Məhkəmə qərarları › İş №3(011)-261/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-261/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-261/2023 07.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 01 yanvar 2023-cü il tarixində saat 01:21 radələrində idarə etdiyi “Mercedes Benz SPRİNTER 315 CDİ” yük markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi Məhəmməd Hadi küçəsinin kəsişməsində hərəkətdə olan zaman manevr etmə qaydalarını pozduğu üçün Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin Yol patrul xidməti inspektoru, polis siravisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 01 yanvar 2023-cü il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlmiş, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 28 dekabr 2013-cü il tarixində verilmiş AC seriyalı 906917 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə hüququ vardır. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında iş materiallarında olan 01 yanvar 2023-cü il tarixli 2/02 saylı aktdan görünür ki, Şəxs spirtli içki qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair materiallar baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Rayon (şəhər) məhkəmələrinin inzibati xəta haqqında işlərə baxmaq səlahiyyətlərini müəyyənləşdirən həmin Məcəllənin 43.1-ci maddəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi qeyd edilməmişdir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 saylı Fərmanının 2.4-cü bəndinə görə İXM-nin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə X3nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X3 İdarəsinin, X3 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X3 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, Şəxs İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə görə iş materialları baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar