Məhkəmə qərarları › İş №3(011)-2607/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2607/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2607/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Gəncə şəhər X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər DYPŞ-nin inspektorunun inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər DYPŞ-nin inspektoru 24 mart 2024-cü il tarixində barəsində İXM-nin 330.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək 50 manat cərimə tədbiq edilməsi barədə qərar qəbul etmişdir. Buna səbəb kimi onun yolayrıcında sağa dönərkən piyadaya yol verməməsi göstərilmişdir. Hesab edir ki, həmin protokol və qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. 24 mart 2024-cü il tarixində Gəncə şəhərində yerləşən yuxarıda qeyd olunan ünvanda X14 əməkdaşları tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşları onun X6 330.0.2-ci maddəsini (yolayrıcında sağa dönərkən piyadaya yol verməmək) pozduğunu iddia edərək ona qarşı protokol tərtib etmək istəmişlər. O, faktiki olaraq polis maşınının yanından keçəndən sonra, polis maşınında olan iki yol polis əməkdaşlarından biri maşınının arxasından əl edərək onu saxlamışdır. Yol polisi əməkdaşı X6 330.0.2-ci maddəsinin guya pozulduğuna etirazından sonra yoluna davam etməyini bildirsə də, digər polis əməkdaşı israrla cərimə yazılmasını və müşahidə kamerasındakı video və görüntünün olduğunu bildirmişdir. Bildirməlidir ki, yol üç zolaqlı yoldur və həmin vaxt piyada zolağa yeni daxil olmuşdur. O, onun hərəkətinə heç bir maneçilik törətməmişdir, onun surət və ya istiqamətini dəyişdirən hərəkətlər etməmişdir. Sistemdə cərimə yerləşdirildikdən sonra, 06 aprel 2024-cü il tarixində sistem vasitəsilə video və şəkil məlumatlarının olmadığını bildirərək şikayət etmişdir. Onunla əlaqə saxlanılmadığı və cərimə silinmədiyi üçün 16 aprel 2024-cü il və daha sonra 10 may 2024-cü il tarixlərində yenidən şikayət daxil etmişdir. Bununla yanaşı, 22 aprel 2024-cü il tarixində https://e-muraciet.mia.gov.az/ saytından X10 müavini Oqtay Kərimova ərizə göndərmişdir. 01 may 2024-cü il tarixində ********** mobil nömrəsindən onunla əlaqə saxlayan, adını və rütbəsini təqdim etmədən özünü Gəncə şəhər polis idarəsinin əməkdaşı kimi təqdim edən şəxs ona şəhər kameralarının 15 gündən artıq yazı saxlamadığını və video məlumatın təqdim edilə bilməyəcəyini bildirmişdir. Həmin şəxs cərimənin silinməsi üçün yalnız məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. O, narazılığını bildirsə də, bir nəticə olmamışdır. 3 dəfə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024) 102 Daxili İşlər Nazirliyi zəng mərkəzi vasitəsi ilə, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində X13 Vilayət Eyvazova şikayət etsə də, bu günə kimi şikayətinə baxan olmamışdır. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Gəncə şəhər X14 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin tarixdə üç zolaqlı yolda hərəkət edən zaman piyadanın piyada keçidinə daxil olduğunu görmüş, lakin onun hərəkətinə hər hansı bir maneə yaratmadığından hərəkətinə davam etmişdir. Bun baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin o əlavə etmişdir ki, o piyada zolağına daxil olduqda yolu keçmək istəyən piyada təzəcə həmin piyada keçidinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər X14 Şöbəsinin Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixində, saat 17:33-də Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Gəncə şəhər X14 Şöbəsinin polis mayoru X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixində, saat 17:33-də Gəncə şəhəri, Atatürk prospekti 247 ünvanında “Hyundai Sonata minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcında sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 330.0.2-ci maddəsinə əsasən yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində, saat 17:33-də Gəncə şəhəri, Atatürk prospekti 247 ünvanında “Hyundai Sonata minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcında sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında həmin tarixdə üç zolaqlı yolda hərəkət edən zaman piyadanın piyada keçidinə daxil olduğunu gördüyünü, lakin onun hərəkətinə hər hansı bir maneə yaratmadığından hərəkətinə davam etdiyini, buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X3 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında 01 ədəd diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixində “Hyundai Sonata minik” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməmişdir. Həmçinin videogörünütüdən görünür ki, X4 piyada keçidini avtomobillə keçən zaman yolu keçmək istəyən piyada piyada keçidinə yeni daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Gəncə şəhər X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar