Məhkəmə qərarları › İş №3(011)-2554/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2554/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2554/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 vəkili Vəkil iştirakı ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 iyun 2023-cü il tarixli, 00100/01488 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 iyun 2023-cü il tarixli, 00100/01488 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 vəkili Vəkil şikayət ərizəsini onunla əsaslandırmşdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi (bundan sonra - Bakı Baş Gömrük İdarəsi) tərəfindən Nurməmməd Ağayev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən təqsirli bilinərək 5049 (beş min qırx doqquz) manat məbləğində cərimə olunmağım barədə 24 iyun 2023-cü il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, o, fərdi sahibkar olaraq 05 mart 2018-ci il tarixində Qazaxıstan Respublikasında qeydiyyatda olan Erşabay şirkəti ilə 44 ədəd atın ona satılması barədə müqavilə bağlamışam. Həmin müqaviləyə 05 mart 2018-ci il tarixli əlavə 1-in 1-ci bəndinə uyğun olaraq həmin əlavə imzalandıqdan 30 gün ərzində 6600 ABŞ dolları onun hesabına köçürülməli idi. 16 mart 2018-ci il tarixində müəyyən edilmiş qaydada gömrük rəsmiləşdirilməsini həyata keçirərək həmin aktarı Erşabay şirkətinin direktoruna akt əsasında təhvil vermişəm və hesab faktura təqdim etmişəm. Daha sonra alıcı tərəfindən müqavilədə müəyyən edilən müddət ərzində ödənişin onun bank hesabına köçürülmədiyindən Erşabay şirkətinin direktoru X4 əlaqə saxlamışdır. Qısa müddət ərzində ona ödənişin ediləcəyini bildirsə də yenə ödəniş həyata keçirilməmişdir. Onunla dəfələrlə əlaqə saxlayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 180 gün ərzində ödənişin onun bank hesabına keçirilməli olduğunu bildirmişdir. Lakin yenə də ödəniş həyata keçirilmədi. Kifayət qədər ziyana məruz qalmış və vəsaitin onun hesabına keçirilməyəcəyini yəqin etdikdən sonra Qazaxıstanın müvafiq məhkəməsinə müraciət etməyi qərarlaşdırmışdır. Amma sonra COVİD-19 pandemiyası səbəbindən sərhədlər bağlandı. Buna baxmayaraq o, yenə də həmin şirkətin nümayəndəsi ilə əlaqə saxlayaraq ödənişini tələb edirdi. Beləliklə malları müqavilə əsasında alıcıya təhvil verməyinə baxmayaraq ona ödəniş olunmamış və ona da xeyli miqdarda ziyan dəymişdir. Hazırki dövrdə isə müqavilədən irəli gələn öhdəliklər üçün müəyyən edilmiş iddia müddəti ötdüyündən məhkəməyə müraciət etməy mümkünsüzdür. Göstərilənlərə baxmayaraq onun iradəsindən asılı olmayan səbəblərə görə 24 iyun 2023cü il tarixində barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və əldə etmədiyi gəlirə görə cərimələnmişdir. Sözügedən qərarda ona izahat verilməsi barədə məktublarla dəvət edildiyi qeyd edilsə də, həmin məktublar ona gəlib çatmamışdır. Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən onunla əlaqə saxlanılmış, yalnız həmin vaxt o, araşdırma barədə məlumatlı olmuşdur. O, insult keçirdiyini, yataq xəstəsi olduğunu, izahat verməyə gəlmək üçün səhhətinin imkan vermədiyini və yuxarıda qeyd edilən hallara uyğun olaraq mallara görə ödənişin köçürülmədiyini telefonla onlara bildirmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə tanış olduqdan sonra, ona məlum olmuşdur ki, həmin qərarda inzibati xəta hadisəsinin 06 may 2023-cü il tarixində aşkar olunduğunu qeyd edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qərardan da və sənədlərdən də göründüyü kimi onunla alıcı arasında müqavilə 05 mart 2018-ci il tarixində bağlanmış və 16 mart 2018-ci il tarixində gömrük bəyannaməsi ilə mallar rəsmiləşdirilərək alıcıya təhvil verilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 may 2021ci il tarixli Qərarında qeyd olunur ki, malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi öz Qərarında inzibati xətanın törədildiyi günün nə zamandan hesablandığını birmənalı müəyyən etmişdir. Hazırki iş üzrə onun 16 mart 2018-ci il tarixdə **********2974 saylı gömrük bəyannaməsi əsasında malların rəsmi bəyan edilməklə göndərilməsini nəzərə alsaq, Konstitusiya məhkəməsinin qərarında göstərilən imperativ normanın tələblərinə əsasən (180 gün), artıq 12 sentyabr 2018-ci ildə 180 gün tamam olub və həmin gündən sonrakı gün, yəni 13 sentyabr 2018-ci il inzibati xətanın törədildiyi gün hesab olunur. İnzibati tənbeh vermə haqqında qərarda göstərilən əsassız mülahizələrin əksinə olaraq, hazırki inzibati xəta davam edən və ya uzanan inzibati xəta hesab olunmur. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qanunvericiliyin yuxarıda sadalananan xüsusatlarına əsasən tam müəyyən edilir ki, müddət başa çatdığından barəmdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qanunsuzdur və məhkəmə tərəfindən həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə baxmayaraq, Bakı Baş Gömrük İdarəsi hüquq nəzəriyyəsinə istinad edərək İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsini uzanan inzibati xəta kimi müəyyən etmişdir. Lakin inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmamış, inzibati xətalara dair müvafiq normalar İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə, Bakı Baş Gömrük İdarəsinin bu cür mülahizəsi tamamilə qanunsuz və əsassızdır, həmin mülahizələrə əsasən şəxs inzibati məsuliyyətə cəlb edilə və cərimələnə bilməz. Bundan əlavə, Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında qərarında ziddiyyətli məqamlar mövcuddur. Belə ki, qərarın əvvəlində iş üzrə izahat vermədiyi qeyd edilsə də, sonradan olmayan izahatına da istinad edilərək (Qərarın 3-cü səhifəsinin sonuncu abzası) inzibati xətanın törədilməsində təqsirli bilinmiş. Beləliklə Bakı Baş Gömrük İdarəsi tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, habelə əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsi və digər mühüm hallar araşdırılmamışdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 may 2021-ci il tarixli Qərarında qəti olaraq göstərilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin Qərarda göstərilir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Həmçinin həmin Qərarda qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, ölkədə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığa dövlət himayəsi sistemli şəkildə həyata keçirilir və sahibkarlığın inkişafı məqsədi ilə biznes mühiti daim yaxşılaşdırılır. Bütün bunlar onu deməyə əsas verir ki, əldə etmədiyi gəlirə və qarşı tərəfin öhdəliyi icra etməməsi nəticəsində iradəsindən asılı olmayan səbəblərə görə vəsaitin hesabına köçürülməməsinə baxmayaraq onun cərimələnməsi qanunsuzdur. Belə ki, o, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, o, məcburi köçkün və yataq xəstəsi və bu tənbehin tədbirinin tətbiqi onun maliyyə vəziyyətini daha da pisləşdirəcək. Onsuz da həmin malların satışına görə gəlir əldə etmədiyinə görə o, kifayət qədər ziyan çəkmişdir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 9.1ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 may 2021-ci il tarixli Qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Hesab edir ki, mövcud qanunvericiliyin konkret və birmənalı tələbləri pozularaq, onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyindən qərar ləğv edilməli və başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında X1 vəkili Vəkil şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 iyun 2023-cü il tarixli, 00100/01488 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 24 iyun 2023-cü il tarixli, 00100/01488 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 11220,00 manatın 45%-i həddində yəni 5049,00 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci yarım bəndini əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, X5 tərəfindən 16 mart 2018-ci il tarixdə Qazaxıstan Respublikasında “K/X ERŞABAY” şirkətinə ixrac etmiş malların müqabilində vəsaitlər 180 gün müddətində təqdim edilməli olduğu halda təqdim edilməmişdir. X2 tərəfindən hüquq pozuntusunun törədilməsi vaxtı 180 gündən sonrakı gün hesab edilməklə 16 Sentyabr 2018-ci il tarixdə olmuşdur. Məhkəmə həmçinin onuda qeyd etmək istərdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bununlada məhkəmə hesab edir ki, X5 barəsində İnzibati tənbeh vermə haqqında qərar 12 mart 2019-cu il tarixə kimi tərtib edilməli idi. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən X5 barəsində 24 iyun 2023-cü il tarixli, 00100/01488 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərkən X5 tərəfindən törədilmiş inzibati pozuntunu uzanan inzibati xəta hesab etmiş və həmçinin pozuntunun aşkara çıxardığı müddətdən hesablanmışdır. Məhkəmə bu hallara münasibətdə hesab edir ki, X5 tərəfindən törədilmiş inzibati pozuntu uzanan inzibati xəta deyil və həmçinin inzibati xətanın törədilməsi günü növbəti gün hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 iyun 2023-cü il tarixli, 00100/01488 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 iyun 2023-cü il tarixli, 00100/01488 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar