Məhkəmə qərarları › İş №3(011)-2721/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2721/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2721/2021 02.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 10 iyun 2021-ci il tarixli 00100-1101/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 01 iyun 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2675 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, İsveçrədə fəaliyyət göstərən “UEFA Events SA” şirkətindən 20210508B nömrəli 08.05.2021-ci il tarixli invoys sənədinin müşaiyəti ilə 76AAH600/76AAG163 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının ərazisinə gətirməzdən əvvəl idxalatçı tərəfindən 29.05.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən” əldə olunmuş “malların çatdırılması və boşaldılması” barədə çıxarışdan və **********2675 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, İsveçrədə fəaliyyət göstərən “UEFA X5 De Geneve” şirkətindən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ünvanına gələn məmulatlar ölkə ərazisinə 29 may 2021-ci il tarixdə gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 iyun 2021-ci il tarixli 00100- 1101/21 nömrəli protokoldan görünür ki, İsveçrədə fəaliyyət göstərən “UEFA Events SA” şirkətindən 20210508B nömrəli 08.05.2021-ci il tarixli invoys sənədinin müşaiyəti ilə 76AAH600/76AAG163 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının ərazisinə gətirməzdən əvvəl idxalatçı tərəfindən 29.05.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə həmin yüklərə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir; Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndəsi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində verdiyi izahatında bildirmişdir ki, Gömrük İdarəsində **********2675 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, İsveçrədə fəaliyyət göstərən “UEFA Events SA” şirkətindən göndərilmiş yükləri daşıyan 76AAH600/76AAG163 nömrəli nəqliyyat vasitəsi sərhədi keçənədək gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb isə daşıyıcı şirkət sənədləri onlara gec gğndərmişdir, bu səbəbdən də qısa idxal bəyannaməsini yazmamışlar. Gömrük qaydalarını pozduqlarını etiraf edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ünvanına İsveçrədə fəaliyyət göstərən “UEFA Events SA” şirkətindən 76AAH600/76AAG163 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş yüklər **********2675 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin idxalatçı tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar