Məhkəmə qərarları › İş №3(011)-2767/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2767/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2767/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X5, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X4 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, tərcüməçi X2 iştirakları ilə xx.xx.1978-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Nərimanabad Ərazi Dairəsi, Balıqçılar qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru X9 tərəfindən X1 barəsində 17 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X9 yuxarıda göstərilən xüsusatları təsdiq edərək, inzibati xəta haqqında protokolun onun tərəfindən tərtib olunduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək göstərdi ki, onun uşağı binanın həyətində olan parkda oynayırdı. Həmin vaxt yanında bir sinif yoldaşı da olmuşdur. Uşaq əvvəl evdə heçnə deməmiş, lakin uşağın yanında olan digər sinif yoldaşı valideynlərinə bu barədə demiş, onlar da həmin uşağı axtarırmışlar. Onun isə bundan xəbəri olmamışdır. Lakin axşam parka gedərkən həmin uşaq onların qabağına çıxmış və həmin vaxt vaxt qızı ona məhz həmin uşağın onu söyüb təhqir etdiyini bildirmiş, o da onun qolundan tutaraq saxlamış və ona valideynləri ilə danışmaq istədiyini bildirmişdir. Həmin vaxt qaçmaq istəyərkən o uşağın qolundan tutub saxlamışdır. Sonradan uşağın valideyni ilə parkda görüşüb uşaqlarının etdiyi hərəkət barədə məlumat vermiş, uşağın valideyni isə onun uşağını döydüyünü iddia etmişdir. Əsl həqiqətdə o uşağı əsla vurmamışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə izahat verərək bildirdi ki, onun doqquz yaşı var, hazırda üçüncü sinifdə oxuyur. Dərslərini yaxşı oxuyur. Parkda oynayarkən bir nəfər qadın onun üstünə gələrək qışqırmışdır. O, qadından nə olduğunu soruşduqda qadın qəfil onun üzünə şillə vurmuş, o qorxaraq ordan qaçmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, uşaq həyətdə oynayan zaman tanımadığı bir qadın onun üstünə gedərək qışqırmış və üzünə şilə vuraraq üzünü dartaraq çıxıb getmişdir. Parkda olan başqa bir qadın həmin qadına yaxınlaşaraq uşağı niyə vurduğunu soruşduqda həmin valideyn uşağı söyüş söydüyü və nalayiq hərəkətlər etdiyi üçün vurduğunu bildirmişdir. Sonradan həmin valideyn ona zəng edərək hadisə barədə məlumat vermişdir. Lakin qaranlıq olduğu üçün o uşağın üzündəki izləri görməmişdir. O, həmin qadına yaxınlaşaraq nə olduğunu soruşduqda həmin qadın uşağı vurmadığını, onu başa saldığını bildirmişdir. Həmin vaxt uşağın üzündə olan izləri görməmişdir. Evdə uşağı çimizdirən zaman uşaq üzünün yandığını bildirmiş, həmin vaxt o uşağın üzünə baxdıqda üzündə olan izləri görmüş və həmin yerə qayıdaraq qadına bunu bildirmək istəsə də qadını orda tapmamışdır. Bundan sonra o polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. X1 ciddi cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə bu müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 34-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Anar İbadov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, X1 əməlində heç bir cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işi başlanıla bilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün aidiyyati üzrə polis bölməsinə həvalə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan 3 aydan çox müddət keçdiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 38.1 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar