Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2696/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Vəkil və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Ağsu rayonu, Aratkənd kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 14 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı icra vərəqələrinə əsasən borclu Şəxs 236411 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməlidir. Lakin borclu borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasına qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, Şəxs əmək haqqısından və pensiyasından borc üzrə ödənişlər tutulur, sonuncu dəfə, yəni 12 aprel 2025-ci il tarixdə 10300 manat borcundan ödəniş etmişdir, bundan əlavə çağırışlardan yayınmır, vaxtı vaxtında icra şöbəsinə gəlir. Beləliklə o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qərar qüvvəyə mindiyi gündən hər ay təqaüdünün və əmək haqqısının yarısını təşkil edən 400 manat məbləğində pul tələbkar hesabı dəfələrlə istənilməsinə baxmayaraq qəsdən təqdim etmədiyi üçün İcra Şöbəsinin depozit hesabına köçürülmüşdür (tutma əmək haqqına və təqaüdünə yönəldilmiş və ümumilikdə bu günədək 5325 manat pul depozitə köçürülmüşdür). Eyni zamanda nağd şəklində şöbənin depozit hesabına 10300 manat ödəniş etmiş və ümümilikdə borc üzrə 15625 manat ödəmişdir. Keçən ilin sonu inzibati qərar Apellyasiya Məhkəməsində qüvvəyə mindikdən sonra qarşı tərəf ona yaxınlaşaraq icra vərəqələrində qeyd olunmuş pul əvəzində ona Nərimanov rayonu ərazisində ikiotağlı təmirsiz mənzilin verilməsini təklif etmiş və o da uşağlarının mənzil məsələsini həll etmək üçün ipotekaynan Xətai rayonu ərazisində üç otaqlı və ya onun istədiyinə uyğun Nərimanov rayonu ərazisində iki otaqlı təmirsiz mənzili götürməyə razılıq vermişdir. Əvvələr o, bu borc əvəzinə ona mənzil təklif edirdi, lakin o, razı olmurdu. O, qarşı tərəfin qeydiyyatda olduğu ünvanda (ünvan 2taqlı mənzil taparaq ona şəkilləri ataraq həmin mənzillərə baxmağı təklif eləmişdir ki, onlardan birini seçsin. Bir müddət sonra o, Nərimanov rayonu ərazisində özünün bəyəndiyi üç otaqlı mənzilin şəkillərini ona göndərmişdir. Həmin mənzil ipotekaynan onun büdcəsinə uyğun olmadığı və mənzilin ikiqat baha başa gəldiyi üçün ona narazıçılığını bildirmiş və o, yenidən ona Nərimanov rayonu ərazisində iki otaqlı təmirsiz mənzil barədə aralarında razılığın olduğunu bildirmişdir. Əvəzində o, insanlığa yaraşmayan formada onu təhqir etməyə başlamış və “səni mən həbs elətdirəcəyəm” sözləri ilə hədə qorxu gəlmişdir və evləri qəbul etməkdən imtina etmişdir. Burdan görünür ki, o, uşaqların mənzil məsələsinin həll olunmasına qəsdən imkan vermir, çünki qarışıq fikirlər bildirir və uşaqların haqqına girir. O, çalışır ki, çətinliklərinə baxmayaraq yaxınlarının köməyi ilə uşağların normal yaşaması üçün şərait yaratsın, İpoteka ilə alınan mənzil ikiqat baha gəlir və o, bu öhdəliyə girməyə hazırdır və məhkəmə qərarlarına hörmətlə yanaşaraq mənzil məsələsini tez bir müddətə həll etməyə çalışır. Lakin qarşı tərəf onunla düşmənçilik aparır və birbaşa məhkəmə qərarlarının icrasına mane olur. Gəlib icra şöbəsində səs küy salır, onların işlərinə mane olur. Əlinə pul düşdükcə daha çox ödəniş etməyə çalışacaq. Borcu hissə-hissə tam ödəməyə hazırdır və öhdəliyindən yayınmır. Onun sadəcə hazırki maddi vəziyyətini, həmçinin digər icra sənədi üzrə yaxın qohumlarının köməyi hər ay 510 manat aliment ödənişi edir və hazırda həmin aliment məbləği 816 manatadək qalxıb. Əlavə olaraq təkcə bu il 1140 manata yaxın əlavə pul uşaqlara ehtiyaclarına görə onlara göndərmişdir. Onun sağlamlığı qaydasında deyil. Gözdən üçüncü qrup əlildir. Sağ gözü 100 faiz görmür, əlillik dərəcəsi 100 faizdir və gözünə Rusiyada bioloji material qoyulub və gözünün qidalanması və çürüməməsi üçün gündə 3 dəfə təmizlənib daimi dərmanın tökülməsi mütləqdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə ona 47440 manat ödənilməli və həmin iş Binəqədi rayon İcra Şöbəsinin icraatındadır. Onun bacısı Gülzar Əzimovaya, bacısı oğlu Heydər Əzimzadəyə və digər bacısı Haqverdiyeva Gülərin xeyrinə onunla birgə ümümilikdə 138730 manat pul ödənilməli və həmin pulu aldıqda tələbkara ödəyəcək. Tam əmək qabiliyyətli deyil, 3-cü qrup gözdən əlildir və sağ gözü yüz faiz görmür, insulin dirənci olduğu üçün şəkər xəstəliyinə meyilliliyi var. Digər orqanlarında da problem var. Əlilliklə bağlı 150 manat təqaüd alır. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin izahatında göstərdiyi xüsusatları təsdiqləyərək barəsində başlanmış inzibati iş üzrə icraaat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqələrinə əsasən borclu Şəxs 236411 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə onun hesabına 10300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Şəxs ona təyin edilmiş aliment borcunu ödəsə də, digər borcunu imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınır. Bu səbəbdən icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən bugünədək ödənilməmişdir. Beləliklə o, icra məmuru tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşdığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 211000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 495 manatının tutularaq iddiaçı X2 ödənilməsi, həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 98 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 40330 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 211 manatının tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; bir neçə icra sənədinin ümumi icraatda birəşdirilməsi haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı icra sənədləri üzrə icra işləri ümumi icraatda birləşdirilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-5360/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir; "xxxx" ASC-dən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 375 manat, xx.xx.2025-ci il tarixdə 325 manat, xx.xx.2025-ci il tarixdə 325 manat, xx.xx.2025-ci il tarixdə 375 manat, xx.xx.2025-ci il tarixdə 10300 manat məbləğində pul vəsaiti Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin depozit hesabına ödənilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs gözdən 3-cü qrup əlildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmişin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-678/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3131/2023 saylı icra sənədlərinin icrasını tam olaraq təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı tam təmin etməmiş, icra sənədlərinin və icra qeydinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına və icra qeydinə vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), 3-cü qrup əlil olmasını, icra sənədləri üzrə yaranmış borcu ev təklif etməklə ödəməyə cəhd göstərməsini (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2696/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2696/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver