Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2800/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Hüseyn Cavid Vaqif oğlu, Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində 25 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə keçirilmiş və müayinə zamanı narkotik vasitədən MOP (+) və OPİ (+) istifadə etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar Şəxs barəsində MN seriyalı, ******* saylı, 25 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2021-ci tarixli qərarından Şəxs müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2021-ci il tarixli qərarının ləğv olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 ay müddətinə inzibati həbs edilməsinə dair 25 iyul 2021-cı il tarixli qərarı, həmçinin həmin məhkəmənin hazırki iş üzrə 25 iyul 2021-ci il tarixli inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İş materiallarından görünür ki, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulan hüquqları barədə bildiriş” Şəxs tərəfindən imzalanmamışdır ki, bu da həmin bildirişin ona təqdim edilmədiyinə, belə olan təqdirdə ona hüquq və vəzifələrinin izah olunmadığına, bildirişin sadəcə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xətai RPİ 35-ci PB-nin polis sahə inspektoru X1 tərəfindən imzalanaraq formal olaraq işə əlavə edildiyinə dəlalət edir (səh:7). Eyni zamanda 25 iyul 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda şəxsə hüquq və vəzifələrinin izah olunmasına dair hissədə Şəxs imzasının olmaması yuxarıda qeyd edilən halı, yəni ona hüquq və vəzifələrinin izah olunmadığını bir daha təsdiq edir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 90.2-ci maddəsinə əsasən inzibati qaydada tutma haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir. 100.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İş materiallarına əlavə edilmiş 24 iyul 2021-ci il tarixli tutma haqqında protokoldan və 25 iyul tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolların heç biri Şəxs tərəfindən imzalanmamış, hər iki protokolda sadəcə şəxsin soyadının yazılması ilə kifayətlənilmişdir və eyni zamanda onun protokolları imzalamaqdan imtina etməsinə dair hər hansı bir qeyd də yoxdur ki, bu hallar da protokolun ümumiyyətlə barəsində inzibati icraat aparılan şəxsə təqdim olunmadığına, bununla da, şəxsin özü barəsində hansı inzibati xətaya görə icraat aparıldığını bilmək hüququndan məhrum edildiyinə dəlalət edir. Həmiçinin qeyd olunmalıdır ki, Xətai RPİ 35-ci PB-nin rəisinə Şəxs adından guya müdafiəçidən imtina etməsinə dair 25.07.2021-ci il tarixli ərizə təqdim edilmiş, lakin həmin ərizə şəxsin özü, yəni Şəxs tərəfindən imzalanmamışdır ki, bu hal da barəsində qərar qəbul edilmiş şəxsin müdafiə hüququnun pozulmasına əsas verən haldır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs narkotik vasitələrdən istifadə edib-etməməsinin aydınlaşdırılması üçün müvafiq iş üzrə iki dəfə müayinədən keçirildiyi halda, müayinə nəticələrindən yalnız birinin (hansı ki şəxsin narkotik vasitədən istifadə etməsini təsdiq edir) inzibati xəta haqqında məhkəməyə təqdim edilən iş materiallarına əlavə edilməsini məhkəmə kobud pozuntu kimi qiymətləndirir. Qeyd olunanan hallar təqdim edilmiş materialların natamam olmasına dəlalət edir ki, bu hal da inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-2800/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2800/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver