Məhkəmə qərarları › İş №3(011)-2729/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2729/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2729/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinın hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nın barəsində tərtib olunmuş MN ******* nömrəli 21 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, MMCnin Xətai rayonu, C.Kərimov küçəsində yerləşən yaşayış binalarının həyətyanı sahəsinin antisanitar vəziyyətdə olması, bina sakinləri tərəfindən formalaşan bərk məişət tullantılarının binanın ətrafında qalaqlanması faktı aşkar olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinın 10.08.2021-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, inzibati xəta haqqında protokolda MMC tərəfindən Xətai rayonu, C.Kərimov küçəsində yerləşən yaşayış binalarının həyətyanı sahəsinin antisanitar vəziyyətdə saxlanılması və bina sakinləri tərəfindən formalaşan bərk məişət tullantılarının binanın ətrafında qalaqlanması faktının aşkar edilməsi göstərilmişdir. İnzibati xətanı aşkar edən orqan tərəfindən qeyd edilən ünvan üzrə obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, Xətai rayonu, C.Kərimov küçəsində yerləşən yaşayış binaları Şəxs MMC-nə məxsus deyildir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsindən alınmış məktubdan da məlum olur ki, Şəxs MMC tərəfindən inşa edilmiş yaşayış binaları Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, Xudu Məmmədov küçəsi, 2944 “A” saylı məhəllədə yerləşirlər. İnzibati xəta haqqında protokolun əsassız olması özünü onda ifadə edir ki, həmin protokolu yazan şəxslər ümumiyyətlə sözügedən yaşayış binalarının kimə məxsus olmalarını və kimin istifadəsində olmalarını araşdırmamış, heç bir aidiyyəti olmayan hüquqi şəxsi - Şəxs MMC-ni törədilmiş inzibati xətada təqsirli bilərək protokol tərtib etmişlər. Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən ərazidə tullantıların toplanması üçün konteynerlər mövcuddur və konteynerlərin hamısı boşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs MMC-nin fəaliyyəti 25.10.2016-cı il tarixindən 25.10.2021-ci il tarixinədək dayandırılmışdır. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tullantıların idarə olunması ilə bağlı tərtib olunmuş aktda da Xətai rayonu, C.Kərimov küçəsində yerləşən yaşayış binalarının Şəxs MMC-ə məxsus olması sübut edilməmişdir. O cümlədən akt tərtib olunarkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir Azərbaycan Respublikası İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nın 78-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nın 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi ümumiyyətlə tullantıların kim tərəfindən qalaqlanması, həmin ərazinin Şəxs MMC-ə məxsus olması sübuta yetirilməmiş, buna dair iş üzrə heç bir sübut toplanılmamış, ehtimallar əsasında Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Fotoşəkil yalnız xətanın baş verməsini təsdiqləyir. Xətanın kimin tərəfindən törədilməsi fərziyələrə əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nın əməlində inzibati xəta tərkibi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar