Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2681/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə X1, Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş X8 İdarəsinin İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarını ləğv edib, inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(011)-650/2025 nömrəli qərarı ilə müvafiq qərar ləğv edilmiş və iş yenidən baxılması üçün təkrar səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ilə təkrar əsassız olaraq eyni maddə ilə məsuliyyətə cəlb olunmuşdur. Yuxarıda göstərilən məhkəmə qərarının icrası ilə əlaqədar şikayətçi Bakı şəhər DYPİ-yə çağırılmış, DYPİ əməkdaşı Elnur Nərimanov işin faktiki hallarını araşdırmadan qanunsuz qərar qəbul edərək təkrar onu inzibati məsuliyyətə cəlb etmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, işin faktiki halları və məsələyə dair məhkəmənin mövqeyi preyudisial əhəmiyyətə malik Xətai RM-nin yuxarıda istinad olunan qərarında ətraflı şəkildə öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhər DYPİ- dən şikayətçiyə mobil telefon vasitəsi ilə mesaj gəlmiş, guya idarəsində olan avtomobillə bağlı inzibati icraat başlandığı bildirilmişdir. Həmin nömrə ilə əlaqə saxladığında isə tərəfindən xx.xx.2024-cü il tarixdə Xətai rayonu ərazisində yol hərəkəti əleyhinə inzibati xəta törətdiyi, həmin xətanın xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyata alınan videogörüntüsünün olduğu və bununla bağlı polis idarəsinə gəlməli olduğu bildirilmişdir. O isə polisin bu çağırışının qanunsuz olduğunu bildiyi üçün getməmiş, buna görə də ona bildirdikləri pozuntunun qeydə alındığı tarixdən düz 16 gün sonra onu İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə səlb etdilər. Şikayətçiyə təqdim olunan TP ******* nömrəli qərar isə yol polisinin bilavasitə müşahidə etdiyi inzibati xəta pozuntusu zamanı tərtib edilən qərara bənzəyir və xüsusi texniki vasitələrin köməyi ilə qeydiyyata alınması iddia edilən pozuntu ilə bağlı elektron qərar yox, bu formada sənədin qəbul edilməsi qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Bundan əlavə ASAN PAY portalında da barəsindəki müvafiq inzibati xətaya dair məlumatlar hissəsində “Əlavə edilmiş sənədlər (Foto/Video)” bölməsində hər hansı video görüntü mövcud deyildir. Məhkəmə iclasında X2 şikayətin təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, şikayətçi ifadəsində onu da bildirmişdir ki, inzibati orqan tərəfindən tərtib edilmiş protokol qanunvericilikdə nəzərdə tutulan prosessual qaydalara zidd tərtib edilmişdir. Belə ki, orqanın nümayəndəsi izahatında bildirsə də ki, o qayda pozan zaman yol patrul xidməti əməkdaşları bu qayda pozuntusunu görmüş lakin şəhərdə olan sıxlıq səbəbindən ona saxla əmri vermək onların imkanı xaricində olmuşdur və nəticədə bu barədə məlumat verdikdə “təhlükəsiz şəhər” kamerasından da onun qayda pozması aşkar edilməklə orqanın səlahiyyətli nümayəndəsi tərəfindən raport tərtib edilmişdir. O məhkəmənin nəzərinə çatdırmışdır ki raportun tərtib edilməsi üçün qanunvericilikdə iki hal nəzərdə tutulmuşdur və qeyd olunan halların heç biri buna aid deyil. Məhkəmə iclasında Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Şikayətçi adıçəkilən inzibati xətanı törətmişdir. Belə ki, o qayda pozan zaman yol patrul xidməti əməkdaşları bu qayda pozuntusunu görmüş lakin şəhərdə olan sıxlıq səbəbindən ona saxla əmri vermək onların imkanı xaricində olmuşdur və nəticədə bu barədə məlumat verdikdə “təhlükəsiz şəhər” kamerasından da onun qayda pozması aşkar edilməklə orqanın səlahiyyətli nümayəndəsi tərəfindən raport tərtib edilmişdir. Daha sonra şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 3(011)-650/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Daha sonra Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2024-cü il tarixdə, saat 18:16-da Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi-M.Mehdizadə küçələrinin kəsişməsində “Toyota Rav-4 Hibrid minik” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Belə ki, X4 tərəfindən sözügedən inzibati xəta hadisəsinin 12 noyabr 2024-cü il tarixdə törədilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın 13 dekabr 2024-cü il tarixdə qəbul edilməsi, şikayətçinin ASANPAY portalında barəsindəki müvafiq inzibati xətaya dair məlumatlar hissəsində “Əlavə edilmiş sənədlər (foto/video)” bölməsində hər hansı video görüntünün olmaması şikayətçi barəsində tərtib edilmiş qərarın elektron qərar olmamasını mübahisəsiz edir. Məhkəmə eyni zamanda, iş materiallarında olan X7 İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raporta münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası “Yol-patrul xidməti haqqında Təlimat”-da raportun yol patrul xidməti əməkdaşları tərəfindən hansı hallarda tərtib edilməsi dəqiq olaraq nəzərdə tutulmuşdur. Lakin Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətə etirazında qeyd etdiyi hallar sözügedən raportun tərtib edilməsinə əsas verən hal olmaması aşkar edilmişdir. Belə ki, Yol-patrul xidməti haqqında Təlimat”-ın 7.1.4-cü bəndinə əsasən hərəkət iştirakçıları ilə ünsiyyətdə cinayət faktlarına dair alınmış məlumatları təxirəsalınmadan müəyyən olunmuş qaydada daxili işlər orqanının növbətçi hissəsinə ötürməli və növbənin sonunda yuxarı vəzifəli şəxsə raportla məruzə etməlidir. Həmin təlimatın 7.11-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dayandırılması haqqında qərar hər bir konkret halda YPX inspektoru tərəfindən qanun pozuntusunun davam etdirilməsini istisna edən konkret şərait nəzərə alınaraq müstəqil şəkildə qəbul edilir. Nəqliyyat vasitəsinin sürücüsünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olan halda nəqliyyat vasitəsi dayandırılır. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma sürücünün sərxoşluq vəziyyətinə dair xüsusi texniki vasitələrin göstəricilərinə və ya tibbi müayinənin nəticələrinə uyğun olaraq həyata keçirilir. Tabesizlik göstərildikdə YPX inspektoru saxlanılmış nəqliyyat vasitəsinin sonrakı hərəkətinin mümkünlüyünü istisna edən tədbirlər görür (təkərin fırlanmasının qarşısını alan, bloklayan texniki qurğudan və ya digər vasitələrdən istifadə etməklə), bu barədə növbətçi hissəsini məlumatlandırır, şahidlərin iştirakı ilə polis əməkdaşının qanuni sərəncamı və ya tələbinə qərəzli tabesizliyə görə pozuntu haqqında raport tərtib edir, qanun pozuntusunu törətmiş şəxsin ən yaxın daxili işlər orqanına gətirilməsi üçün tədbirlər görür, müvafiq görüntüləri təqdim edir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şikayətçinin şikayəti əsasında protokol yenidən araşdırılması üçün göndərildikdə eyni məzmunlu qərar qəbul edilmişdir. Odur ki, məhkəmə yuxarıda istinad olunanlara əsasən hesab edir ki, qərarın verilməsi ilə bağlı inzibati orqan tərəfindən həyata keçirilmiş prosessual qaydalara düzgün əməl edilmədiyindən, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati xəta haqqında qərardan X3 verdiyi şikayəti təmin edilməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-2681/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2681/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver