Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2652/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7, X1 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 13 iyun 2024-ci il tarixli, MN ******* saylı inzibati tenbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildən Bakı şəhəri 86 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. X16 2022-ci ilin avqust ayından məktəbin gözətçisi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə isə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Ancaq bundan sonra o, X9 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət etmişdir. X9 Xidmətinin Bakı Şəhər İdarəsinə xx.xx.2024-cü il tarixli İXM-nin 192.4-ci maddəsi ilə 1000 manat cərimə ediblər. Məhkəmənin nəzərinə çatdırmalıdr ki, X9 Xidmətinin Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərinin pozulmasını qeyd etmişdir. Bildirməlidir ki, Bakı Təhsil İdarəsi tərəfindən məktəblərinin ştat cədvəli təyin olunur və iş saatı onların tərəfindən təsdiq edilir. Buna görə də onun tərəfindən yeni ştat açıla və ya artıq saat işlədiyi üçün ödəniş edilə bilməz. Çünki, ştat cədvəlinə əsasən 86 nömrəli məktəbin 2 gözətçisi olmalıdır. Əmək haqları isə ştat çədvəlinə uyğun olmalıdır. Bundan əlavə olaraq X9 Xidmətinin Bakı Şəhər İdarəsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulmasını qeyd etmişdir. Ancaq qeyd etməlidir ki, məktəbin şəxsi büdcəsi olmadığı üçün Bakı Təhsil İdarəsi tərəfindən işçilərin əmək haqqları və son haqq-hesabını ödəyirlər. Onun tərəfindən işçinin işdən azad olunması barədə əmr aidiyyəti üzrə göndərilmişdir. Ödənişlər isə o, icra etmədiyi üçün bu barədə məlumatı olmamışdır. X8 Bakı təhsil idarəsi tərəfindən tam olaraq ödənişləri edilmişdir. İXM-nin 192.4-ci maddəsində nəzərdə tutulmuşdur ki, İşçinin əmək və məzuniyyət haqqlarının, ezamiyyət xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddədən də görünür ki, inzibati xətanı törətmiş şəxs cərimə olunur, o isə burda heç bir pozuntuya yol verməmişdir. Bu isə qanun pozuntusu deyildir. X9 Xidmətinin Bakı şəhər idarəsi onun səlahiyyəti daxilində olmayan məsələyə görə onu cərimə etmişdir. Məhkəmə iclasında X10 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, işçi X16 iş günü hesab edilməyən günlərdə işə cəlb edilmişdir, lakin bu barədə ondan hər hansı bir razılıq ərizəsi alınmamışdır. Habelə işçiyə verilməli olan son haqq-hesab onlar tərəfindən deyil Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirildiyindən X5 haqq-hesabın ödənilməsində gecikmə olmuşdur. X8 əmək müqaviləsinə xitam 01 may 2024-cü il tarixdə verilmişdir, Bakı şəhəri üzrə Təhsil İdarəsinə rəsmi qaydada məlumat 02 may 2024-cü il tarixdə verilmişdir. 01 may 2024-cü il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə telefon vasitəsilə şifahi məlumat verilmişdir, lakin bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X13 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X16 ilə xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası ƏM-ni 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, lakin son haqqhesabın həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməmiş, eyni zamanda Azərbaycan Respublikası ƏM-nin 96-cı maddəsinin tələbləri pozularaq gündəlik iş müddətinin 12 saatdan çox olması və həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq artıq iş saatlarına görə əlavə haqqın ödənilmədiyi müəyyən edilmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X10 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X16 izahatında bildirmişdir ki, Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə 2022-ci ilin avqust ayından məktəbin gözətçisi vəzifəsində çalışmış və xx.xx.2024-cü il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin ona ödənilməli olan son haqq-hesab gecikmə ilə may ayının sonunda ödənilmişdir. Bundan başqa, o, bayram günləri, şənbə və bazar günləri də işə cəlb edilsə də ondan razılıq alınmamış və əlavə çalışdığı saatlar üçün ona hər hansı bir ödəniş edilməmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin, səlahiyyətli orqanın nümayəndəsinin və şahidin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X12 tərəfindən 13 iyun 2024-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 ilə xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası ƏM-ni 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi, lakin son haqq-hesabın həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməməsi, eyni zamanda Azərbaycan Respublikası ƏMnin 96-cı maddəsinin tələbləri pozularaq gündəlik iş müddətinin 12 saatdan çox olması və həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq artıq iş saatlarına görə əlavə haqqın ödənilmədiyi əsas gətirilərək X6 Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X16 həqiqətən Bakı şəhəri Xətai rayon 86 saylı tam orta məktəbdə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gözətçi vəzifəsində işləmiş və xx.xx.2024-cü il tarixdən işdən azad edilmişdir. Ona son haqq hesab 193.65 (yüz doxsan üç manat 65 qəpik) hesablanmışdır. Ələ alınacaq məbləğ 166.02 (yüz altmış altı manat 02 qəpik) olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X8 hesabına son haqq-hesab olan 166.02 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 96.1-ci maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz; 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində; 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 107-ci maddəsinə əsasən Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. 101.1-ci maddəsinin a) bəndinə əsasən dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə, b) bəndinə əsasən su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün iş vaxtından artıq işlərə yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçiyə işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi, həmçinin normal əmək və istirahət rejiminə riayət edilməməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etməklə yanaşı bildirmişdir ki, işçi X16 iş günü hesab edilməyən günlərdə işə cəlb edilmişdir, lakin bu barədə ondan hər hansı bir razılıq ərizəsi alınmamışdır. Habelə işçiyə verilməli olan son haqq-hesab onlar tərəfindən deyil Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirildiyindən X5 haqqhesabın ödənilməsində gecikmə olmuşdur. X8 əmək müqaviləsinə xitam 01 may 2024-cü il tarixdə verilmişdir, Bakı şəhəri üzrə Təhsil İdarəsinə rəsmi qaydada məlumat 02 may 2024-cü il tarixdə verilmişdir. Lakin məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması və ləğv edilməsi üçün hər bir əsas olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən Bu Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Həmçinin həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əlavə əmək haqqı hesablanmalı olmasına baxmayaraq, X8 razılığı alınmadan o, istirahət günlərində işlərin yerinə yetirilməsinə cəlb edilmiş və ona əlavə gördüyü iş müqabilində əlavə ödəniş edilməmişdir. Qeyd olunan hal şikayətçinin və X8 məhkəmə iclasında verdiyi izahatları ilə də bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, işəgötürən tərəfindən işçiyə işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməli, həmçinin aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli və yaxud əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. X4 tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, X16 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, işçiyə ödənilməli olan son haqqhesab həmin tarixdən xeyli müddət keçdikdən sonra, yəni 29 may 2024-cü il tarixdə ödənilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında işçilərin əmək haqqları və son haqqhesablarının ödənilməsi qaydalarının Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tənzimləndiyini, bu səbəbdən işçi X5 haqq-hesabın ödənilməsində gecikmə olduğunu, həmçinin işçinin əmək müqaviləsinə 01 may 2024-cü il tarixdə xitam verilməsinə baxmayraq bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinə 02 may 2024-cü il tarixdə rəsmi məlumat verməsini vurğulasa da, bu hal ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən əmr imzalamaqla müəyyən tapşırıqlar versə də, həmin tapşırıqların yerinə yetirilməsinə nəzarət etməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi qanunvericilik Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək vəzifəsini bilavasitə məhz işəgötürənin üzərinə qoymuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri 86 nömrəli tam orta məktəbin direktoru X10 tərəfindən xx.xx.2024-cü il tarixdə X21 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməklə yanaşı, Bakı şəhəri üzrə Təhsil İdarəsinə onun son haqq hesabının ödənilməsi tapşırılsa da, Cavid Əliyev bir işəgötürən vəzifəli şəxs kimi həmin tapşırığın icrasına nəzarət etməli idi. Çünki, Əmək Məcəllənin 83.2-ci maddəsinin tələblərinə əməl etmək, yəni son haqq hesabın vaxtında verilməsini təmin etmək qanunvericiliyə əsasən bilavasitə işəgötürən şəxs kimi onun vəzifəsi idi. Son haqq hesabın vaxtında ödənilməməsi onun işəgötürən vəzifəli şəxs kimi inzibati məsuliyyətinə səbəb olur. Son haqq-hesabın sonradan ödənilməsi də, vəzifəli şəxsi (işəgötürəni) inzibati məsuliyyətdən azad etmir. Çünki, qeyd olunan hal inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aid deyildir. Məhkəmə həmçinin qeyd edir ki, işçinin əmək müüqaviləsinə xitam verilməsi və ona son haqq-hesabın ödənilməli olması barədə rəsmi məlumat Bakı şəhəri üzrə Təhsil İdarəsinə 1 gün gecikmə ilə 02 may 2024-cü il tarixdə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2652/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2652/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver