Məhkəmə qərarları › İş №3(011)-2742/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2742/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2742/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və X1 iştirakı ilə, X1 Suraxanı RPİ 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı RPİ 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 05.07.2021-ci il tarixdə tanışları ilə birgə Yeni Günəşli qəsəbəsi, Massiv V, Samir Cəfərov küçəsi 12 ünvanında yerləşən futbol meydançasında futbol oynamağa getmişdi. Həmin gün təxminən 23:45 radələrində futbol yekunlaşdıqdan sonra soyunub-geyinmə otağına gedərək, hamamda yuyunmağı və paltarlarını dəyişik getməyi planlaşdırarkən Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları ona və digər tanışlarına yaxınlaşdılar. Tək-tək növbə ilə içəri girməyi planlaşdırmışdılar. Bu zaman o, hələ paltar geyinmə otağına girməmişdilər. Polis əməkdaşı ilkin olaraq onlara bildirdi ki, yaxınlıqdakı bina sakinləri səs-küy olmasından şikayət olduğu üçün gəlmişdirlər. Onlar bildirdilər ki, artıq futbol yekunlaşmışdır və evlərinə gedirlər. Həmçinin bildirdilər ki, səs-küy məsələsi ilə bağlı stadion rəhbərliyinə müraciət edilməsi məqsədəmüvafiqdir. Çünki stadion iş rejimi elə planlaşdırılmalıdır ki, vətəndaşları narahat etməyən vaxtda futbol oynanılması təşkil edilsin. Bundan sonra polis əməkdaşları əsəbiləşərək hər hansı əsasla onları inzibati məsuliyyətə cəlb etmək istəmişdirlər. Onlara bildirilmişdir ki, maskadan istifadə etmədikləri üçün karantin qaydalarını pozmuşdular. Buna görə də əsassız və qanunsuz olaraq, onun və digər tanışları barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 06.07.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 200 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 06.07.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olmadığı qanunvericilik aktlarının tələbləri düzgün tətbiq edilmədən və hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, “Xüsusi karantın rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublİaksı Nazirlər Kabinetinin 26 may 2021-cı il tarixli 151 nömrəli Qərarının 2.1-ci bəndi ilə 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s) istifadə edilməsi tələbi ləğv edilmişdir. Açıq havada maska taxılması tələbi olmadığı halda, qanunsuz olaraq, maska taxılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları açıq havada maska tələbi olmadığı halda, bunu nəzərə almaq istəməmişdirlər. Burada iki səbəb mövcuddur. Birinci onlar guya koronovirus qaydaların pozuntularının qarşısını aldıqları barədə öz statistikalarının sayını artırmaq istəyirlər, ikinci ən əsas məqam isə tətbiq olunmuş cərimələrin 30 faizi qanunvericiliyə uyğun olaraq qeyd olunan orqanın hesabına keçirilir. Bu isə həmin qurumun əməkdaşlarında stimul yaradır ki, əsassız və qanunsuz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq, şəxsin təqsirini müəyyən etmədən əsassız inzibati cərimələr tətbiq etsinlər. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibatı xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin göründüyü kimi inzibati xəta haqqında qərar qəbul edən qurum tərəfindən bu hallar müəyyən edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolda və qərarda inzibati xətanın törədilmə yeri, vaxtı, şəraiti dəqiq göstərilməsi tələb olunduğu halda, qanunvericiliyin tələbi pozulmuş, ümumi cümlələrlə 211.1-ci maddədə nəzərdə tutulmuş xətanın törədildiyi göstərilmişdir. Yuxarıda göstərilənlərdən də göründüyü bmi, inzibati xəta hadisəsi olmadığı, həmçinin onun əməlində inzibati xəta tərkibi olmadığı üçün Suraxanı RPİ 33-cü Polis Bölməsinin 06.07.2021-ci il tarixli, EPQ №1076651 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün bütün əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Suraxanı RPİ 33-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Suraxanı RPİ 33-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 barəsində Suraxanı RPİ 33-cü Polis Bölməsi tərəfindən 06.07.2021-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən, inzibati xətanın mahiyyəti göstərilməmişdir. Heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən, iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Suraxanı RPİ 33-cü Polis Bölməsi tərəfindən 06.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Suraxanı RPİ 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Suraxanı RPİ 33-cü Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Suraxanı RPİ 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.07.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Suraxanı RPİ 33-cü Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar