Məhkəmə qərarları › İş №3(011)-2695/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2695/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2695/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.04.2020ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.04.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 03.04.2020-ci il tarixdə Əhmədliyə maaş almaq üçün gəlmişdi. Karantinin təzə vaxtları idi və məcburi qaydada maska taxmalı olduğundan xəbəri yox idi. Bu zaman iki polis əməkdaşı ona yaxınlaşaraq xəbərdar etdikdən sonra xəbərdarlıq protokoluna imza atmasını başa salmışlar. Odur ki, barəsində qəbul edilmiş 03.04.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin aprel ayında polis əməkdaşları bankomatın qabağında ona xəbərdarlıq etdiklərini bildirmişlər. Qanunu pozduğunu etiraf edir, lakin polis əməkdaşları tərəfindən aldadılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş 03.04.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X1 03.04.2020-ci il tarixdə icazəsi olmadığından karantin qaydalarını pozduğu əsas gətirilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmiş və barəsində 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 2 aprel 2020-ci il tarixli 124 nömrəli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə 01 may 2020-ci il tarixli qərarına əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında dəyişikliklər edilməklə həmin qərarın 4.1. 1-ci hissəsində “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilmişdir. Müəyyən edilmişdir ki, X2 03.04.2020-ci il tarixdə polis əməkdaşı tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarına əməl olunub-olmaması məqsədi ilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olub-olmaması yoxlanılmış, həmin tarixdə yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olmadığı müəyyən olunmuş, bu səbəbdən şikayətçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətçi məhkəmə araşdırması zamanı karantin rejimi qaydalarını pozduğunu etiraf etmişdir. Məhkəmə, şikayətçinin polis əməkdaşları tərəfindən aldadılaraq xəbərdarlıq protokoluna imza atması ilə razılaşmır və qeyd edir ki, S.Ş.Abdullayeva yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumatı xəbəri olmadığı üçün göndərməməsi onu baş vermiş inzibati xəta hadisəsinə münasibətdə məsuliyyətdən azad edə bilməz və bunun nəticəsi olaraq qəbul edilmiş qərar qanunsuz qiymətləndirilə bilməz. S.Ş.Abdullayevanın inzibati xətanın törədildiyi zaman, yəni 03.04.2020-ci il tarixdə müvafiq icazəsi olmamış, bununla da, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə, X1 İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 03.04.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş 03.04.2020ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar