Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2763/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Şəxs 06 mart 2025-ci il tarixdə, saat 10:16 radələrində Xətai rayonu, 8 noyabr prospektində sürücülük hüququ olmadan idarə etdiyi “Changan Qiyuan A05 Plug-İn Hibrid minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan X-Trail minik” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq X2 maddi zərər vurmuşdur. Bakı şəhər DYPİ-nin YNH ispektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 19 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-cü maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-cü maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhər DYPİ-nin YNH ispektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş 19 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, ilk öncə qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası İXMnin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xəta haqqında işlərə aid deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid olsa da, 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid deyildir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə ayrıca inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilməlidir. Bundan başqa, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, inzibati materiala hadisə zamanı zərərçəkmiş şəxs X1 idarə etdiyi “Nissan X-Trail minik” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə hansı məbləğdə zərər vurulması barədə mötəbər sənəd əlavə edilməmişdir. Bununla da, Bakı şəhər DYPİ-nin YNH ispektoru, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolla yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi mümkün hesab edilmir. Beləliklə, məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, protokol natamam olduğundan, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləğini təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə edilmədiyindən, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokola tərtib edildikdən dərhal sonra baxılmalı olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburi olduğundan, lakin Şəxs iştirakı təmin edilmədiyindən və bunun nəticəsi olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş protokol və inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından 19 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından 19 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2763/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2763/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver