Məhkəmə qərarları › İş №3(011)-2603/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2603/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2603/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 06 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki şəxs kimi barəsində Bakı Şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 14 may 2024-cü il tarixdə işdə olarkən “SMS Radar” mobil tətbiqi vasitəsilə bildiriş almışdır. Bildirişə daxil olarkən barəsində 02 may 2024-cü il tarixli protokol tərtib olunduğunu görmüşdür. Daha sonra müəyyən etmişdir ki, etibarnamə əsasında əvvəllər idarə etdiyi “Maserati Ghibli S minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 02 may 2024-cü il tarixdə inzibati xəta törədilmiş, inzibati xətanın törədilməsindən 12 gün sonra, yəni 14 may 2024cü il tarixdə köhnə tarixlə İXP ******* saylı, 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra Bakı Şəhər DYPİ-nin əməkdaşı, polis kapitanı X6 tərəfindən TP ******* saylı, 06 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 80 (səksən) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol polis əməkdaşı tərəfindən qanunsuz şəkildə tərtib olunmuşdur və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, qeyd olunan inzibati xəta 02 may 2024cü il tarixdə törədilmiş, inzibati xətanın törədilməsindən 12 gün sonra, yəni 14 may 2024cü il tarixdə köhnə tarixlə qanunsuz və əsassız olaraq İXP ******* saylı, 02 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bilindiyi kimi qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla yanaşı, törətmiş olduğu iddia edilən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitənin köməkliyi ilə müəyyən edilir. Polis əməkdaşı qərəzli şəkildə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Polis əməkdaşının bu cür qanunun tələblərini kobud surətdə pozaraq barəsində inzibati xəta haqqında protokol tərtib etməsi hüquqa ziddir. Bununla belə, polis əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən hüquqları və vəzifələri ona izah olunmamışdır. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə onun izahatı alınmalı olduğu halda onun izahatı alınmamış, barəsində inzibati araşdırma onun iştirakı olmadan gizlin şəkildə aparılmış və hüquqları kobud şəkildə pozulmuşdur. Əgər onun iştirakı təmin olunsaydı, obyektivlik öz yerini tapardı. Bununla yanaşı izahatı alınmış olsaydı o, izahatında əlavə sübutlarını göstərə bilərdi və müvafiq sübutlarını təqdim edə bilərdi. Lakin qeyd olunan hüquqları polis əməkdaşları tərəfindən tamamilə məhdudlaşdırılmışdır. Qeyd olunan şəraitdə iş materialları və təqdim olunmuş sübutlar əsasında müəyyən edilir ki, fiziki şəxs kimi barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qüvvədə olan qanunvericiliyə zidd və qanunvericiliklə yolverilməz olmuşdur. Odur ki, fiziki şəxs kimi barəsində Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Onu da qeyd etməlidir ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın surətini 07 iyun 2024-cü il tarixdə almışdır. Məhkəmə iclasında iştirak edən X4 Rauf oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto və videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmiş və ona məxsus elektron kabinetə də yerləşdirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X6 tərəfindən tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 14:04-də “Maserati Ghibli S minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 may 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2024-cü il tarixdə, saat 14:04-də “Maserati Ghibli S minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması göstərilmiş və barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 02 may 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto və videogörüntülər və digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmiş, habelə ona məxsus elektron kabinetə də yerləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 02 may 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 02 may 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 02 may 2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 06 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar