Məhkəmə qərarları › İş №3(011)-2561/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2561/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2561/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6477/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2015 saylı, xx.xx.2015ci il tarixli icra sənədlərinin tələbini yerinə yetirməmiş və bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasına qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, icra sənədləri barədə məlumatlıdır, işsiz olmağı ilə əlaqədar ödəniş edə bilməmişdir. İşlədiyi müddət ərzində əmək haqqından tutulmuşdur. Tam şəkildə borcu hal-hazırda ödəniş edə bilmir, lakin işlədikcə ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6477/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 17-A-1-0-4543-12 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 9272 (doqquz min iki yüz yetmiş iki) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" MMCyə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında qərarın surətindən görünür ki, 2(011)-6477/2019 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 27 yanvar 2021-ci il tarixli, 27 iyun 2021-ci il tarixli müqavilələrə əsasən 584 manat ödənilməmiş hissə, 57 manat cərimə borcu olmaqla, ümumilikdə 641 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında qərarın surətindən görünür ki, 2(011)-633/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı “Nikoyl” X1 6 saylı filialı ilə cavabdeh Şəxs arasında bağlanmış 24 sentyabr 2012-ci il tarixli 17-A-1-0-4543-12 saylı kredit müqaviləsindən irəli gələn 18 dekabr 2014-cü il tarixə ödənilməmiş 6870.25 manat əsas borc, 2448 manat faiz borcu və həmin günə hesablanmış 170.82 manat dəbbə pulu ümumilikdə 9529.19 manat borc “Nikoyl” İKB-nin xeyrinə ödənilməsi, borclunun mülkiyyətində olan “VAZ-21154” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açıq hərracda satışa yönəldilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində tələbkarın xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında qərarın surətindən görünür ki, 2(010)-1367/2015 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6477/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərindən məlumatı var, icra sənədini vaxtı icra etməyə hazır olduğunu bildirmiş, lakin həmin qətnamənin icra edilməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6477/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1367/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşını, səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar