Məhkəmə qərarları › İş №3(011)-2766/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2766/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2766/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş X6 İdarəsinin 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə, saat 18:09-a aid olan TŞX. (T.Ş 5001) və (T.Ş 5211) olan video görüntünün sübut olaraq məhkəməyə təqdim edilərək baxış keçirilməsini və qanunsuz tərtib olunan protokola xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2367/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X2 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 18:09 tarixində Y.Səfərov küçəsi ilə hərəkətdə olduğu zaman Azərbaycana gələn Qazaxstan prezidentinin qarşılanması və yola salınmasi ilə əlaqədar yolların baglı olması ilə əlaqədar olaraq DYP əməkdaşlari yolda xidmət apardıqları zaman yolun tıxacdan aradan qaldırılmasına calışırdılar. Həmin tarixdə yolda xidmət aparan DYP əməkdaşının göstərişi ilə avtobus zolağından istifadə etməyi göstəriş vermişdir. Buna sübut olaraq yuxarıda qeyd etdiyi tarixdə 8 Noyabr, Afiyyəddin Cəlilov və Pr.Xocalı küçələri ilə onun hərəkətdə olduğu Y.Səfərov küçəsinin kəsişməsində dayanıb xidmət aparan DYP əməkdaşına T.Ş.K vasitəsi ilə baxılması kifayət edər. Həmin tarixdən bir günün tamamında ona sms gəlmişdir ki, 40 manat cərimə olunub (protokol:EQ********). Tərtib olunan protokol ilə əlaqədar ünvanladığı şikayyətə baxılması ücün BŞDYP idarəsində 106 otaqda polis mayoruna həvalə olunmuşdur. Həmin DYP polis inspektoru ilə birlikdə T.Ş.K. (T.Ş 5001 ) və (T.Ş 5211) baxış keçirdərək həmin vaxtı 3 - DYP əməkdaşının yolu tənzimlədiyini görsələrdə bu günə kimi protokol üzərində qalmaqdadır. Dəfələrlə həmin polis mayoruna zəng edib iradını bildirsə də ona cavabı "Hər şikayyət edənin protokolunu silsək ayın sonunda biz nə maaş alacayıq" deməsi olmuşdur. Həmin polis mayoru bu günə kimi ünvanladığı ərizəyə cavab olaraq və ən əsası da məhkəməyə təqdim etmək üçün hec bir cavab təqdim etməmişdir. Bu barədə DİN 102 xidmətinə dəfələrlə zəng edib bildirsə də bu günə kimi EQ20778807 nömrəli protokol hələdə üzərində qalmaqdadır. Bu barədə 2 dəfə online olaraq DİN iki dəfə də BŞDYP ərizə ilə müraciət etsə də bu günə kimi müraciətinə baxılmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin gün yollarda tıxac olduğundan polis əməkdaşı ona ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa çıxması barədə göstəriş vermiş və o da həmin göstərişə əməl etmişdir. Lakin buna baxmayaraq həmin gün onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş və polis əməkdaşının olduğu videogörüntülər ona təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 18:09-da Yusif Səfərov küçəsi – Perinatal mərkəzin qarşısında “Taksi 4 London Taxis minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9 yol nişanının tələbinə riayət etməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda X2 xx.xx.2024-cü il tarixdə, saat 18:09-da Yusif Səfərov küçəsi – Perinatal mərkəzin qarşısında “Taksi 4 London Taxis minik” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9 yol nişanının tələbinə riayət etməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) göstərilmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 26 aprel 2024cü il tarixli, EQ seriyalı 20778807 saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında şikayətçi X3 izahatında bildirmişdir ki, həmin gün yollarda tıxac olduğundan polis əməkdaşı ona ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış zolağa çıxması barədə göstəriş vermiş və o da həmin göstərişə əməl etmişdir. Lakin buna baxmayaraq həmin gün onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati icraatın aparılmasında onun iştirakı təmin edilməmiş və polis əməkdaşının olduğu videogörüntülər ona təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş X6 İdarəsi tərəfindən 26 aprel 2024-cü il tarixli, EQ seriyalı 20778807 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar