Məhkəmə qərarları › İş №3(011)-2605/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2605/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2605/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4, X1 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin 07 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 07 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “X18” markalı maşını idarə edir. xx.xx.2024-cü il tarixdə Salyan ərazisində sürdüyü **-MA-*** dövlət qeydiyyat nişanlı “Ford”un qeydiyyat nömrəsini çəkib ona 300 manat cərimə göndərmişlər. O, fiziki şəxs olduğu üçün etiraz edir. Odur ki o, barəsində qəbul edilmiş 07 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X12 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, “X18” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə buraxılış vərəqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Lakin o, vəzifəli şəxs olmadığı halda onun barəsində fizki şəxs kimi deyil, məhz vəzifəli şəxs kimi 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə o, göstərilənlərə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin 07 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X10 07 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, sürücü X12 idarə etdiyi “X18” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsinə əsasən 300 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X12 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin inspektoru X7 tərəfindən tərtib olunmuş 16 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 10:30 radələrində Salyan şəhərində “X18” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X6 yükdaşımaya dair buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti həyata keçirməsi aşkar edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin müdiri X5 tərəfindən tərtib olunmuş 07 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X6 idarə etdiyi “X18” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin inspektoru X7 və kiçik inspektoru X8 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 0167 saylı aktdan görünür ki, sürücü X6 idarə etdiyi “X18” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan və elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışdan məlum olur ki, X12 xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə – vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 idarə etdiyi “X18” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 324.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq “X18” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə yükdaşıma fəaliyyəti ilə məşğul olduğunu, lakin vəzifəli şəxs olmadığı halda onun barəsində fiziki şəxs kimi deyil, məhz vəzifəli şəxs kimi cərimə cəzası tətbiq edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Məhkəmə, X6 özünü vəzifəli şəxs hesab etməməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, o, xx.xx.2009-cu il tarixdə VÖEN alaraq vergi ödəyicisi kimi qeydiyyata alındığından və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar