Məhkəmə qərarları › İş №3(011)-2776/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2776/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2776/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə 26 aprel 2023-cü il tarixli, 13000-00433/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 2022-ci ilin avqust ayında Türkmənistan Respublikası "xxxx" şirkətindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfinqən təbii qaz idxal edilmişdir. Eyni zamanda məlumdur ki, təbii qazın idxalı, ixracı yaxud tranzit daşınması boru kəmərləri vasitəsilə aparılır. Lakin idxala dair gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, natamam gömrük bəyannaməsinin verilməməsi şirkətdə mövcud olan texniki problemlər səbəbindən baş vermiş, gömrük bəyannaməsinin gec təqdim olunması isə ixracatçının səhvi ucbatından baş vermişdir. Belə ki, qarşı tərəf təhvil-təslim aktını zamanında təsdiq etməmişdir. Odur ki o, göstərilənlərə əsasən barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru, gömrük xidməti kapitanı Azər Əhmədovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən 2022-ci ilin avqust ayında Türkmənistan Respublikasında fəaliyyət göstərən "xxxx" Dövlət Konsernindən təbii qaz idxal edilmişdir. Lakin yuxarıda qeyd olunan mallara görə müəssisə tərəfindən natamam bəyannamə təqdim edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Qeyd olunmuş müddət pozularaq həmin mallara dair **********8060 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixində təqdim edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat Bölməsinin təhqiqatcısı, gömrük xidməti mayoru X2 tərəfindən tərtib edilmiş İXM-nin 490 və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 aprel 2023-cü il tarixli, 13000- 00433/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən faktiki idxala aid olan natamam gömrük bəyannaməsinin təqdim edilməsi üçün gömrük orqanına müvafiq müraciət daxil olmamış və natamam gömrük bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li qərarının 6.5-ci bəndinin tələbinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Buna baxmayaraq sözügedən idxala aid olan **********8060 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Beləliklə, hüquqi şəxs tərəfindən həyata keçirilən idxal prosesində faktiki olaraq malların gömrük sərhədindən boru kəmərləri vasitəsilə keçirildiyi üçün ilkin olaraq təqdim edilməli olan natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmiş, bununla yanaşı natamam gömrük bəyannaməsi üzrə idxal edilməli olan mallara dair gömrük bəyannaməsinin təqdim edilməsi üçün isə qanunvericilikdə müəyyən edilmiş müddətə (30 gün) riayət olunmayaraq, əslində 2022-ci ilin avqust ayında təqdim edilməli olan gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir; 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən 2022-ci ilin avqust ayında Türkmənistan Respublikasında fəaliyyət göstərən "xxxx" Dövlət Konsernindən təbii qaz idxal edilmişdir. Lakin yuxarıda qeyd olunan mallara görə müəssisə tərəfindən natamam bəyannamə təqdim edilməmiş, həmçinin natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair **********8060 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixində gecikmə ilə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar