Məhkəmə qərarları › İş №3(011)-2578/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2578/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2578/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında 21 iyun 2023-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında 21 iyun 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr-ti ilə Ağ şəhər istiqmətində hərəkətdə olarakən onun idarə etdiyi ** JX *** “İveco Urbanway" markalı avtobusun və dqn-nı xatırlamadığı digər avtomobilin işitirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı, «102» zəng mərkəzi ilə əlaqə saxlayıb hadisə ilə bağlı məlumat vermişdir. DYP-nin gəlməsini xahiş etmişdir. Hadisə zamanı digər nəqliyyat vasitəsinin sürücüsü ona, polisə zəng etməməyini, sürücülük vəsiqəsi olmadığını və avtobusa dəymiş maddi ziyanı tam şəkildə qarşılayacağını bildirmişdir. Hətda ondan rəhbərliyə zəng etməyini narahat olmamalarını təkidlə bildirdikdən sonra o, hüquq sektorunun müdiri Rüstəm Cəfərovla, marşurut xətlərinin idarə olunması şöbəsinin sektor müdiri Nazim Talıbovla və sığorta sektorunun müdiri Elçin Cabbarovla onun mobil telefonu vasistəsi ilə əlaqə saxlayıb danışmışdır. Digər nəqliyyat vasitəsinin sürücüsü, danışıq zamanı yuxarıda qeyd etdiyi əməkdaşlara pul təklif etmişdir. Lakin, əməkdaşlar puldan imtina edərək, hadisənin rəsmi qaydada DYP-də qeydiyyata alınmasını və avtobusa dəymiş maddi ziyanın onun sığorta şirkətindən alınacağını bildirmişlər. Qarşılığında isə şəxs avtomobilin ona aid olmadığını, avtomobili hansısa şəxsdən icarəyə götürdüyünü, məsələnin böyüməməsini israrla xahiş etmişdir. Artıq, bir neçə saat sonra hadisə yerinə Bakı şəhəri DYPİ YNH baş inspektoru X2 gəlmişdir. DYPnin əməkdaşı hadisə yerini təhqiq etmədən, onun Bakı şəhərə DYP-nin inzibati binasına gəlməyini, 10-cu kabinetə yaxınlaşmağını tələb etmişdir. İnspektorun tələbi ilə xx.xx.2023cü il tarixində inspektorun qeyd etdiyi Bakı şəhər DYP-nin inzibati binasında yerləşən 10cu otağa yaxınlaşmışdır. İnspektor ona əvvəlcədən boş kağıza 3 yerdən imza atdırdığı boş kağızda artıq izahat yazılmışdı və onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozduğunu deyərək, barəsində protokol tərtib ediləcəyini bildirmiş və otaqdan onu çıxarmışdır. İnspektorun dedikləri ilə razı olmadığını və ona inzibati məsuliyyətini sübut etməsini, sübut olaraq video görüntünü göstərməsini xahiş etmişdir. İnspketor isə öz növbəsində heç bir sübut təqdim etmədən, barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edərək, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar çıxardı. Hadisəni araşdıran inspektor tərəfindən heç bir video görüntüyə baxış keçirilmədi, "xxxx" MMC-nin balansında olan avtobuslara yerləşdirilən kamera görüntülərinin götürülməsi üçün müraciət edilmədi. İnspektor onun hüquqi savadzılığından istifadə edərək, üstünə qışqıraraq boş kağıza imza atdırıb, onu günahkar çıxarmışdır. İnspektordan hadisəni niyə araşdırmadığını soruşsada heç bir cavab almadan, otaqdan çıxarılmışdır. Sonradan, onu vuran avtomobilin sürücüsü içəriyə daxil olub çıxdıqdan sonra ona "Avotomobilləri icarəyə verən şəxs inspektorla məsələni yoluna qoydu, sizin sığorta maşını düzəldəcək" dedi. O, düşündüyü kimi yəqin içəridə ədalətli qərar verilib. Lakin, içəri birdə daxil olduqda, artıq hər şeyin gec olduğunu, hansısa maraqlar daxilində onu günahkar çıxarıldığını öyrənmişdir. Uzun müddətdir ki, "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. Cəmiyyətin balansında olan “BMC Procity 12M CNG” və “İveco Urbanway” markalı avtobuslar idarə edir. İdarə etdiyi avtobusların təhlükəsizliyi ilə bağlı dörd bir yanı kamera ilə təchiz edilib və avtobus hərəkətdə olan zaman çəkiliş aparılır. Cəmiyyətdə yol hərəkətinin təşkili və təhlükəsiz hərəkətin təmin edilməsi ilə bağlı yetərincə savadlı mütəxəssislər vardır. Avtobusun video görüntüləri, DİN-dən gələn sorğular əsasında aidiyyəti üzrə təqdim edilir və ya sürücü barəsində protokol tərtib edilən zaman daxili araşdırma üçün çıxarılaraq incələnir. xx.xx.2023-cü il tarixdə ona tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla birlikdə cəmiyyətin inzibati binasına yaxınlaşıb video görüntüyə baxış keçirildi. Görüntülərə baxan zaman müəyyən olundu ki, günah onda yox digər avtomobilin sürücücüsündədir. Video görüntüdə açıq şəkildə görünür ki, o, 8 Noyabr pr-ti ilə Ağ şəhər istiqamətində hərəkətdə olarkən ən sağ cərgədə avtomobillərin dayanmasına görə məcburi şəkildə 2-ci cərgədə hərəkət edib, qarşıdakı dayanacağa daxil olmaq üçün sağ zolağa daxil olmuşdur. Bu zaman arxadan zolaqlarları davamlı olaraq ziq-zaq vari yerdəyişmə edərək sürətlə gələn nəqliyyat vasitəsi ona soldan yox, yol hərəkəti haqqında qanuna zidd olaraq sağdan ötüb keçmək istəyərkən onun idarə etdiyi avtobusa toxunmuş və avtomobilini sağa çəkərək digər yola girib dayandırmışdır. Hadisə zamanı digər avtomobilin sadəcə ön bamperi yerindən çıxmış və onun avtomobilin sağ yan tərəfi zədələnmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 3-cü bəndinin 2-ci yarımbəndinə əsasən, Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manev rə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Göründüyü kimi qanun sadəcə sol tərəfdən ötməyə icazə verdiyi kimi, eyni zamanda sağdan ötməni qadağan edir. Sağa manevr edən, ön hissəsi artıq sağ zolaqda olan nəqliyyat vasitəsini bilərəkdən sağdan ötmək təhlükəlidir və qanunsuzdur. Bakı şəhəri DYPİ YNH baş inspektoru X2 qanunları görməzdən gəlsə də, qanunda hər şey açıq və aydın şəkildə yazılıb. Qanuna görə, digər avtomobilin sürücüsü mütləq şəkildə onu sağdan ötməlidir. Lakin, inspektor digər nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun tələblərini kobud şəkildə pomzasını gözardı etməsi ilə yanaşı, həmin avtomobilin sürücüsünün sağa dönmə işığının yandırmasını görə-görə sağa manevr etməsini görə-görə, 12 metr uzunluqda avtobusun artıq sağ zolaqda olmasını bilə-bilə, anidən sağa manevr edib, qanunsuz şəkildə sağdan ötməsi nəticəsində avtobusu sağ yan hissədən vurmasına heç bir hüquqi qiymət verməmişdir. İnspektor baş vermiş yol - nəqliyyat hadisəsini düzgün araşdırmamış, Azərbaycan Respublikasının qanunvericiliyini heçə saymış və onun hüquqlarını tapdalayaraq, məsələyə bir tərəfli və qərəzli yanaşmışdır. İnspektorun qərarına görə, o, sağ zolaqda olan zaman anidən sağ tərəfinə daxil olan avtomobili görüb 12 metrlik və 18 tonluq, içi sərnişinlə dolu olan avtobusu anidən sola çəkməli və sol tərəfdə yəni, öz zolağında gedən nəqliyyat vasitəsini vurmalı, avtobusda və digər nəqliyyat vasitəsində olan sərnişinlərin həyat və sağlamlığını təhlükə altına atmalı idi. Görünür ki, inspektorun bu qədər absurt bir qərar verməsinə hansısa maraqlar təsir edib ki, qanunları göz ardı edərək, onun hüquqlarını ayaqlar altına atmışdır. Qeyd edilənlərə əsasən, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında 21 iyun 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ-nin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 21 iyun 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında 21 iyun 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında 21 iyun 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar