Məhkəmə qərarları › İş №3(011)-2680/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2680/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2680/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər X10 İdarəsinin 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1903/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsi tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində Mehdi Mehdizadə küçəsi 28E küçəsi ilə (Xətai rayonu, Ali Məhkəmənin yanı) hərəkət edərkən DYP əməkdaşı onu saxlayaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduğunu, yəni ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozduğunu bildirmişdir. Yol Patrul Xidməti haqqında təlimatın tələblərini pozaraq xidmət aparan (4.7. YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Lakin mikrofonu sonradan işə salmışdır). DYP əməkdaşına maddədə qeyd olunan qayda pozuntusunu etməyi üçün yolun nişanlanmalı olduğunu, mövcud vəziyyətdə isə yolda parklanma nişanından başqa hər hansı bir nişanın olmadığını bildirsə də etirazına fikir verməmiş və barəsində İXM-nin 327.4-cü maddəsi ilə protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixində isə qərar qəbul edilmişdir. Bir tərəfli yolda hərəkət edən sürücü sağa döndüyü zaman həmin manevri ən sağ zolaqdan etməlidir. Sağa dönən zaman yolun sağ tərəfində yolun hərəkət istiqamətini müəyyən edəcək heç bir yol nişanı qoyulmamışdır. Sağa döndüyü yol əgər birtərəfli yoldursa, həmin yolun bir tərəfli olduğunu müəyyən etmək üçün müvafiq nişan yolun hər iki tərəfinə də qoyulmalı və əlavə olaraq hərəkət istiqamətində yerdə də hərəkət istiqaməti göstərilməlidir. Qərarla bağlı heç bir sübut edici material elektron kabinetə yerləşdirilməyib. Onun inzibati xəta törətməyi üçün hadisənin olduğu yerdə 327.4-cü maddədə qeyd olunan 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətləri olmalıdır. Ona görə də barəsində verilən qərarla razı deyil. Əməlində inzibati xəta tərkibi yoxdur, inzibati xəta hadisəsini törətməsi sübut olunmur. Qeyd olunan yerdə hər iki əks istiqamətdən də hərəkət edən nəqliyyat vasitələrinə də İXM-nin 327.4-cü maddəsi ilə cərimə yazılır. İnspektor nişanlama aparılmayan yolda inzibati xəta törədilib-törədilməməsini öz fikirlərinə əsasən müəyyən edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin yolda 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətləri olmamış, buna baxmayaraq həmin gün onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, hadisə zamanı qeydə alınmış videogörüntülər və fotoşəkillər ona məxsus elektron kabinetə yerləşdirilməmişdir. Həmin yerdə sözügedən nişanlanma xətlərinin olmamasını təsdiqləyən fotoşəkillər tərəfindən iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X10 İdarəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib olunmuş 01 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 15:53-də Mehdi Mehdizadə küçəsi 28e ünvanında “Volkswagen Passat minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhər X10 İdarəsinin polis mayoru X6 tərəfindən tərtib olunmuş 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 15:53-də Mehdi Mehdizadə küçəsi 28e ünvanında “Volkswagen Passat minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2024-cü il tarixdə, saat 15:53-də Mehdi Mehdizadə küçəsi 28e ünvanında “Volkswagen Passat minik” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında şikayətçi X4 izahatında bildirmişdir ki, həmin yolda 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətləri olmamış, buna baxmayaraq həmin gün onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş, hadisə zamanı qeydə alınmış videogörüntülər və fotoşəkillər ona məxsus elektron kabinetə yerləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X10 İdarəsi tərəfindən tərtib olunmuş 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhər X10 İdarəsi tərəfindən 10 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar