Məhkəmə qərarları › İş №3(011)-2832/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2832/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2832/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs Zeynal-X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-421/2015 saylı icra sənədi üzrə olan tələb Şəxs tərəfindən icra olunmamış və o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək cavabdehə tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Lakin Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-421/2015 saylı icra sənədindən xəbəri vardır. Lakin icra sənədində qeyd olunan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 96-cı mənzilindən çıxmaq niyyətində deyil. Beləliklə o, göstərilənlərə əsasən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 qızı izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-421/2015 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 35000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 96-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Lakin icra sənədi üzrə tələb bu vaxtadək Şəxs tərəfindən icra edilməmiş və o, həmin mənzildən çıxmamışdır. Beləliklə o, Şəxs məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-421/2015 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X1 35000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 96-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-421/2015 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmişdir; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-421/2015 saylı icra vərəqəsinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdehlər Şəxs və X1 35000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 49 saylı evin 96-cı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmalarnın qət edilməsinə baxmayaraq, Şəxs tərəfindən bugünədək həmin mənzildən çıxmamışdır ki, qeyd olunan hal onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı övladının olmasını (İXM-32.2) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar