Məhkəmə qərarları › İş №3(011)-2687/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2687/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2687/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə 05 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə etiraz təqdim edərək bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN №: ******* nömrəli “İnzibati xəta haqqında” Protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Şəxs MMC-nin Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsil ilə təqsirli bilinməsi əsası kimi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələbləri müəyyən olunmuşdur. İlk öncə onu bildirmək istəyirlər ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN №: ******* nömrəli “İnzibati xəta haqqında” Protokolun tərtib edilməsi doğru deyildir, çünki onlardan illik maliyyə hesabatlarını audit rəyi ilə birlikdə internet səhifələrində və mətbu orqanlarında dərc etdirilməsi tələb edilməmişdir. Belə ki, Şəxs MMC “Mühasibat uçotu haqqında” Qanun üzrə ictimai əhəmiyyətli qurum statusuna malik deyil, ona görə də hesabat təqdim etmək və dərc etmək vəzifəsi yoxdur. Buna baxmayaraq cəmiyyətin internet saytında qeyd olunan məlumat olmuşdur, lakin sayt bir müddət öncə texniki səbəblərdən müvəqqəti olaraq fəaliyyətini dayandırmış, yaxın zamanlarda bərpa olunacaqdır. Bu səbəbdən, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 24 fevral 2025-ci il tarixli, 3-23/2- 1241/2025 nömrəli bildiriş məktubundan görünür ki, Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə 05 mart 2025-ci il tarixdə, saat 11:00-da Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsində baxılacaqdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 05 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə -vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 462.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, audit rəyinin internet səhifəsində və ya mətbu orqanda dərc edilməməsi həmin maddə ilə məsuliyyətə səbəb olmur. Lakin Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokolda Şəxs MMC-nin 2023-cü il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2024cü ildə audit rəyi ilə birlikdə internet səhifəsindəvə ya mətbu orqanda dərc etdirmədiyinə görə” barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi göstərilmişdir. Lakin hansı əsasla audit rəyinin Şəxs MMC tərəfindən birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməsi olması əsaslandırılmamış, bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən ictimai əhəmiyyətli qurumlardan 2020-ci il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda 2021-ci ilin iyun ayının 30-dək dərc edilməlidir. İş materiallarında olan internet səhifəsindən çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarını 2024-cü ilin dekabr ayının 24-də auditor rəyi ilə birlikdə internet səhifəsində dərc edilməsini təmin etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olmasına dair sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında Şəxs MMC, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar