Məhkəmə qərarları › İş №3(011)-2571/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2571/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2571/2024 24.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Elvin İbrahimlinin iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 24 iyun 2024-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, «Qənimətlər Parkı» ərazisində ictimai yerdə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən Şəxsnun İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 24 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Elvin İbrahimli protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 23 iyun 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə restorandan axşam yeməyindən sonra evə getmək qərarına gəlmişdirlər. Qardaşının spirtli içki qəbul etməsi səbəbindən yoldaşı avtomobili idarə etmişdir. Yolda olan zaman bir az gəzməyə qərar vermişlər, “Qənimətlər Parkı” qarışısında olan zaman ağ rəngli avtomobilin sürücüsü qardaşının yoldaşının idarət etdiyi avtomobili sıxışdırmış, daha sonra onlar arasında mübahisə baş vermişdir. Daha sonra PPX əməkdaşları onlara yaxınlaşmış, bu zaman qardaşı avtomobilə əyləşmişdir. Onu tək buraxmamaq üçün onlar da məcburi olaraq avtomobilə əyləşmişdir. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 iyun 2024-cü il tarixli Xətai RPİ-nin PPXB-nın polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, 24 iyun 2024-cü il tarixdə inzibati ərazidə xidmətdə olan zaman “Qənimətlər Parkı” ərazisində çağırılmışlar, bu zaman həmin ərazidə 20-30 nəfər şəxsin toplaşmasını görmüş, yaxınlaşdıqda isə vətəndaşların uca səslə ünvansız nalayiq ifadələr və söyüşlər işlətməsini görmüşdürlər. Bu zaman onları nizam-intizama dəvət etmişlər, həmin vətəndaşlar isə öz əməllərinə davam etmişdirlər. Daha sonra həmin vətəndaşları 37-ci PŞ-yə dəvət etmişlər, lakin bu zaman müqavimət göstərmişlər, onlara qüvvə tətbiq edərək xidməti avtomobildə 37-ci PŞ-yə təmin edilmişdilər. Şöbədə məlum olmuşdur ki, həmin vətəndaşlar X2, Şəxs və X1r. 24 iyun 2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 24 iyun 2024-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, “Qənimətlər Parkı” ərazisində ictimai yerdə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 24 iyun 2024-cü il tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hallar aşağıdakılar hesab edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Bakı şəhəri, Xətai rayonu, «Qənimətlər Parkı»ndə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Əliyeva X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. . Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əliyeva X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar