Məhkəmə qərarları › İş №3(011)-2732/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2732/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2732/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Maliyyə Nazirliyindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sosial şəbəkələrdə “Uberfly” ən böyük və ən etibarlı şirkətdir, ən yüksək bonuslar yalnız “Uberfly”da – məzmunlu reklamlarda bilə-bilə yalan məlumatlar verdiyi müəyyən edilmişdir. 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparmaması müəyyən edilmişdir. Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin böyük məsləhətçisi X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi ilə 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçü Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası bir dəfə tərəfin iştirakını təmin etmək üçün təxirə salınmışdır. Nə qədər ki, hazırkı məhkəmə iclasında tərəf iştirak etmir və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermir, məhkəmə tərəfin məhkəmə iclasından məlumatlı olduğunu və könüllü olaraq iştirak etmədiyini nəzərə alaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 12 mart 2025-ci il tarixli bildirişindən görünür ki, Şəxsnə reklam qanunvericiliyinin pozulması ilə bağlı bildiriş göndərilmiş və protokolun tərtib edilməsində nümayəndəsinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə videogörüntülər təqdim etmiş və məhkəmə iclasında həmin videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs reklamda sürücülərə ən yüksək bonuslar vəd edərək sürücüləri şirkətə müraciət etməyə dəvət edir. Aparılan araşdırılmalardan bonusların həcmi ilə bağlı aidiyyəti qurumdan məlumatlar istənilsə də şirkət buna dəlalət edən hər hansı sübutu nə araşdırma aparan orqana, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsinə əsasən əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə-fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hüquqi şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsi ilə təqsirli bilənərək barəsində 4.000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar