Məhkəmə qərarları › İş №3(011)-2749/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2749/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2749/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş MN ******* saylı, 19 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehlakçının məlumat almaq hüququ pozulmuşdur.Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 453-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 izahat verərək bildirdi ki, inzibati xətanın tərkibini yaradan hadisə yoxdur. Belə ki həmin malın qüsurlu olduğunu və bu barədə məlumatı şirkətin saytında texniki problemlərlə əlaqədar olaraq yerləşdirilmədiyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 453-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan X6 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlamış olan elektron şikayət ərizəsindən görünür ki, 30 aprel 2023-cü il tarixdə şirkətə zəng edərək “Arçelik AWX 6211 W” paltaryuyanını almaq istədiyini demişdir. Ona malın olmadığını və 80 manat baha başqa mal təklif etmişdirlər. Bunun düzgün olmadığını, məlumatların vaxtlıvaxtında saytda yenilənməli olduğunu, əks halda bunun müştəriləri aldatmaq olduğunu bildirmişdir. Bunun saytda olan “texniki problemlə” əlaqələndirmişdirlər. İş materiallarında olan foto şəkildən görünür ki, “Arçelik AWX 6211 W” markalı paltaryuyan maşın saytda yerləşdirilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı 25 may 2023-cü il tarixli məktubdan görünür ki, X6 30 aprel 2023-cü il tarixdə “CallCenter” zəng mərkəzinə müraciət edərək “Arçelik AWX 6211 W” markalı paltaryuyan maşın sifariş etmək istəyini bildirmişdir. Qeyd olunan məhsuldan anbarda cəmi iki ədəd qaldığından və hər ikisi qüsurlu olduğundan müştəriyə həmin məhsuldan anbarda olmaması, texniki səbəblərdən internet saytında qalması bildirilmiş və digər modellər təklif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar