Məhkəmə qərarları › İş №3(011)-2692/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2692/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2692/2023 28.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhər X1 İdarəsindən daxil olmuş 14 iyun 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən idarə olunan “Hyundai i30” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə Bakı şəhər X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhər X1 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri, Xətai rayonunda 14 iyun 2023-cü il tarixdə onu idarə etdiyi “Hyundai i30” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşını yol patrul inspektoru tərəfindən dayandırılmış və nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Yol patrul inspektoru nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edildiyini bildirmişdir. Bu səbəbdən də nəqliyyat vasitəsini duracağa yerləşdirmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, sözügedən qurğu isə heç bir şəkildə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirmir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərkən iştirakı təmin edilməmişdir. Odur ki, inzibati xəta haqqında protokol tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, iş materiallarında olan 14 iyun 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən idarə olunan “Hyundai i30” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan yol patrul inspektrou, polis kapitanı Zaur Tağıyev tərəfindən verilmiş izahatdan görünür ki, “Hyundai i30” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşında dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edildiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılmış və inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Hyundai i30” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşında dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edildiyi üçün 14 iyun 2023-cü il tarixdə, saat 15:50-də yol patrul inspektoru Zaur Tağıyev tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda tərtib edilmişdir. Həmin avtomaşına baxış zamanı onun üzərində çox avazlı səs siqnalı quraşdırılması aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, iş materiallarında olan sübutlar tam, hərtərəfli və obyektiv araşdırılaraq, o cümlədən məcmu halında qiymətləndirilərək müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş materillarında sənədlərin bir qismində dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edilməsi, digər qismində isə çox avazlı səs siqnalı quraşdırılması göstərilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda isə ümumiyyətlə inzibati xətanın mahiyyəti və digər ələmətlər qeyd edilmədiyinə görə konkret olaraq istinad olunan 342.9-cu maddəsində göstərilən inzibati xəta hadisənin hansının olduğu müəyyən etmək mümkün olmamış, bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə məhkəməyə təqdim etdiyi fotoşəkil və dövlət orqanı tərəfindən göndərilən material müqayisəli qiymətləndirilərək belə qənaətə gəlinmişdir ki, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edilməsi faktı inzibati xəta haqqında icraatın başlanmasına səbəb olmuşdur. Nəqliyyat vasitəsinə baxış protokolu tərtib edilərkən isə inzibati xətalar qanunvericiliyinin normalarının pozuntusuna yol verilmişdir. Belə ki, həmin protokolda nəqliyyat vasitəsinin sahibi imza etməmiş və izma etməməsinə dair imtina ilə bağlı qeyd qoyulmamışdır. Həmçinin, maddi sübutun qeydə alınması məqsədi ilə fotoşəkillərin və ya videoyazıların aparılması tətbiq edilməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş video diskə baxış keçirilmiş, lakin diskdə heç bir informasiya olmamışdır. Həmçinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, “Hyundai i30” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsində mövcud olan, qoşqu üçün nəzərdə tutulmuş qurğu dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 93.4-cü maddəsinə əsasən, maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. Həmin Məcəllənin 93.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 53, 105, 76, 114 və 115 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar