Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2779/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhər BPİnin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, xx xxx 1977-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 21 iyun 2021-ci il tarixdə saat 02:04 radələrində idarə etdiyi “Hyundai İ40” minik markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Beton yolu ərazisində hərəkətdə olan zaman müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə saxlanılmış və yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Bakı şəhəri DYPİ YPX-nın inspektoru polis serjantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 iyun 2021-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdə saat 02:04 radələrində idarə etdiyi “Hyundai İ40” minik markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Beton yolunda hərəkətdə olarkən Yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən polis baş serjantı X3 ona yaxınlaşmış və özünü ona “Rəşad” kimi təqdim etmişdir. Həmin vaxtı içkili olmamışdır. Özünü ona Rəşad kimi təqdim edən, əslində isə polis baş serjantı X3 ona alkotestrə üfürməyini bildirmiş, oda texniki vasitəyə üfürmüş, daha sonra Samir öz DYP maşınına getmiş, bir neçə saniyədən sonra geri qayıdıb ona bir də üfürməyini bildirmişdir. O, ikinci dəfə texniki vasitəyə üfürmüş birinci dəfənin nəticəsini polis əməkdaşından soruşmuş və ona heçnə cavab verməmişlər, ikinci dəfə üfürdükdən sonra Samir digər yanında olan əməkdaşa “bu içkilidi, çəkiliş çağır” demişdir. Bunu eşidəndə polis əməkdaşlarına içkili olmadığını bildirməsinə baxmayaraq Samir bu sözləri ilə onu qəsdən təşvişə salmağa çalışmışdır. Daha sonra polis əməkdaşları onun maşınını duracağa aparacağını ona bildirdikdə, o, həkimə getmək istədiyini, həkimdə yoxlanılmasını polis əməkdaşlarından tələb etmişdir. Daha sonra özünü ona Rəşad kimi təqdim edən, əslində isə polis baş serjantı X3 onun maşınında sükana oturmuş və Beton yolundan Yasamalda yerləşən Narkoloji xəstəxanaya doğru maşını sürməyə başlamışdır. Maşında olarkən polis əməkdaşı X3 ona tanış tapmağını, 800 manat ona verməyini və bundan sonra onu buraxacağını bildirmiş, yoxsa 10 bal və sürücülük hüququnun da məhdudlaşdırılacağını ona bildirmişdir. Bu sözlərdən dərin iztirab keçirmiş və həkimə getməyi bildirmişdir. Daha sonra maşında hərəkətdə olarkən polis əməkdaşı X3 ona 800 manat verdikdən sonra hər şeyin yaxşı olacağını, ondan sonra ona birlikdə gedib hardasa oturub yeyib-içmək təklifi etmişdir. Polisin bu əxlaqsız sözündən sonra daha da əsəbiləşmişdir. Həkimə çatdıqda Samir ona hansısa sənədə qol çəkməsini bildirmişdir. O, heç bir sənədə qol çəkməmiş və xəstəxananın qabağında olanda həkimə getmək istədiyini bildirmişdir. Lakin Samir onu həkimə aparmamış və onlar təzədən geri qayıtmışlar, yolda Samir onu bütün şəhəri boş boşuna saat 05:00 radələrindək gəzdirmişdir. Polis əməkdaları ona saxla əmri verən kimi maşını saxlamışdır. Onu elə qarayanız məhkəmə iclasında iştirak edən Samir adlı əməkdaş saxlamış, həmin vaxtı ora heç bir köməkçi polis növbətçisi çağırılmamışdır. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola imza atmadığını, həmin protokola sərxoş olmasını yazmadığını, eləcə də inzibati xəta haqqında protokola da imza atmadığını bildirmişdir. Əgər sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola o imza atsaydı və sərxoş olması ilə razılaşsaydı onda inzibati xəta haqqında protokola da imza atardı. YPXA-nın əməkdaşları tərəfindən saxlanılarkən sərxoş vəziyyətində olmadığını, eləcə də içkili halda maşın sürmədiyini qeyd edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nin DYPİ-yə tabe olan YPXA-nın YPX inspektoru polis baş serjantı X3 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, Şəxs 21 iyun 2021-ci il tarixdə saat 02:04 radələrində idarə etdiyi “Hyundai İ40” minik markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Beton yolu ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə, digər YPX əməkdaşlarına məlumat verilmiş və o, bir az qabaqda digər Yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və texniki vasitə ilə yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Şəxs həkimə aparmış, lakin xəstəxananın qarşısına çatdıqda xanım ağlamağa başlamış, içkili olduğunu qeyd edərək həkimlərdən utandığını, həkimə getmək istəmədiyini, qadın olduğunu və ona kömək etməsini, həmçinin sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola imza edəcəyini bildirmiş, daha sonra həmin protokola imza etmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və xanıma məxsus nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Həmin vaxtı gecə radələri olduğuna görə hal şahidi olmamış və buna görə də sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol tərtib edilərkən hal şahidlərinin iştirakının təmin olunması mümkün olmamışdır. Xanımı həkimə o özü tək aparmış, lakin inzibati xəta haqqında protokol isə xidmət yoldaşı X4 tərəfindən tərtib edilmişdir. Həmin vaxtı Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyindən tərib olunmuş protokolun əsaslı oldğunu qeyd etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında qeyd etmişdir ki, Şəxs 21 iyun 2021-ci il tarixdə saat 02:04 radələrində idarə etdiyi “Hyundai İ40” minik markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, Beton yolu ərazisində hərəkətdə olan zaman müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə saxlanılmış və yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etməsi məlum olmuşdur. Bununla bağlı Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola imza etmiş və içkili olduğunu səmimi olaraq həmin protokola qeyd etmişdir. Protokolun əsaslı olduğunu qeyd edərək Şəxs barəsində izibati tənbeh verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 21.06.2021-ci il tarixdə saat 02:01-də həkimə getmək istəmədiyini, spirtli içki qəbul etdiyini, izahatı özü yazdığını qeyd edərək imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 21.06.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı müəyyən edilmiş və həmin protokolda sürücü Şəxs hüquq və vəzifələri izah olunmuş, sürücü protokolla tanış olmaqdan və imza etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş 21.06.2021-ci il tarixli “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol qanununun tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, «X7» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 69-cu maddəsində göstərildiyi kimi, «işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər». Lakin, Şəxs barəsində tərtib olunmuş “sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda hal şahidlərinin iştirakı ümumiyyətlə qeyd olunmamışdır. Bu da öz növbəsində Şəxs sərxoşluğunun alkotester cihazı ilə müayinə edilməsində və inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirakını, hal şahidlərinin iştirakını, ümumiyyətlə onun sərxoş olmasını şübhə altında qoyur. Məhkəmə hesab edir ki,ümumiyyətlə sərxoş güman edilən şəxsə hər hansısa bir sənədə imza etdirmək qəbul olunmazdır və bu cür əldə edilmiş sübutun istifadə edilməsinə Qanunvericilik yol vermir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zid olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.3 maddəsinə əsasən Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. İş materiallarından göründüyü kimi İXP ******* saylı protokolda xüsusi texniki vasitənin göstəriciləri göstərilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən ”bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir”. Eyni zamanda 75.0.3-cü maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir”. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.”. “Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir”. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.”. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 53.1.1-ci maddəsinə əsasən “inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən “inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin Şəxs müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinin tərkibi ilə məsələni araşdırıb hesab edir ki, qeyd olunan maddə üzrə inzibati məsuliyyətə cəlb etmə məsələsi Daxili İşlər Nazirliyi X9 səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İşlərə baxılması eyni orqana aid olmadığından Şəxs müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair hissədə protokola baxılması Daxili İşlər Nazirliyi X9 səlahiyyətinə aid olduğunundan həmin məsələnin həlli ilə bağlı qərarın surəti məlumat üçün Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin DYPİ-yə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.2.1, 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxılması Daxili İşlər Nazirliyi X9 səlahiyyətinə aid olduğundan, protokol həmin hissədə baxılması üçün Daxili İşlər Nazirliyi Bakı şəhər BPİnin DYPİ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2779/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2779/2021
09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver