Məhkəmə qərarları › İş №3(011)-2768/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2768/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2768/2021 17.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş 17 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 16.07.2021-ci il tarixdə spirtli içki qəbul edərək evə getmişdir, bacısı Sevda ilə sözlə mübahisə etmişdir, sonra isə həyətə düşmüşdür. Bir müddət sonra Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis əməkdaşları ona yaxınlaşaraq Polis Bölməsinə dəvət etmişlər. O isə spirtli içki qəbul etdiyi üçün sözlə mübahisə etmiş və polis bölməsinə getməkdən imtina etmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş, həmin protokolla razılaşmış və etdiyi xətanı etiraf etmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, həmin vaxt sərxoş olduğu üçün özünü idarə edə bilmədiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, 17 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 iyul 2021-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 16.07.2021-ci il tarixli 2/9690 saylı protokoldan görünür ki, tibbi müayinənin nəticəsinə əsasən Şəxs orta dərəcədə sərxoş olduğu müəyyən edilmişdir; İnzibati qaydada tutma haqqında 17.07.2021-ci il tarixli 002985 saylı protokoldan görünür ki, Şəxs 17 iyul 2021-ci il tarixdə saat 09:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı, şahidin ifadəsi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 17 iyul 2021-ci il tarixdən saat 09:00-da protokol tərtib etmək üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «17» iyul 2021-ci il tarixdən saat 09:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 iyul 2021-ci il tarixdən saat 09:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar