Məhkəmə qərarları › İş №3(011)-2701/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2701/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2701/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 28 iyul 2022-ci il tarixdə saat 01:30 radələrində “VAZ 2105” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Gəncə prospekti, “Araz” marketin qarşısında hərəkətdə olarkən polisin “saxla” əmrinə tabe olmamış, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmış, əks istiqamətli hərəkət zolağına çıxmış, yaşayış binalarının arasına daxil olub əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, yol hərəkəti qaydalarını pozmuş, dəfələrlə saxlanılması barədə göstəriş verilsə də, öz əməllərini davam etdirmiş, PPXB-nin köməyilə avtomobil saxlanılmış, sürücü polis əməkdaşlarını söyərək təhqir etmiş, həmçinin polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Xətai rayonu X12 Şöbəsinin YPX-nin inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 iyul 2022-ci il tarixli İXP ******* nömrəli protokol və Xətai RPİ 35-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 iyul 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 28 iyul 2022-ci il tarixdə Zığ yolu ilə hərəkətdə olarkən polis əməkdaşı “saxla” işarəsi vermiş, ona tabe olmayıb hərəkətini davam etdirmiş, daha sonra onun avtomobilini saxlatmışdılar. Özünü itirdiyi və həyacanlı olduğu üçün maşını saxlamamışdır. Özünü təqsirli bilərək əməlindən peşman olmasını, şəhid ailəsi olmasını, atasının Şuşada itkin düşdüyünü qeyd etmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai rayonu X12 Şöbəsinin YPX-nin inspektoru X7 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən saat 01:30 radələrində “Opel” markalı avtomobilin sürücüsü yaxınlaşaraq “VAZ 2105” markalı avtomobilin sürücüsünün onun maşınını vuraraq hadisə yerindən getməsi barədə məlumat vermişdir. “Saxla” əmrinə tabe olmamış, hərəkət surətini artıraraq əks istiqamətli hərəkət zolağına çıxmış, yaşayış binalarının arasına daxil olub əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, yol hərəkəti qaydalarını pozmuş, dəfələrlə saxlanılması barədə göstəriş verilsə də, öz əməllərini davam etdirmişdir. Zeytun küçəsində həmin avtomobili saxlamış, sürücüyə yaxınlaşanda o, maşının qapılarını içəridən bağlamış, hərəkətini davam etdirib maşının yanı ilə sürüb getmiş, Xəzər dairəsinə çatdıqda yanacağı bitdiyi üçün dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai rayonu X12 Şöbəsinin YPX-nin inspektoru X1 İlqar Elman oğlunun ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan hadisə baş verən vaxt çəkilmiş videogörüntülərdən görünür ki, Şəxs 28 iyul 2022-cu il tarixdə saat 01:30 radələrində “VAZ 2105” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 iyul 2022-ci il tarixdə 02:20 radələrində tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun özünün, şahidlərin ifadələri, iş materialları və videogörüntü ilə sübuta yetirilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs törətdiyi inzibati xətaların hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən ona nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar