Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2719/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X2 və Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Firmasının (VÖEN **********) ünvanına 29 aprel 2021-ci il tarixdə Rusiya Federasiyasının “X4” şirkəti tərəfindən göndərilən mühərrik və digər yağlardan ibarət mallar **********3967 nömrəli gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük sərhədinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Buna görə də Şəxs Firması barəsində 17 iyun 2021-ci il tarixli 13000-0405/21 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, 27.04.2021-ci il 09:00-dan-28.04.2021-ci il 18:00-a qədər “Elektron Hökumət” portalında baş vermiş texniki nasazlıqlar səbəbindən gömrük bəyannamələrinin təqdim edilməsi mümkün olmamışdır. Buna görə də qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, gömrük orqanına təqdim edilmiş bank çıxarışından görünür ki, qısa idxal bəyannaməsinə görə dövlət rüsumu 26.04.2021-ci il tarixdə hesabdan silinmişdir. Həmin bank çıxarışı ən tez halda 27.04.2021-ci il tarixdə tərəflərindən əldə edilmişdir. Vəsaitin hesabdan silinməsinə dair təsdiqedici sənədi aldıqdan sonra, yəni 27.04.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək təsdiq düyməsini dəfələrlə basaraq qeyd etməyə cəhd etmişlər. Lakin gömrük orqanının bildirdiyi kimi həmin tarixlərdə elektron sistemdə problem olduğundan təsdiqlənmə baş tutmamışdır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi tərəfindən ünvanlanmış xidməti qeydin surətindən görünür ki, 27.04.2021-ci il 09:00-dan-28.04.2021ci il 18:00-a qədər “Elektron Hökumət” portalında baş vermiş texniki nasazlıqlar səbəbindən gömrük bəyannamələrinin təqdim edilməsi mümkün olmamışdır. Bu səbəbdən qısa idxal bəyannaməsi verilmədən ölkə ərazisinə daxil olan mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı qeyd olunanları nəzərə almağı xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib edən dövlət orqanının nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs Firması barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Firması tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməməsi gömrük orqanının elektron sistemində baş vermiş nasazlıqla əlaqədar olmuşdur. Bu fakt qısa idxal bəyannaməsinin verilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Firmasının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2719/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2719/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver