Məhkəmə qərarları › İş №3(011)-2738/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2738/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2738/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı”nın etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1945/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Böyük icra məmuru X3 tərəfindən 26 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra məmuru X3 məhkəməyə verdiyi izahatında göstərdi ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2in(82)-1945/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən, 26 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqına” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin X2 ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X4 rayon şöbəsinə (bundan sonra DSMF-nin Xətai rayon şöbəsi) həvalə edilmişdir. İcra sənədi 08 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına icra sənədini könüllü icra etməsi barədə bildiriş və xəbərdarlıq məktubları göndərilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzrlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında göstərdi ki, nümayəndəsi olduğu qurum məhkəmə qərarının icrasından yayınmır. Qeyd olunan dövr üçün əməkhaqqı barədə arayış təqdim edilmədiyindən sözügedən qərarı icra etmək mümkün olmamışdır. Barələrində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1945/2012 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş qanuna əsasən yenidən hesablanması və yaranacaq fərqin tələbkara ödənilməsi vəzifəsi AR DSMF-nin Xətai rayon şöbəsinə həvalə olunmuşdur. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 15 dekabr 2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar