Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2761/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 378-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhəri, 2025-ci ilin 05-06 mart tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi zamanı dövlət sirri təşkil edən məlumatlarla işləməyə müvafiq buraxılış rəsmiləşdirmədən təyinatların baş tutması aşkarlanmışdır. Bu səbəbdən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 18 mart 2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, 2025-ci ilin 05-06 mart tarixlərində AR KTN-də dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi zamanı dövlət sirri təşkil edən məlumatlarla işləməyə müvafiq buraxılış rəsmiləşdirmədən təyinatların baş tutması aşkarlanmışdır. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin baş idarə rəisi Ramil Hacıyev tərəfindən 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 2025-ci ilin 05-06 mart tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi zamanı dövlət sirri təşkil edən məlumatlarla işləməyə müvafiq buraxılış rəsmiləşdirmədən təyinatların baş tutması aşkarlanmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı X1 18 mart 2025-ci il tarixli izahatından görünür ki, o 17 fevral 2023-cü il tarixdən müvafiq əmrlə Kənd Təsərrüfatı Nazirliyinin elm, təhsil və insan resursları şöbəsinə müdir təyin olunmuşdur. Vəzifədə olduğu müddətdə - Azad Cəfərli aparat rəhbəri, Zemfira Rəhimova xüsusi işlər sektoruna baş məsləhətçi, Yasər Abdullayev hüquq və icra intizam şöbəsinə müdir, İlqar Məhərrəmov "xxxx" ASC-nin idarə heyətinin sədr müavini, X3 texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri, X2 təşkili və monitorinqi şöbəsinə müdir, Elgün Məhəmmədəlizadə "xxxx" ASC-nin idarə heyətinin sədri, X8 Kredit və İnkişaf Agentliyinin sədri, Mehman Veysəlov "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsinə təyin olunmuşlar. Təyin olunmamışdan qabaq onların DTX tərəfindən nomenklatura uyğunluq üçün yoxlanması gərəkdiyini bilməmişdir.Bu halın bir daha təkrarlanmayacağını söz vermişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xüsusi işlər sektorunun əməkdaşı X5 18 mart 2025-ci il tarixli izahatından görünür ki, o 2023-cü il tarixindən etibarən Nazirliyin Xüsusi işlər üzrə köməkçi təyin edilmişdir. Nazirliyin müvafiq əmrinə uyğun olaraq Xüsusi işlər sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. 2025-ci il mart ayının əvvəllərində Dövlət Təhlükəsizliyi Xidməti orqanın əməkdaşları tərəfindən idarələrarası yoxlama təşkil edilmişdir. Yoxlama tədbirləri çərçivəsində Azad Cəfərliyə 2-ci forma üzrə buraxılış, İlham Süleymanova 2-ci forma üzrə buraxılış, Yasər Abdullayevə 2-ci forma üzrə buraxılış, Firidun Tağıyevə 2-ci forma üzrə buraxılış rəsmiləşdirilməmişdir. Sözügedən şəxslərə 3-cü forma üzrə buraxılışlar rəsmiləşdirilmişdir. Aynur Qurbanlıya 3cü forma üzrə, Seymur Səfərliyə 3-cü forma üzrə buraxılış, Elgün Məhəmmədəlizadəyə 3cü forma üzrə buraxılış, Yalçın Camalova 3-cü forma üzrə buraxılış rəsmiləşdirilməmişdir. Bildirirəm ki, yuxarıda qeyd olunan şəxslərin bir qismini vəzifəyə təyin edilərkən məlumatsız olduğundan buraxılışların rəsmiləşdirilməsi gecikdirilmiş və ya bu günədək rəsmiləşdirilməmişdir. Məhkəmə, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 378-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən: 21.1. Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması könüllülük qaydasında həyata keçirilir. 21.2. Dövlət sirri ilə işləməyə, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. 21.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 21.4. Vəzifəli şəxsin və vətəndaşın dövlət sirri ilə işləməyə buraxılması aşağıdakıları nəzərdə tutur: 21.4.1. ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında öhdəlik götürməsini; 21.4.2. dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış olmasını; 21.4.3. bu Qanunun 25-ci maddəsində nəzərdə tutulan qismən və müvəqqəti məhdudiyyətlərə yazılı razılıq verilməsini; 21.4.4. onun barəsində səlahiyyətli orqanlar tərəfindən yoxlama tədbirlərinin keçirilməsinə yazılı razılıq verməsini; 21.4.5. dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın rəhbəri tərəfindən dövlət sirri ilə işləməyə buraxılma haqqında qərar qəbul edilməsini. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan hüquqi şəxslər, vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi zamanı dövlət sirri təşkil edən məlumatlarla işləməyə müvafiq buraxılış rəsmiləşdirmədən təyinatların baş tutması aşkarlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 378-ci maddəsinə əsasən Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.jl Hüquqi şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İnzibati Xətalar Məcəlləsinin 378-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 378-ci maddəsi ilə təqsirli bilənərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2761/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2761/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver