Məhkəmə qərarları › İş №3(011)-2598/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2598/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2598/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1971-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2019 saylı, 04 dekabr 2019cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən MN ******* nömrəli, 09 aprel 2025ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2019 saylı, 04 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən, 6529.42 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs tutularaq X5 ödənilməlidir. Bununla da borclu icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu barəsində dörd dəfə inzibati protokol tərtib olunmuş, iki dəfə 500 manat, bir dəfə xx.xx.2023-cü il tarixdə 1000 manat məbləğində cərimə, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda borclunun 8069 manat borcu vardır. Borclu çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı çıxarılmış və polis tərəfindən tutularaq bu gün, yəni xx.xx.2025-ci il tarixdə şöbəyə gətirilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, tələbkardan faizə pul almış, sonradan borcundan iki dəfə 10.000 (on min) manat olmaqla ödəniş etmişdir. Hazırda borcu bir dəfəyə ödəməyə imkanın yoxdur. Belə ki, özü kirayədə qalır və səhhətində problemlər var. İki gün olar ki, Sədərək Ticarət Mərkəzində fəhlə kimi işləyir. Polis onu bu gün səhər saatlarında saxlayaraq İcra şöbəsinə gətirmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, borclunun bu günə olan borcu 8000 manata yaxındır. Borclu dəfələrlə borcunu ödəyəcəyini bildirsə də heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada həbs qətimkan tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7065/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 6529 ABŞ dolları 42 sent məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs tutularaq X5 ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 03 iyun 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 03 iyun 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 3(011)-1210/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsin əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 09 aprel 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar