Məhkəmə qərarları › İş №3(011)-2757/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2757/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2757/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru Mikayıl İsmayılov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1972-ci ildə təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Q.Quliyev küçəsində yerləşən “Bravo” marketdə ATM-də X2 məxsus 170 manat pulu götürmüşdür. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru Mikayıl İsmayılov tərəfindən 02 avqust 2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, maddi imkanı olmadığından həmin hadisəni törətmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasına zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə “Bravo” marketdə ona məxsus olan 170 manat pulu oğurlamışdır. Oğurluq nəticəsində ona dəymiş zərər ödənilməmiş və bu səbəbdəndə həmin şəxs barəsində inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə inspektoru Mikayıl İsmayılov işin hallarını təsdiq edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərəfindən İnzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Aslan Rəhimov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin 36-cı PB-nin aidiyyəti əməkdaşlarına göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs 01 avqust 2023-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən, ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 28.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə; 28.4.2. hamilə qadınlara; 28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara; 28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; 28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə; 28.4.6. hərbi qulluqçulara. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış olan portaldan görünür ki, Şəxs 2-ci qrup əlillidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xaraterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar