Məhkəmə qərarları › İş №3(011)-2697/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2697/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2697/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1972-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan Rayonu, Varlı ərazi dairəsi, İkinci Varlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-563/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli, 14 aprel 2025ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-563/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-818/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan 5.500 ABŞ dolları məbləğinin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə); 2(057)-46/2019 saylı xx.xx.2019-cu il tarixli və 2(057)- 585/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamələrinə əsasən tutulmalı olan 2.950 manat məbləğlərinin indeksasiyası aparılaraq, cəmi 2.939,70 (iki min doqquz yüz otuz doqquz manat yetmiş qəpik) pul məbləği Şəxs tutularaq Zərərçəkmiş şəxs Kəmaləddin oğluna ödənilməlidir. Borclu icra şöbəsində yazdığı izahatında icra sənədi üzrə bu günədək 650 manat ödəniş etdiyini bildirmiş, bir dəfə də 200 (iki yüz) manat məbləğində ödəniş etmiş, onu da səhvən başqa icra şöbəsinin depozitinə ödəmişdir. Bundan başqa borclu Şəxs icra sənədini icra etmədiyi üçün bu günə kimi barəsində on bir inzibati protokol tərtib olunmuş, CM-nin 306-cı maddəsi ilə cinayəti işi başlanmış, əməlində cinayət tərkibi olmadığı üçün Xətai Rayon Məhkəməsinin 2023-cü il tarixli qərarı ilə xitam verilmişdir. Bundan başqa həm özünün verdiyi ifadəsində həmdə elektron informasiya sistemində borclunun adına rəsmi əmək müqaviləsi və ya yönəldilə biləcək hər hansı bir əmlak yoxdur. Özü borcunu ödəyəcəyini bildirsə də konkret olaraq nə vaxt ödəyəcəyini bilmir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, borcunu ödəməməsinin səbəbi avtomobil qəzasına düşərək səhhətində müəyyən problemlər olmasıdır. Yaxın zamanlarda borcunu ödəyəcəyinə söz verir. Bundan başqa borcundan müəyyən qədər ödənişlər etmiş, sonuncu dəfə Kapital bank vasitəsi ilə ödəniş etmiş, bank əməkdaşının səhvi nəticəsində ödəniş səhvən Xəzər İcra şöbəsinə ödənilmişdir. Bu barədə icra məmuruna məlumat verdikdə ona məktubla Xəzər İcra şöbəsinə müraciət etməsini bildirmiş, o da məktubla müraciət etsə də ödəniş hələ Xətai icra şöbəsinin depozitinə keçirilməmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, borclunun məhkəmə qətnaməsi ilə borcu 12300 manatdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-563/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-818/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan 5.500 ABŞ dolları məbləğinin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə); 2(057)- 46/2019 saylı xx.xx.2019-cu il tarixli və 2(057)-585/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamələrinə əsasən tutulmalı olan 2.950 manat məbləğlərinin indeksasiyası aparılaraq, cəmi 2.939,70 (iki min doqquz yüz otuz doqquz manat yetmiş qəpik) pul məbləği Şəxs tutularaq ona ödənilməlidir. Borclu bu günə kimi cəmi bir dəfə 650 manat ödəniş etmişdir. Borclunun bu günə olan borcu 120000 manatdır. Borcun hissə-hissə ödənilməsinə razı deyildir. Bu barədə nazirliyə də müraciət etmiş, borclu barəsində cinayət işi açılacaq yenidən. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində maksimum həddə inzibati qaydada həbs tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-563/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-818/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan 5.500 ABŞ dolları məbləğinin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə); 2(057)-46/2019 saylı xx.xx.2019-cu il tarixli və 2(057)-585/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamələrinə əsasən tutulmalı olan 2.950 manat məbləğlərinin indeksasiyası aparılaraq, cəmi 2.939,70 (iki min doqquz yüz otuz doqquz manat yetmiş qəpik) pul məbləği Şəxs tutularaq Zərərçəkmiş şəxs Kəmaləddin oğluna ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 14 aprel 2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar