni tələbinə tabe olmaması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar Məhkəmədə işə baxılarkən nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmiş, ağırlaşdıran hallar isə müəyyən etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2550/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2550/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver