Məhkəmə qərarları › İş №3(011)-2760/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2760/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2760/2021 10.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X1 və onun nümayəndəsi X10, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi, protokolu tərtib etmiş şəxs X9 iştirakları ilə, X16 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və 16.06.2021-ci il tarixli, **********7/21 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X22 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və 16.06.2021-ci il tarixli, **********7/21 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının və həmin qərarla ona tətbiq edilmiş 1000 manat məbləğində cərimənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 3(011)-2760/2021 saylı qərarına əsasən X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.09.2021-ci il tarixli, 3(103)-2114/2021 saylı qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 3(011)-2760/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmşdır ki, X3 işçiləri X11 və digərlərinin X4 əmək hüquqlarının pozulması barədə ünvanladığı müraciətlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X19 xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. X19 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 16.11.2020-ci il tarixində zəruri sənədlərin tələb edilməsi barədə X7 məktub ünvanlanmışdır. 7 gün ərzində məktub cavablandırılaraq zəruri sənədlər təqdim edilmişdir. 08.01.2021-ci il tarixində X4 hüquq məsləhətçisi vəzifəsində çalışan Könül Ələsgərova etibarnamə əsasında nümayəndə kimi xəstəxananın adından Nərimanov rayonunda yerləşən X19 xidmətinin Bakı şəhər İdarəsində araşdırılmada iştirak etmiş və əvvəlcədən tələb olunan sənədləri Yalçın Vəliyevə araşdırma zamanı təqdim etmişdir. X19 xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X6 ünvanlanan 14.04.2021-ci il tarixli, **********2 nömrəli məktubla xəstəxana rəhbərliyi 22.04.2021-ci il tarixində, saat 11:00-da X11 və digərlərinin müraciəti əsasında araşdırılmanın keçirilməsi məqsədilə İdarəyə dəvət edilmişdir. Həmin məktub X6 22.04.2021-ci il tarixində, saat 14:00 radələrində daxil olmuşdur. Xəstəxana rəhbərliyinin iştirakı təmin edilmədən, 22.04.2021-ci il tarixində saat 11:00-da inzibati xəta barədə araşdırılma aparılmış və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol 22.04.2021-ci il tarixli, **********9 nömrəli məktubla X6 göndərilmişdir, həmçinin 22.04.2021-ci il tarixli, **********3 nömrəli məktubla inzibati xəta haqqında işə baxılmasının 30.04.2021-ci il tarixinə saat 11:00-a təyin edilməsi barədə bildiriş məktubu da Xəstəxanaya göndərilmişdir. Hər iki məktub, X6 30.04.2021-ci il tarixində, günorta saatlarında çatdırılmışdır. X3 rəhbərliyinin iştirakı təmin edilməsə də, inzibati xəta haqqında işə baxılmış, X3 baş direktoru X22 barəsində DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən 30.04.2021-ci il tarixində, MN ******* №-li inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərək, 2020-ci ilin oktyabr ayında Covid 19 virusuna yoluxmuş xəstələrə xidmət göstərən tibb işçilərinin əvvəlki aylarla müqayisədə eyni iş saatlarında çalışmaqlarına baxmayaraq əmək haqlarına müvafiq əlavələr əvvəlki aylara nisbətən daha az ödənilməsi əsas gətirilərək onun İXM-nin 192.4-cu bəndinin tələblərini pozduğu irəli sürülərək 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət edilmiş, şikayət onunla əsaslandırılmışdır ki, ilk növbədə araşdırılma zamanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və X3 iştirakı təmin edilməmişdir, yoxlamaların dayandırılması ilə əlaqədar olaraq hazırda tətbiq edilən məsuliyyət tədbiri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında 2 iyul 2013-cü il tarixli, 714-İVQ №-li Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə müşaiyət edilmişdir, Azərbaycan Respublikası Nazirlər kabinetinin 112 saylı 25.03.2021-ci il tarixli qərarına əsasən əmək haqlarına olunan əlavələr düzgün hesablanmışdır, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu halda edilməmiş və məsuliyyətə cəlb edilmişdir. Barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X19 xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında **********7/21 nömrəli, 16.06.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və X19 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 30.04.2021-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqında Qərarı qüvvədə saxlanılmışdır. Hər iki qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 20 oktyabr 2015-ci il tarixli, 1410-1VQ №-li Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında 2 iyul 2013-cü il tarixli, 714-İVQ №-li Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci bəndinə əsasən, Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 14-cü maddəsinə əsasən, Yoxlamaların növü və dövrü 14.1ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Qanunun 16.1.3-cü bəndinə əsasən isə, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünü idarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparıla bilər. Vətəndaş müraciəti əsasında aparılan yoxlamalar bu qanunun tətbiqi dairəsinə düşdüyü üçün, həmin yoxlamalar da Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ №-li Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dayandırılmışdır və aparılan bütün yoxlamaların nəticələrində tətbiq olunan məsuliyyət tədbirləri etibarsızdır. 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ №-li Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eyni zamanda, yoxlamanın aparılması haqqında qərarda nələrin göstərilməsi qeyd edilmişdir ki, onlara da qərarın nömrəsi və tarixi, yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir), yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı, yoxlamanın növü, sonuncu yoxlamanın növü və başa çatma tarixi, yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə), yoxlayıcının (yoxlayıcılarin) soyadı, adı, atasının adı və vəzifəsi və plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata seçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sözügedən Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. DƏMX-nin Bakı şəhər İdarəsi, öz qərarında qeyd etmişdir ki, oktyabr ayı üzrə əmək haqqının, hesablanmasında pozuntu müəyyən edilmişdir. Görünən odur ki, iddia edilən mövcud inzibati xəta uzanan inzibati xəta olmadığından və bu inzibati xətanın törədilməsindən 5 aydan artıq vaxt keçdiyindən İXM-nın 38-ci maddəsinə əsasən, müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli idi, hətta bu inzibati xəta törədilmiş olsa da belə. Lakin İdarəyə X7 tərəfindən ünvanlanmış məktublarda da qeyd edildiyi kimi X7 təsərrüfat hesablı xəstəxanadır, əmək haqqı əmək müqaviləsi əsasında müəyyən edilir. Həmin işçilərin əmək müqaviləsi üzrə əmək haqları 250 AZN olaraq müəyyən edilmişdir. Uzanan inzibati xətanın anlayışı qeyri müəyyən olsa da, hətta uzanan inzibati xəta olaraq da müəyyən edilmiş olsa idi də belə, inzibati xətanın aşkar edilmə müddətindən 3 aydan artıq vaxt keçmişdir. X3 baş direktoru Musa Abbasovun və ya onun səlahiyyətli nümayəndəsinin araşdırma zamanı iştirakı təmin edilməmişdir, araşdırılma aparılmasının yeri və vaxtı barədə məktublar xəstəxanaya ancaq araşdırılmanın aparıldığı günlər çatdırılmışdır. Musa Abbasovun İXM-nın 61-ci maddəsində nəzərdə tutulan hüquqları məhdudlaşdırılmışdır. X19 xidmətinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında **********7/21 nömrəli, 16.06.2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 112 saylı, 25.03.2020-ci il tarixli qərarının 1.2-ci bəndinə istinad olunaraq bildirilir ki, işçilərə müddətli əlavələr düzgün hesablanmamışdır. Həmin qərarın 2-ci bəndi isə tamamilə göz ardı edilmiş və nəzərə alınmamışdır ki, 2-ci bənddə isə deyilir ki, Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir. X19 Xidməti mövcud əməli uzanan inzibati xəta kimi qiymətləndirmiş, 08 yanvar 2021-ci il tarixində X3 hüquq məsləhətçisi Könül Ələsgərovanın iştirakı ilə aparılan araşdırılma zamanı tələb olunan bütün sənədlər bir daha Yalçın Vəliyevə əlbəəl araşdırma zamanı təqdim edilmiş. 08 fevral 2021-ci il tarixində mühasib Gülnaz Bağırovanın və Kadrlar şöbəsinin rəisi Qıztamam İsayevanın iştirakı ilə də yenidən həmin sənədlərə baxış keçirilərək müvafiq suallar cavablandırılmışdır. Lakin dövlət orqanı noyabr ayında təqdim edilən sənədlərin mart ayında alınmasını əsas gətirərək öz qanunsuz qərarını əsaslandırmağa çalışır. Beləliklə o, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və 16.06.2021-ci il tarixli, **********7/21 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının və həmin qərarla ona tətbiq edilmiş 1000 manat məbləğində cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 və onun nümayəndəsi X17 hər biri ayrı-ayrılıqda şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və 16.06.2021-ci il tarixli, **********7/21 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərarının və həmin qərarla ona tətbiq edilmiş 1000 manat məbləğində cərimənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmiş, həmçinin izahatında qeyd etmişdir ki, 08.01.2021-ci il tarixində X4 hüquq məsləhətçisi vəzifəsində çalışan Könül Ələsgərova etibarnamə əsasında nümayəndə kimi xəstəxananın adından Nərimanov rayonunda yerləşən X19 xidmətinin Bakı şəhər İdarəsində araşdırılmada iştirak etmiş və həmin tarixdə 2020-ci ilin yanvar-oktyabr ayları üçün müəssisənin icmal hesabatını (işçilərə ödənilən məbləğlər barəsində) ona təqdim etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, X16, nümayəndəsi X10 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndələri Nümayəndə və X9 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 tərəfindən tərtib olunmuş 22 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X16 Covid-19 virusuna yoluxmuş xəstələrin müalicəsində iştirak edən işçilərin əmək haqlarının hesablanmasında və ödənilməsində qanuni pozuntuya yol verməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X15 tərəfindən tərtib olunmuş 30 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 16 iyun 2021-ci il tarixli **********7/21 nömrəli qərarından görünür ki, “X3” baş direktoru X16 barəsində tərtib edilmiş 30 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayət təmin edilməmiş, 30 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır; “X3” 09.02.2021-ci il tarixli 48 saylı cavab məktubundan görünür ki, “X3” işçisi X11 və digərlərinin 01.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixinə kimi Covid-19 virusu ilə yoluxan xəstələrin sayı az olduğuna görə həmin xəstələrin müalicəsində iştirak edən tibb işçilərinə əmək haqqına hesablanan müddətli əlavənin məbləği də az olmuşdur. İşçilərin gecə növbələrinə və bayram günlərinə görə iş cədvəllərinə əsasən tarif vəzifə maaşlarına uyğun olaraq ödənişlər olunmuşdur. Eyni zamanda “X7” 24.03.2020-ci il tarixdən Covid-19 infeksiyasına qarşı müalicə-profilaktik tədbirlərin aparılması məqsədilə xüsusi iş rejiminə keçirilmiş və həmin tarixdən hal-hazıradək xəstəxanada yalnız koronavirusa yoluxmuş xəstələrin müalicəsi aparılmaqdadır. Nazirlər Kabinetinin Operativ Qərargahının 20.03.2020-ci il tarixli qərarı ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 146-cı maddəsinə əsaslanaraq xəstəxananın yuxarıda qeyd olunan tədbirlərdə iştirak etməyən işçiləri vəzifə tarif maaşı saxlanılmaqla vaxtaşırı növbədənkənar ödənişli məzuniyyətə buraxılmışdırlar. “X7” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.01.2012-ci il tarixli, 21 saylı qərarı ilə təsərrüfathesablı xəstəxana olaraq müəyyən edilmişdir. Əmək haqqı əmək müqaviləsinə uyğun olaraq müəyyən edilmişdir; Koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 saylı qərarının 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X8 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müəyyən edilməlidir; “X3” təcili tibbi yardım və xəstələrin qəbulu bölməsinin icmal hesabatından görünür ki, 2020–ci ilin yanvar ayından başlayaraq 2020-ci ilin oktyabr ayına qədər tibb işçilərinə aylıq vəzifə (tarif) maaşlarının 4 misli məbləğində əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 işçiləri X11 və digərlərinin əmək hüquqlarının pozulması barədə ünvanladıqları müraciətlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 Musa Qara oğlunun Covid-19 virusuna yoluxmuş xəstələrin müalicəsində iştirak edən işçilərin əmək haqlarının hesablanmasında və ödənilməsində qanuni pozuntuya yol verməsini əsas gətirərək sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 22 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında qəbul edilmiş 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bundan sonra X22 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə şikayət ərizəsi ilə müraciət edərək barəsində tərtib edilmiş 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, lakin qərarın qanunsuz və əsassız olması ilə bağlı bütün sübutların təqdim edilməməsi əsas gətirilərək şikayət ərizəsi təmin edilməmişdir. Şikayətçinin dəlilləri: a) Azərbaycan Respublikası Nazirlər kabinetinin 112 saylı 25.03.2021-ci il tarixli qərarına əsasən əmək haqlarına olunan əlavələr düzgün hesablanmışdır; b) yoxlamaların dayandırılması ilə əlaqədar olaraq hazırda tətbiq edilən məsuliyyət tədbiri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında 2 iyul 2013-cü il tarixli, 714-İVQ №-li Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə müşaiyət edilmişdir. Məhkəmə, şikayətçinin bu dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş 2020-ci ilin yanvar ayından başlayaraq oktyabr ayına qədər olan müəssisənin icmal hesabatından görünür ki, Koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 saylı qərarının 1.2-ci bəndinə əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X8 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müəyyən edilməsinə baxmayaraq, “X7” tərəfindən həmin qanunun tələbləri pozulmuş və işçilərə 4 misli məbləğində əmək haqqı ödənilməmişdir. Bundan əlavə, inzibati orqan tərəfindən X20 direktoru olduğu “X4” sahibkarlıq sahəsində hər hansı bir plan üzrə və ya plandankənar yoxlama aparılmamış, icraat X18 və digərlərinin ərizəsi əsasında başlanılmışdır. Belə olan halda, məhkəmə şikayətçinin bu dəlillərini əsassız hesab edir. c) müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu halda edilməmiş və məsuliyyətə cəlb edilmişdir. Bu dəlillə əlaqədar məhkəmə qeyd edir ki, X16 və Könül Ələsgərovanın məhkəmə iclasında verdiyi ifadələrindən və şikayət ərizələrindən müəyyən edilmişdir ki, 08.01.2021ci il tarixində X4 hüquq məsləhətçisi vəzifəsində çalışan Könül Ələsgərova etibarnamə əsasında nümayəndə kimi xəstəxananın adından Nərimanov rayonunda yerləşən X19 Xidmətinin Bakı şəhər İdarəsində əvvəlcədən “X3” təcili tibbi yardım və xəstələrin qəbulu bölməsinin icmal hesabatını Yalçın Vəliyevə təqdim etmişdir. Həmin fakt məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında da öz əksini tapmışdır. Belə ki, o, X4 hüquq məsləhətçisi vəzifəsində çalışan Könül Ələsgərova tərəfindən “X3” təcili tibbi yardım və xəstələrin qəbulu bölməsinin icmal hesabatını 08 yanvar 2021-ci il tarixində ona təqdim edildiyini təsdiq etmişdir. Göründüyü kimi, X3 nümayəndəsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən sənəd, yəni işçilərə ödənilən məbləğlər barədə məlumat 08 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X12 təqdim edilmiş və sonuncu tərəfindən həmin vaxt qəbul edilmişdir, bu isə ona dəlalət edir ki, inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqan tərəfindən artıq 08 yanvar 2021-ci il tarixdə inzibati xəta aşkar edilmişdir. Qeyd olunan halı inzibati orqanın nümayəndəsi də mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi 08 yanvar 2021-ci il tarixdə aşkar edildiyindən, inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi müəyyən edilmədiyindən 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53-cü maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə, inzibati xəta hadisəsinin 08 yanvar 2021-ci il tarixdə aşkar edildiyini, qanunvericiliklə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsini, üç ay müddətin 08 aprel 2021-ci il tarixdə bitməsini, inzibati tənbeh vermə haqqında qərarın isə 30 aprel 2021-ci il tarixdə - inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilməsini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar və onun əsasında qəbul edilmiş 16.06.2021-ci il tarixli, **********7/21 saylı inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında qərar ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X16 şikayəti təmin edilsin. X16 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin 30.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və onun əsasında qəbul edilmiş 16.06.2021-ci il tarixli, **********7/21 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar