Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2788/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Qərardan şikayət vermiş Tolga Küçükavşarın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3- 17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Tolga Küçükavşar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Tolga Küçükavşar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3-17-5/1- 5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Tolga Küçükavşar şikayətini onunla əsaslandırmışdır ki, X10 Tesisat Anonim Şirkəti Azərbaycan Nümayəndəliyinin (bundan sonra "Nümayəndəlik") direktoru cənab Tolga Küçükavşar (bundan sonra "Şəxs") barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən (bundan sonra "Müfəttişlik") tərəfindən tərtib edilən 9 yanvar 2025-ci il tarixli MN №1808417 saylı Qərar üzrə Nümayəndəliyin keçmiş işçisi X1 (bundan sonra "İşçi") etdiyi şikayətə əsasən əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab zamanı İşçiyə verilən ödənişin əmək və məzuniyyət haqlarının hesablanmasında qanun pozuntularına yol verilməsinə görə düzgün hesablanmaması əsası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 192.4-cü maddəsinə istinadən 900 AZN (doqquz yüz manat) məbləğində inzibati cərimə təyin edilmişdir. Cərimə barəsində qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə xx.xx.2025-ci il tarixində şikayət edilmişdir və şəxs və Nümayəndəlik dinlənilmədən 3-17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərar verilmişdir. İşçi, xx.xx.2021-ci il tarixində Nümayəndəliyin İnsan Resursları və İdarə işlər Departamentinin İdarə işlər bölməsinə "Mobilizasiya işçisi" vəzifəsinə işə qəbul edilmişdir. İşçi, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək Nümayəndəlikdə "Supervisor" vəzifəsində çalışmış və xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) maddəsi üzrə, yəni işçilərin sayı və ya ştatların ixtisarı əsası ilə xitam verilmişdir. İşçinin əmək müqaviləsinə xitam verilən zaman, İşçi, son haqq-hesabı alması ilə bağlı ona təqdim edilən sənəddə məzuniyyət, iş vaxtından əlavə və istirahət günü çalışdığı saatlarla bağlı bütün ödənişləri aldığını və Nümayəndəliyə qarşı heç bir iddiasının olmadığını bəyan etmiş və imzası ilə təsdiq etmişdir (İmzalanmış sənəd məktuba əlavə edilmişdir). Əlavə olaraq bildirmişdirlər ki, işçinin iddia etdiyi məzuniyyət dövründə işləməsi həqiqətə uyğun deyil. Müfəttişlik İşçinin bu iddiasının tabellərə əsaslanaraq (məzuniyyətdə olduğu günlərdə tabellərdə adının iş yerində olması) həqiqət olduğunu bildirsə də, Nümayəndəliyin bu addımı atmasının səbəbi işçiyə ediləcək ödənişin daha az olmaması üçündür. Belə ki, ƏM-nin 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu isə son nəticədə məzuniyyət üçün işçiyə aylıq əmək haqqından daha az məbləğdə ödəniş edilməsinə gətirib çıxarır. Beləliklə, işçinin iddia etdiyi məzuniyyət günlərində işə cəlb edilmə iddiası Nümayəndəliyin sırf işçinin xeyrini güdərək atdığı addımdan suiistifadəyə əsaslanıb. Bu iddianın yalan və sui-istifadədən ibarət olduğunu isbat edəcək sadə fakt odur ki, "X10 Təsisat A.Ş"-nin Azərbaycan Nümayəndəliyinin İŞ-376 X9 İnzibati Binası layihəsinin icrası zamanı, işçi, 20 may 2023-cü il tarixində iş yerində xəsarət almışdır. Bu xəsarətin gizlədilməsi tərkibi ilə Nümayəndəliyə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərara əsasən cərimə təyin edilmiş və bu cərimə ödənilmişdir. Xəsarət baş verən gün və xəsarətdən sonrakı bir neçə gün ərzində işçi təbii olaraq iş yerində olmamış, əməliyyat edildiyi üçün rəsmi xəstəlik kağızı ilə əmək qabiliyyətini müvəqqəti itirmiş hesab edilmişdir. Lakin həmin dövrlər üçün belə işçinin adı tabellərdə qeyd edilmişdir. İşçi xüsusilə həmin günlərdə iş yerində olmamasını özü dəfələrlə etiraf etmişdir. Lakin bu fakt qərarı tərtib edən Müfəttişlik əməkdaşları tərəfindən nəzərə alınmamışdır. Qeyd edilən tabellər Nümayəndəliyin özü tərəfindən təqdim edilmişdir. X10 Təsisat A. Ş. XX əsrin ortalarından etibarən inşaat sahəsində ilk addımlarını ataraq günümüzdə yüksək reputasiyalı şirkətlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikasında fəaliyyətə isə 1995-ci ildə nümayəndəliyini təsis etməklə başlamışdır. X10 Təsisat A. Ş. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi illər ərzində Bakı Olimpiya Stadionunun, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin binası, Mərkəzi Bankın inzibati binası, bir çox körpülərin inşası kimi irihəcmli və strateji layihələri uğurla icra etmişdir. Nümayəndəlik, həmçinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarının yenidən qurulmasında fəal iştirak edən öncül şirkətlərdən biridir. Yuxarıda qeyd edilən reputasiya və peşəkarlığa malik bir qurumun özünün təqdim etdiyi tabellərlə bilərəkdən İşçinin məzuniyyət günlərində işlətdiyini qeyd etməsini, bəyan etməsini gözləmək sadəcə gülüncdür. Bundan başqa, Müfəttişliyin əməkdaşları işçiyə əlavə saatlara görə edilən ödənişlərin ödəniş qaydasında yanlışlıq olduğunu, ödənişlərin son haqq-hesab zamanı deyil, hər ayın sonunda ödənilməli olduğunu bildirmişlər. Qeyd edilən məsələ ilə bağlı (yəni iş saatlarından əlavə saatlara görə ödənişin məhz hər ay ödənilməsi ilə bağlı) ƏM-də və ya hər hansı digər qanunvericilik aktında norma yoxdur. Əksi olaraq ƏM-nin 83.4- cü maddəsində “...son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr)" kimi qeyd edilir. Göründüyü kimi, ƏM son haqq-hesab zamanı işçiyə ödənilməli olan əməkhaqqını da nəzərdə tutur. Bu da əlavə saatlara görə (hansı ki, əmək haqqı hesab edilir) ödənişlərin son haqq-hesab zamanı edilə biləcəyini göstərir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3-17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Tolga Küçükavşarın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3-17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, birinci məsələ odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə görə, bazar günləri, istirahət günlərində işləməsinə görə işçiyə əmək haqqı hər ayın sonunda ödənilməlidir. Əmək haqqı da 2 formada ödənilməlidir: ya avans formasında ayda 2 dəfə, ya da illik dövrə görə ayda 1 dəfə. Həmin şəxsin son haqq-hesabından görünür ki, işə cəlb edildiyi 2022-2023-cü illərdə bazar günləri işə gəlibsə, onun pulu son haqq-hesab ödənildiyi zaman ödənilib. İkinci məsələ odur ki, "xxxx" QSC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məlumata əsasən, işçiyə məzuniyyət haqqı ödənilməyib. Qərardan şikayət vermiş şəxsin nümayəndəsinin izahatında qeyd etdiyi kimi işçi məzuniyyətə çıxıb amma adı tabeldə qeyd edilibsə də, həmin ödənişin təyinatı əmək haqqı və avans olaraq göstərilib. Bu da o deməkdir ki, işçiyə məzuniyyət haqqı verilməyib. Məzuniyyətə çıxmaq haqqında əmr ola bilər ki, olsun amma məzuniyyət haqqı ödənilməyib. Bununla da əmək qanunvericiliyinin qaydaları kobud şəkildə pozulmuşdur. Qeyd edilənləri və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3-17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarının qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3-17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Tolga Küçükavşar tərəfindən barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət təmin edilməmiş və dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixində "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən həmin şirkətin İnşaat şöbəsinin İnşaat işləri üzrə supervisoru X2 onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 234/K saylı əmrdən görünür ki, "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən həmin şirkətin İnşaat şöbəsinin İnşaat işləri üzrə supervisoru X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan X3 tərəfindən "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, işə girdiyi gündən hazırki vaxtadək işlədiyi bütün istirahət, iş vaxtından artıq iş, bazar günləri, bayram günlərinin ikiqat haqqını həmin gün almışdır və heç bir iddia və narazılığı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Tolga Küçükavşar tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3-17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" İnşaat ve Tesisat Anonim Şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Tolga Küçükavşar tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 3- 17-5/1-5582/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2788/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2788/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver