Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2774/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nın 253.3.1-ci maddəsi ilə ona 2200 manat məbləğində inzibati tənbeh cərimə tətbiq edilmişdir. Bildirmək isdəyir ki, həmin protokolda onun ünvan 1 ünvanında tikinti işləri zamanı 01 (bir) ədəd tut ağacının qanunsuz kəsməyi qeyd edilmiş, bu səbəbdən İXM-nin 253.3.1-ci maddəsi ilə ona 2200 manat məbləğində cərimə edildiyi göstərilmişdir. Lakin o, həmin ünvanda heç bir ağac kəsməmiş, inzibati orqan tərəfindən obyektiv araşdırma aparılmadan barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd etmək isdəyir ki, həmin qərardan məlumatı olmadığından qərarı 28 07.2023-cü il tarixdə götürmüşdür. Bununla da şikayət vermək üçün tələb olunan müddəti ötürmədiyi nəzərə almağınızı xahiş etmişdir. Hesab edir ki, onun tərəfindən inzibati xəta hadisəsi törədilməmiş, inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməyi əsassız olmuş, bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2200 (ikimin iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Xətai rayonu, Şahin Səmədov küçəsi 39 ünvanında tikinti işləri zamanı 1 ədəd tut ağacının qanunsuz kəsilməsi əsas olmuşdur. Lakin həmin İnzibati tənbeh vermə haqqında qərarda xətanı təsdiq edən hər hansı sübuta istinad edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 27 mart 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2774/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2774/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver