Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2669/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxs “X21 Klinikası” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs «X21 Klinikası» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «X21 Klinikası» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 12 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, 12 iyun 2024-cü il tarixdə, saat 13:15-də ünvan 1 ünvanında yerləşən «X21 Klinikası» MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət plastik cərrahi iş və sertifikatsız praktik tibb fəaliyyəti ilə məşğul olma faktları (X10 plastik cərrah) aşkar edilmişdir. Nəticədə hüquqi şəxs «X21 Klinikası» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxs “X21 Klinikası” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X13 Şöbəsinin müdir müavini X15 tərəfindən tərtib olunmuş 12 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12 iyun 2024-cü il tarixdə, saat 13:15-də ünvan 1 ünvanında yerləşən «X21 Klinikası» MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət plastik cərrahi iş və sertifikatsız praktik tibb fəaliyyəti ilə məşğul olma faktları (X10 plastik cərrah) aşkar edilmiş, nəticədə hüquqi şəxs «X21 Klinikası» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Həmin protokolun qeyd hissəsində “X21 Klinikası” MMC-nin qanuni nümayəndəsi Nümayəndə göstərilənlərlə razı olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 12 iyun 2024cü il tarixli, 373 nömrəli plandankənar (növbədən kənar) yoxlama aktından görünür ki, 12 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən özəl tibb müəssisəsi olan «X21 Klinikası» MMC-də şikayət əsasında plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlamanın birinci sualı üzrə qeyd olunur ki, tibb qeydiyyat sənədləri tam aparılmır. Diaqnoz ilə icra olunma prosedurları tam qeyd olunmur. Yoxlamanın ikinci sualı üzrə qeyd olunur ki, ümumi cərrahiyə ixtisası üzrə AH №36731 nömrəli, xx.xx.2019-cu il tarixli praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə malik olan X4 müəssisədə həkim plastik-cərrah vəzifəsində çalışdığı və plastik cərrahi iş üzrə fəaliyyəti aşkar edilmişdir. Bu barədə İXM-nin 215.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yoxlamanın üçüncü sualı üzrə qeyd olunur ki, müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi plastik cərrahi iş üzrə ambulator ilə stasionar tibbi xidmətin göstərilməsi faktı – xəstə X3 xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə icra olunmuş “buxaq liposaksiyası və platizmaplastika”, “Aşağı üzgərmə və kiçik kəsiklə boyungərmə” cərrahiyə əməliyyatı və tibb müəssisəsində hazırda icra olunan plastik cərrahi əməliyyatlar (liposaksiya, üzgərmə, bədən dolğuları, blyroplastika, platizma plastika). Bu barədə İXM-nin 215.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yoxlama zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin plastik cərrahiyyə üzrə mütəxəssis ekspertinin 07 iyun 2024-cü il tarixli, 273 nömrəli məktubundakı rəyi nəzərə alınmışdır. Aktın qeyd hissəsində sahibkarın nümayəndəsi Nümayəndə etiraz etdiklərini və məhkəməyə müraciət edəcəklərini qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3- 28-1/3-2-669/2024 saylı qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən «X21 Klinikası» MMC-yə məxsus tibb müəssisəsində AEM-nin Tibb Nəzarət şöbəsinin müdiri X11, AEM-nin Tibb Nəzarət şöbəsinin müdir müavini X15 və AEM-nin Tibb Nəzarət şöbəsinin mütəxəssisi X8 tərəfindən plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242116857 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən “X21 Klinikası” MMC-yə məxsus tibb müəssisəsinə xx.xx.2024-cü il tarixli Qərar əsasında plandankənar (növbədən kənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 26 fevral 2018-ci il tarixli lisenziyanın və ona əlavənin surətlərindən görünür ki, «X21 Klinikası» MMC-yə özəl tibb fəaliyyəti ilə (ümumi cərrahiyyə, ümumi cərrahi, stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji) məşğul olmaq üçün icazə verilmişdir. «X21 Klinikası Hospital» MMC ilə pasiyent X5 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, tərəflər bu müqaviləni lipoendolazer prosedurunun keçirilməsi üçün bağlamışlar. Pasiyentin ambulator kartından çıxarışdan görünür ki, X2 üzərində buxaq liposaksiyası və önboyungərmə (platizmaplastika) əməliyyatları icra edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 «X21 Klinikası» MMC-də cərrah plastik vəzifəsində çalışır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH036731 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmişdir. N.Nərimanov adına Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş AB-İ seriyalı 000563 nömrəli diplomdan görünür ki, X7 həkim ixtisası verilmişdir. Nəsimi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X12 tərəfindən qəbul edilmiş 16 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Nəsimi rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X12 tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həkim ümumi cərrah X6 plastik cərrahi əməliyyatların icrası faktları inzibati xəta tərkibi yaratdığından müvafiq olaraq İXM-nin 215.1 və 215.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə göndərildiyindən X6 və “LBC” klinikası barəsində inzibati icraatın başlanması rədd edilmişdir. X6 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin 29 iyul 2024-cü il tarixli, 682 saylı ekspert rəyindən görünür ki, “X21 Klinika” MMC-də X2 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş və ona “Buxaq sallanması” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Həmin tarixdə onun üzərində “Buxaq liposaksiyası və platizmaplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. “X21 Klinika” MMC-yə Gülşən İsmayılzadə xx.xx.2023-cü il tarixdə yenidən müraciət etmiş və ilkin əməliyyatdan sonra “Buxaq nahiyəsində boşluq və üz sallanması” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Həmin tarixdə onun üzərində “Aşağı üzgərmə və kiçik kəsiklə boyungərmə” cərrahiyyə əməliyyatı icra edilmişdir. 2-6. Gülşən İsmayılzadənin mütəxəssis müayinəsi zamanı “Buxaq liposaksiyası və ön boyungərmə” əməliyyatından sonra hazırda onda çənəaltı (11 sm) və qulaq önünün sol yanında qulağın arxasına qədər kobud çapıq izlərinin olduğu müəyyən edilmişdir ki, bu da toxuma xüsusiyyətindən asılı olan bir haldır, bunun da əməliyyatın icrası ilə səbəbli əlaqəsi istisna edilir. Qeyd edilən kobud çapıq toxuması ilə əlaqədar korreksiyaedici, estetik prosedurlar və əməliyyat aparıla bilər. 7. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Eybəcərləşmə məfhumu məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. 8.9.11. Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq çapıq toxumasının sağalma müddəti 9-12 ay ola bilər. Mütəxəssis müayinəsi zamanı hazırda Gülşən İsmayılzadədə kobud çapıq toxumasının formalaşdığı müəyyən edilmişdir. 10.12. Gülşən İsmayılzadəyə aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddələrinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 2.1-ci bəndində qeyd olunur ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 12 iyun 2024-cü il tarixdə, saat 13:15-də ünvan 1 ünvanında yerləşən «X21 Klinikası» MMC-yə məxsus klinikada keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət plastik cərrahi iş, həmçinin X1 praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Bununla da, hüquqi şəxs «X21 Klinikası» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “X21 Klinikası” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X21 Klinikası» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X21 Klinikası» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla «X21 Klinikası» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «X21 Klinikası» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. «X21 Klinikası» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 215.1-ci maddəsi ilə 6000 (altı min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2669/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2669/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver